128 baxış
Bu yazını paylaşın
Müsahibə

Türkiyənin hazırda Rusiyanı bu sazişə qaytarmaq istiqamətində fəaliyyətini müşahidə edirik- İlyas Hüseynov

18 İyul 2023

Ötən il Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə dünyada enerji sektoru ilə yanaşı, ərzaq sahəsinə də ciddi ziyan vurub. Çünki, Ukrayna Qara dəniz üzərindən ən çox ərzaq ixracatını həyata keçirən ölkədir və müharibə səbəbilə Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının təhlükəsiz şəkildə daşınması mümkünsüz hala gəlmişdi.

Demək olar ki, bütün ölkələrdə ərzaq məhsullarının inflyasiyası, hətta bəzi məhsulların çatışmazlığı səbəbilə istehsalında çətinliklər yaşandı. Ukrayna və Rusiyadan taxıl idxal edən ölkələrdə ərzaq inflyasiyanın daha çox mənfi təsirlərini görə bilərik.

Bundan ən çox təsir görən ölkələrdən biri də Türkiyədir. Məhz bu səbəbdən müharibə başlayandan bir neçə ay sonra bu problemin həll edilməsi istiqamətində Ankara ciddi təşəbbüs göstərib. BMT-nin dəstəyi ilə Türkiyə, Ukrayna və Rusiya arasında görüşlər başladı. Nəticədə 2022-ci ilin iyul ayında, BMT Türkiyə, Ukrayna və Rusiya arasında 120 günlük Taxıl Dəhlizi sazişi imzalandı. Bu anlaşma dünyadakı ərzaq böhranını mənfi təsirlərinin azalması, habelə un məhsullarının qiymətlərinin cüzi ucuzlaşmasına effektiv təsir göstərə bilmişdi.

Ancaq Ukraynanın Krım körpüsünü vurmasının ardından bu gün Kreml bu sazişdən ayrıldığını bildirib. Rusiyanın sazişdən ayrılmasının ərzaq böhranını gücləndirəcəyi də istisna edilmir. Ancaq güman olunur ki, Rusiyanın sazişdən ayrılmasının səbəbi Krım körpüsü deyil, çünki Kreml bundan öncə də sazişin əleyhinə mesajlar, açıqlamalar verirdi.

Politoloq İlyas Hüseynov  Telejurnal.az a bildirib ki, bu addım daha çox Qərbə və dünyaya mesaj vermək niyyətini güdür:

“Rusiyanın taxıl sazişindən ayrılması Moskvanın birtəfəli qaydada atdığı addımdır və burada dördtərəfli müstəvidə keçirilən danışıqlar sonrasında taxıl sazişi reallaşmışdı və bu sazişlə yanaşı həm də mineral gübrələrin də dünya bazarına çıxarılması əsas müzakirə mövzusu idi. 120 gün ərzində imzalanan taxıl sazişinin daha sonra müddəti 2 dəfə artırıldı və belə görünür ki, artıq Rusiya bu sazişin müddətinin uzadılmasında lüzum görmür. Bunu Krım körpüsünün vurulması ilə paralel şəkildə əlaqələndirənlər olsa belə, düşünürəm ki, Rusiya bununla hazırki durumda daha çox Qərbə və dünyaya mesaj vermək niyyətini güdür və Krım körpüsünün vurulmasından öncə də sazişdən ayrılmaqla bağlı mesajlar verirdi”.

Rusiyanın daha əvvəlki vaxtlarda bu sazişdən ayrılacağına dair mesajları olsa da, bu baş tutmayıb. Ona görə ki, Türkiyə Moskvanı bu fikirdən daşındıra, sazişin müddətini uzatmağa razı sala bilmişdi. Bəs bu dəfə Ankaranın Rusiyanı sazişə qayıtmağa razı salmaq imkanı var?

Politoloqa görə Ankaranın diplomatik səyləri buna imkan yarada bilər:

“Taxıl sazişinə Rusiyanı qaytarmaq gücündə olan yeganə dövlət Türkiyədir. Türkiyənin hazırda Rusiyanı bu sazişə qaytarmaq istiqamətində fəaliyyətini müşahidə edirik. Burada bütün məsələlərə paralel şəkildə baxmaq lazımdır, çünki həm də İsveçin NATO üzvlüyünə yolunun açılması da məhz Rusiyanı yaxından maraqlandırır, çünki NATO-nun sərhədləri daha da genişlənir, NATO Rusiyaya daha da yaxınlaşır və strateji hədəflərə çatmaq üçün daha da israrlı şəkildə bu gün özünü göstərməkdədir və məhz Ankaranın diplomatik səyləri nəticəsində düşünürəm ki, taxıl sazişinə Rusiyanın yenidən qayıtması halı müşahidə oluna bilər. Əks təqdirdə dünyada ərzaq problemləri və tədarük zəncirində olan qırılmalar yarana bilər, çünki burada loqistik problemlərlə yanaşı, həm də ərzaq təhlükəsizliyi məsələsi formalaşır.

Taxıl sazişi ilə yanaşı, həmçinin mineral gübrələrində dünya bazarına çıxarılması problemi ümumilikdə dünyanın kənd təsərrüfatı sahəsində öz təsirini göstərəcəkdir və bu bəşəri bir problem kimi qarşıya çıxır. Rusiya isə bunu anlayaraq qəsdən bütün dünyanın çətinlik çəkməsi üçün belə bir addım atır, mesajlar verir və yaxud özünün dünyada hegemon mövqedə olduğunu nümayiş etdirməyə çalışır. Amma hazırda Rusiya-Ukrayna müharibəsinin davam etməsilə də dünya iqtisadiyyatında ressesiya, problemlər, çətinliklər daha da özünü büruzə verir. Buna görə də zənnimcə siyasi sahədə bütün təşəbbüslər gücləndirilərək bu problemlərin aradan qaldırılması üçün ortaq məxrəcə gəlmək zəruridir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…