21 baxış
Bu yazını paylaşın
Siyasi

Vatikan portalında Azərbaycan səfirinin itkin düşmüş 3890 azərbaycanlının taleyi ilə bağlı məqaləsi dərc olunub

26 Mart 2022

Azərbaycan bir daha beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət edərək Ermənistandan 1990-cı illərin əvvəllərində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirmək üçün onların taleyi ilə bağlı əlində olan bütün məlumatları, eləcə də kütləvi məzarlıqların yerlərinə dair məlumat verməyi tələb etməyə çağırır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin Vatikanın “Agenzia Nova” portalında dərc olunmuş “30 il beynəlxalq fəaliyyətsizlikdən sonra itkin düşmüş 3890 azərbaycanlının taleyinə aydınlıq gətirməyin vaxtı çatıb” adlı məqaləsində yer alıb.
Məqalədə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının yerinin aydınlaşdırılmasının vacibliyinə diqqət çəkilib. Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, eləcə də hadisə şahidlərinin ifadələri əsasında Azərbaycanın Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhəri ərazilərində yeni kütləvi məzarlıqlar aşkar edilib. 1990-cı illərin əvvəllərində itkin düşmüş azərbaycanlılara aid olan çox saylı cəsədlərin qalıqları aşkarlanaraq tibbi müayinə və genetik testlərin keçirilməsi üçün istintaq qrupu tərəfindən eksqumasiya olunub.
Erməni əsirliyindən sağ qalaraq xilas olan azərbaycanlı mülki şəxslər və hərbçilər ifadələrində təsdiq ediblər ki, işgəncələrə, ləyaqəti alçaldan və digər qeyri-insani rəftarlara məruz qalan onlarla azərbaycanlının cəsədi hərbi yük maşınlarına daşınaraq, qeyd olunan ərazilərdəki kütləvi məzarlıqlarda basdırılıb. Hadisə şahidlərinin ifadələri və digər istintaq materialları əsasında aidiyyəti orqanlar ehtimal edir ki, tapılan qalıqlar qeyd olunan ərazilərdə dəfn olunmuş şəxslərin cüzi bir hissəsini təşkil edir və hazırda digər dəfn yerlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vurğulanıb ki, belə sübutların sayı artır və Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlərin araşdırılması istiqamətində heç bir addım atmadığı üçün cinayətkarların cəzasız qalması davam edir. Azərbaycanın ardıcıl çağırışlarına və Ermənistan tərəfi ilə ən yüksək səviyyədə silsilə müzakirələrə baxmayaraq, bu ölkənin kütləvi məzarlıqların və ya itkin düşmüş azərbaycanlıların yerlərinin aydınlaşdırılmasına kömək edə biləcək hər hansı oxşar məlumatların verilməsində əməkdaşlıqdan yayınmağa çalışması narahatedicidir.
Məqalədə diqqətə çatdırılıb ki, qanunun aliliyi, ədalət, eləcə də münaqişədən sonrakı normallaşma və barışıq üçün itkin düşmüş şəxslərlə bağlı problemin həllinin son dərəcə vacibliyini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin güclü iştirakı həyati əhəmiyyət kəsb edir.
Bütün itkin düşmüş şəxslərin yerinin aydınlaşdırılması və onlara qarşı törədilmiş beynəlxalq humanitar hüququn kobud pozuntularına görə tam məsuliyyətin təmin edilməsi qanlı münaqişədən sonra davamlı barışığa nail olmağın vacib elementləridir.
“Ədalətin təmin edilməsi təkcə cinayətkarların cəzalandırmasına deyil, həm də belə cinayətlərin qarşısının alınmasına, oxşar qanunsuzluqların təkrarlanmamasına xidmət göstərir, eləcə də hər iki ölkənin və onların xalqlarının dinc və sabit qonşuluqda yaşamasına kömək edir. Münaqişənin başa çatması ilə Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin, Azərbaycana qarşı silahlı təcavüzünün qaranlıq səhifələrinə işıq salmaq üçün əməli addımlar atmasının və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıq etməsinin vaxtı çatıb”, – deyə məqalədə vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…