24.10.2024 13:23:56
40 baxış
Bu yazını paylaşın
Siyasi

Vyanada Azərbaycan ilə Avstriya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilib

11 Mart 2022

Vyana Diplomatiya Akademiyasında Azərbaycan ilə Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

” TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Avstriyanın qanunverici orqanı, dövlət qurumları və digər təşkilatların təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yerli mətbuat nümayəndələri, həmçinin Avstriyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli tədbiri giriş sözü ilə açaraq, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixinə toxunub və bildirib ki, hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsən Habsburq sülaləsinin hökmdarlıq etdiyi Avstriya ilə diplomatik əlaqələr qurub. 1918-ci ildə Azərbaycanda Şərqin ilk demokratik cümhuriyyəti qurulanda Avstriya-Macarıstan imperiyası öz diplomatik təmsilçisini Bakıya göndərib.
Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avstriya 1992-ci il yanvarın 15-də Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, 1992-ci il fevralın 20-də isə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub. Azərbaycanın öz səfirliyini açdığı ilk ölkələr arasında Avstriya da yer alır və Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi 1995-ci ildən fəaliyyət göstərir.
R.Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycan Avstriya ilə münasibətlərin inkişafına böyük önəm verir və hər iki ölkənin xalqlarının rifahına xidmət edən bütün sahələrdə əməkdaşlığı gücləndirməyə hazırdır. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanmış sənədlər də mühüm əhəmiyyət daşıyır. Diplomatik əlaqələrin 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen arasında təbrik məktublaşması olub və onlar qarşılıqlı münasibətlərin bundan sonra da dərinləşməsi və inkişafına inam ifadə ediblər.
Səfir sonra iki ölkə arasında indiyədək müxtəlif sahələrdə imzalanmış sənədlər, iqtisadi-ticari əlaqələrin dinamik inkişafı, Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətləri barədə danışıb. Eyni zamanda, qeyd edilib ki, öz coğrafi-strateji mövqeyinə görə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrin həyata keçməsində aktiv iştirak edir və bununla da Avrasiyanın etibarlı nəqliyyat və logistika hablarından birinə çevrilir.
Azərbaycan və Avstriya arasında oxşar cəhətlərə toxunan R.Sadıqbəyli bloklara qoşulmayan hər iki ölkənin effektiv multilateralizm və beynəlxalq hüququn prinsiplərinə söykənən beynəlxalq sistemin tərəfdarı olduğunu, BMT, ATƏT və digər beynəlxalq platformalar çərçivəsində uğurlu əməkdaşlıq etdiklərini ifadə edib.
Səfir tədbirin ərsəyə gəlməsində Vyana Diplomatiya Akademiyasına və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.
Avstriya Xarici İşlər Nazirliyinin Beynəlxalq Mədəni Məsələlər şöbəsinin rəhbəri, səfir Teresa İndyen çıxışında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan bəhs edib, 2013-cü ildə Vyanada təsis olunan Azərbaycan Mədəniyyət Mərkəzi, Bakıda fəaliyyət göstərən Avstriya Oxu Zalı və Avstriya Akademik Mübadilə Xidmətinin Bakı bürosunun mədəni əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Vyana Diplomatiya Akademiyasının rektoru, səfir Emil Briks yubiley tədbirinin rəhbərlik etdiyi elm ocağında keçirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Diplomatik Akademiyası ilə qurulmuş uğurlu əməkdaşlıq və tələbə mübadiləsindən danışıb.
Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Andreas Minnix çıxışında parlamentlərarası diplomatiyanın iki ölkə arasında əlaqələrin inkişafına töhfəsindən bəhs edib.
Azərbaycanın Zalsburq, Tirol və Forarlberq federal əyalətlərindəki fəxri konsulu Mixael Haynritsi isə ölkələrimiz arasında böyük iqtisadi potensialın mövcud olduğunu qeyd edib və fəxri konsulluğun müxtəlif sahələr üzrə iki ölkə arasında sıx əlaqələrin qurulmasına çalışdığını söyləyib.
Çıxışların ardınca Azərbaycan musiqiçiləri bədii proqram ilə çıxış ediblər. Proqramda “Şuşa İli”nin qayəsinə uyğun olaraq Şuşa və Qarabağa həsr olunmuş mahnılar, eləcə də muğam və instrumental əsərlər ifa olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top