248 baxış
Bu yazını paylaşın
Siyasi

Vyetnamda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

10 Dekabr 2021

Azərbaycanın Vyetnamdakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

‘TELEJURNAL’ Səfirlikdən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, tədbirdə Vyetnamın dövlət qurumlarının rəsmiləri, diplomatlar, neft və digər şirkətlərin nümayəndələri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları, jurnalistlər iştirak ediblər.

Səfir Anar İmanov ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu, öz həyatını doğma xalqına həsr etdiyini, bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını vurğulayıb. Diplomat sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımlarının xalqımızı böyük bəlalardan xilas etdiyini qeyd edib. Bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti və dönməz əqidəsi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradaraq, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

A.İmanov hazırkı yüksəksəviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin də məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırladıb. Qeyd olunub ki, Heydər Əliyevin iştirakı ilə Sovet İttifaqı tərəfindən Vyetnama hərtərəfli yardım göstərilib, onun səyləri nəticəsində minlərlə vyetnamlı Azərbaycanın ali təhsil ocaqlarının məzunu kimi vətənə mütəxəssis qismində qayıdaraq, ölkənin inkişafına böyük töhfə verib.

Səfir Ulu Öndərin təməlini qoyduğu siyasətin onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini bildirib. Vətən müharibəsində şanlı ordumuzun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirən səfir, bu Zəfərin təməlinin Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə qoyulduğunu vurğulayıb.

Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının sədri Nqhiem Vu Khai Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzsiz olduğunu söyləyib. Natiq Azərbaycan xalqının Ümummilli Liderinin fəaliyyəti haqqında çoxsaylı materiallara nəzər saldıqda Heydər Əliyev şəxsiyyətinə və fəaliyyətinə dərin ehtiramla yanaşdığını vurğulayıb. Nqhiem Vu Khai qeyd edib ki, Heydər Əliyev tərəfindən təməli qoyulan strategiya sayəsində Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı. O, Vyetnam xalqının işğalın nə demək olduğunu yaxşı anladığını vurğulayaraq, Vyetnamın da on illərlə davam edən müharibələr nəticəsində öz ərazilərini azad etməyə nail olduğunu bildirib.

Assosiasiyanın sədri Heydər Əliyevin Azərbaycan-Vyetnam tarixi dostluq əlaqələrinin təməlini qoyan bir şəxsiyyət olduğunu bildirib. Ölkəmizdə səfərdə olarkən Heydər Əliyevin qurduğu Azərbaycanda müşahidə edilən böyük inkişafın şahidi olduğunu diqqətə çatdıran Nqhiem Vu Khai Azərbaycanı Zəfər münasibətilə təbrik edərək xalqımıza sülh və tərəqqi arzuladığını deyib.

Tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi ilə tanış olublar. Səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.

https://azertag.az/xeber/Vyetnamda_ulu_onder_Heyder_Aliyevin_xatiresi_anilib-1947952

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…