1341 baxış
Bu yazını paylaşın
Müsahibə

Zəngilanda 17 saat…

26 Noyabr 2020

Sentyabrın 27-də ordumuz düşmənin hücumunu dəf edib əks-hücumlara başlayanda ürəyimə dammışdı ki, bu dəfə Zəngilanımız azad olunacaq. Eyni hisslərə bənzər hissləri 2016-cı ilin aprelində də yaşamışdım. Lakin bu dəfə hisslərlə yanaşı məntiqim də Qarabağın azad olunacağını deyirdi. Çünki prosesləri təhlil etdikcə görürdüm ki, düşmən təxribatlara, üzərimizə hücumlara hazırlaşırsa da Azərbaycan da boş dayanmır.

Ordumuzun hücumları davam etdikcə biz də öz Zəngilan planlarımızı hazırlamağa başladıq. Dostlarımızla mütəmadi görüşlər keçirərək rayonumuzun azad olunmasından sonra onun iqtisadi inkişafında, quruculuq işlərində bizim necə fayda verə biləcəyimiz barədə düşünməyə və layihələrimizin ilkin prototiplərini hazırlamağa başladıq. Hal-hazırda əlimizdə 20-dək layihəmiz var ki, Zəngilan üçün etməyi planlaşdırırıq. Bu işdə bütün yerli və xarici partnyorlarımızı əməkdaşlığa cəlb etmişik. Yeri gəlmişkən, əlbəttə, hər bir addımda dövlətin müvafiq təşkilatları ilə, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə koordinasiyalı addım atmağı planlayırıq.

Hazırladığımız planların başında vəziyyətlə yerində tanış olmaq üçün mümkün ilk fürsətdə Zəngilana getmək dayanırdı. Nəhayət, oktyabrın 20-də Ali baş komandan Zəngilanın azad olunmasını özünəməxsus emosiya və həyəcanla elan etdi. Bu hisslər möhtəşəm idi, amma onu bir daha yaşamaq istəməzdim. Və inanıram ki, yaşamayacağam da. Çünki bu hisslər ancaq torpağı işğaldan azad edilmiş insanın hissləridir. Biz isə bir daha torpağımızın işğalına imkan verməyəcəyik!

Beləliklə, Zəngilan azad olunandan bir qədər sonra rayona getmək üçün müvafiq məsləhətləşmələr etdik və dövlət orqanlarından razılıqların alınması barədə müzakirələr aparmağa başladıq. Təbii ki, 10 noyabr üçtərəfli sülh bəyanatının imzalanmasına qədərki dönəmdə rayona getmək mümkünsüz idi.

10 noyabr bəyanatından sonra rayondan məlumatlar alırdıq ki, artıq yerlilərimiz müvafiq icazələr əsasında rayona, öz dağıdılmış yurd-yuvalarına baş çəkməyə gedirlər.

Biz də-Yaqub Yaqubov və iş adamı Əfqan Nağdəliyevlə birlikdə 21 noyabr tarixində yola düşdük.

Gedənlər yəqin ki, görüblər, bütün yol boyu iki qardaş dövlətin-Azərbaycan və Türkiyənin bayraqları dalğalanmaqdadır. Dostumuz Yaqub aramızda Zəngilanı ən yaxşı tanıyan idi deyə yol boyu yanından keçdiyimiz hər bir məntəqə, kənd barədə bizi məlumatlandırırdı. Hər postu keçəndə orada dayanan əsgərlərimizin, zabitlərimizin gözlərindəki parıltını, işığı gördükcə adamın ürəyi dağa dönürdü. Biz Zəngilan şəhərinə yaxınlaşanda artıq hava qaralmışdı. Mən isə ürək ağrısı ilə rayondakı zülməti müşahidə edirdim. Həmin an şəxsən, mənim gözümdə yenə o qara işğal gecələri canlanırdı, oralarda bir zamanlar yaşanmış vəhşəti təsəvvür edib öz-özlüyümdə dəhşətə gəlirdim. Nə isə, bütün postları keçib böyük həyəcanla Zəngilanımıza daxil olduq. Bizi Zəngilanın fatehləri qarşıladılar. Gecə yarıya qədər onlarla uzun-uzadı danışdıq, söhbətləşdik. Çox yorğun olsaq da, elə bil rayonumuzun havası bütün yorğunluğumuzu çıxarmışdı. Yüngülcə yağış yağırdı və temperatur 3-4 dərəcə idi. Səhər xeyli yer gəzəsi-görəsi idik deyə, az da olsa yatmaq qərarı verdik və səhər o başdan oyandıq. Hazırlanıb bizi müşayiət etmək üçün ayrılmış əsgərlərlə bərabər yola çıxdıq. İlk getdiyim yer babam İdris Şixəliyevin evi idi. Əslində ora mən uşaq vaxtı görəndə ev idi, indi o evdən heç nə qalmamışdı. Ermənilər xarabalığa çevirmişdi. Oranı o halda görənə qədər ümidim var idi ki, nəhayət, öz evimizi görəcəyəm. Lakin ermənilər məni “təəccübləndirmədi”. Babamın əkdiyi bağ dağıdılmışdı, əvəzində isə hər tərəf donuzlarla doldurulmuşdu. Babamgilin evinin yaxınlığında o vaxt bir dağdağan ağacı vardı. İndi o da yerində yox idi. Ağır mənzərədir. Ev yoxdur, həyət yoxdur, divar yoxdur, ağac yoxdur. Əvəzində qamış, kol-kos basmış həyətlər, yollar qalıb.

Buradan ürək ağrısı ilə, amma eyni zamanda, buraları gözəlləşdirməyin yollarını müzakirə edə-edə ayrıldıq. Yavaş-yavaş qalxdıq köhnə Univermağa tərəf. Mənzərələr demək olar ki, eyni idi. Binalar, evlər dağıdılmışdı. Məscidimizdən ancaq çay daşlarından olan kiçik bir divar qalmışdı. Yaxınlıqda da donuzlar qaçışırdılar. Oradan üzü Pirçivana doğru qalxdıq ki, dostumuz Yaqub da öz evlərinə baş çəksin. Onların evi rayonun gözəl mənzərəli yerlərindən olan “Vışka” adlanan yerdə idi. Təbiət mənzərəsi çox möhtəşəm olan bu məkanda təəssüf ki, Yaqub o zaman yenicə tikdikləri evin yalnız pilləkənlərini tapdı. Ev tamamilə uçurulmuşdu.

Bu yerdə bir məqamı vurğulamaq istəyirəm ki, evlər uçurularaq son mismar, daş və taxtasına qədər talanmışdı. Burada xeyli vaxt keçirdik. Daha sonra Zəngilanın mərkəzinə doğru yola düşdük və xatirələrimizi təzələdik. Dostum Əfqan da öz əzizlərinin evlərinin olduğu yerə baş çəkdi. Burada onun əzizlərinin evlərinin yerində ermənilər özləri üçün ev tikmişdilər. Hiss olunurdu ki, bu evdə yaşayan olub. Həyətində arı pətəkləri, bağ sahəsi və s. kimi əlamətlərdən insan yaşayışı hiss olunurdu. Buradan sonra Pirçivandakı ikimərtəbəli yaşayış binalarının olduğu əraziyə getdik. Burada dayım, Birinci Qarabağ müharibəsinin döyüşçüsü rəhmətlik Arif Şixəliyevin evi var idi. Bura biz həm də Yaqubun yaşadığı və uşaqlıq illərini keçirdiyi məhəlləsinə baş çəkmək üçün gəlmişdik. Lakin  buradakı mənzərə də digərlərindən fərqlənmirdi. Bütün binalar tamamilə uçurulmuşdu. Bu ərazilərdə, ümumiyyətlə, insan əlaməti yox idi. Hər tərəf küçə itləri ilə dolu idi.

Bu əraziləri gəzərkən gördüyümüz mənzərə bizi məyus etsə də ayağımızın öz müqəddəs torpağımıza dəydiyini və alnı açıq, dik qamətlə yeridiyimizi müşahidə etdik. Bu hislər dağıdılmış, məhv edilmiş ərazilərimizi yenidən qurmaq üçün bizə güc və enerji verirdi. İnanıram ki, biz Qarabağı yenidən cənnətə çevirəcəyik!

Rayon mərkəzini, dövlət idarələrinin yerlərini də gəzdik. Ən əsas və hal-hazırda hər bir zəngilanlı üçün xüsusi bir əhəmiyyətə malik olan yerə, Zəngilanın azad olunmasının Ali baş komandana məruzə edildiyi məkana gəldik. Bayrağımızın dalğalandığı yerə! Daha sonra Yaqub bizi rayonun məktəblərinə tərəf apardı. Gedib gördük ki, rayonun  1 və 2 saylı məktəbləri son daşına qədər sökülərək daşınıb. “Mənə bir hərf öyrədənin bir ömür xidmətində dayanaram” düşüncəsində olan bir xalqın nümayəndələri olaraq məktəbin –  sivilizasiyanın ən vacib məntəqəsinin, dağıdılmasının şokundan isə hələ də ayıla bilməmişik. Məktəbləri dağıtmaq vandalizmin və faşizmin, yəqin ki, son mərhələsidir!

Rayon mərkəzini gəzib dolaşdıqdan sonra mənim ata yurdum olan Kənd Zəngilana getdik. Mənim uşaqlıq xatirələrimin bol olduğu bir yerə. Yol boyu kəndlərimizi göstərən yol nişanlarını gördükcə kövrəldik, sevinc göz yaşları tökdük. Bu qələbəni qazanan və millətin əyilmiş qamətini dikəldən hər kəsə dualar etdik. “Zəngilan Kənd” yol nişanını görəndə az qalmışdı ki, sevincimdən qanadlanım. Kəndin içərisinə daxil olduq və irəlilədikcə kəndimizin tanınmaz hala düşdüyünü gördük. Demək olar ki, irəliləmək qeyri-mümkün idi. Əslində kəndimizin yolları çox geniş idi. O geniş yollardan isə qəti əsər-əlamət qalmamışdı. Kol-kos, qamışlıq bütün yolu bağlamışdı. 150-200 metr irəlilədikdən sonra daha irəliləməyin mümkün olmadığını görüb geriyə qayıtmaq məcburiyyətində qaldıq.

Düşündüm ki, artıq Zəngilan bizimdir, bu dəfə alınmadı, gələn dəfə də gələcəyəm, tez-tez gələcəyəm və kəndimizdə tikəcəyimiz evimizin bünövrəsini qoyacağam. Kəndimizdə mümkün olduğu qədər gəzdik. Hətta nar da yedik. Bizim rayonun narları və xurmaları ixrac bazarlarında Göyçay meyvələrinin əsas rəqibi olacaq. Çox dadlıdırlar!

Kənd Zəngilanla “sağollaşıb” getdik yenidən şəhər Zəngilana Oxçu çayına baş çəkməyə. Oxçu çayı hər bir zəngilanlının həyatında mütləq ən azı bir xatirə ilə yadda qalıb. Dostlarımızla çayda əl-üzümüzü yuyub oturduq çay kənarında və bizi müşayiət edən aslan əsgərlərimizlə öz xatirələrimizi bölüşdük. Əsgərlərimizə də çoxlu dualar etdik. Allahın şəhidliyi hər kəsə qismət etmədiyini, bu şərəfli adı yalnız ona layiq olanlara verdiyini bilirdim. Orada şahidi oldum ki, Allah qaziliyi də hər kəsə nəsib eləmir. Aslanlarımız çox səmimi, təvazökar, amma təvazökar olduqları qədər cəsur, qorxmaz olduqlarını hər hərəkətləri ilə nümayiş etdirirdilər. Qısa bir zaman ərzində onlarla qardaşlaşmışdıq!

 

Oxçu çayı ilə də vidalaşdıqdan sonra qayıtdıq Zəngilan fatehi olan qardaşlarımızın yanına. Onlarla da son hal-əhvalı tutub, halallaşıb, sağollaşıb üz tutduq paytaxta. Zəngilandan çıxmamış Alıbəyli və Məmmədbəyli kəndlərinə də baş çəkdik. Məmmədbəyli türbəsini ziyarət etdik. Həkəri çayı üzərindən keçdik. Göz oxşayan Xudafərin su anbarına baxıb bölgəmizin gələcəyinin çox parlaq olacağı ilə bağlı fikir birliyinə gəldik. Doğrudan da Xudafərin su anbarının bu bölgənin gələcək inkişafında xidmətlərinin müstəsna olacağı şübhəsizdir.

 

Biz Zəngilana günün qaranlıq saatında gəldiyimizdən yol kənarlarında olanları müşahidə etmək imkanımız olmamışdı. Geriyə qayıdarkən yol kənarlarında salınmış nar və üzüm bağlarını, taxıl zəmilərini, müasir damlama suvarma sistemləri və pivotları gördük. Demək ki, düşmən bu ərazilərin aqrar potensialından maksimum istifadə edirmiş. Lakin ermənilərin Zəngilanın mərkəzi bölgələrini səliqəsiz, kol-kos, qamışlıq basmış, donuz mələşən yerlərə çevirməsi onların hansı imkanlara malik olduğunu açıq göstərirdi.

 

Nə isə, dostlar, çox uzatmayım. Bir sözlə, biz artıq Zəngilana qayıtmışıq, Zəngilandayıq, Şuşadayıq, Qarabağdayıq! Bundan sonra biz bu əraziləri heç zaman tərk etməyəcəyik. Burada yurd salacağıq. Övladlarımızı burada tərbiyə edib, dövlətimizə, ölkəmizə, millətimizə layiqli vətəndaşlar yetişdirəcəyik.

 

Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…