53 baxış
Bu yazını paylaşın
Siyasi

Təbrizdə ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

12 Dekabr 2021

Dekabrın 11-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’ -a istinadən xəbər verir ki, mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin, Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu və konsulluğun əməkdaşları, yerli mətbuat nümayəndələri, İranda fəaliyyət göstərən azərbaycanlı iş adamları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirilib ki, müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə xatırlanır. Müasir Azərbaycanın bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti zəngin təcrübə xəzinəsi və böyük dövlət idarəçiliyi məktəbidir. O, bütün ömrünü Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr etdi. İki fərqli ictimai quruluşda – SSRİ dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev sistemlərin xüsusiyyətlərinin fərqli olmasına baxmayaraq liderlik qabiliyyəti, mükəmməl idarəetmə bacarığı sayəsində xalqı böyük bəlalardan xilas etmiş Azərbaycanı inamla irəli aparmışdır. Onun uğurlu rəhbərliyi sayəsində Azərbaycan Sovetlər Birliyinə daxil olan respublikalar arasında ön sıralara daxil olmuşdur.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi tariximizin ən şanlı səhifələrini təşkil edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etsə də, əfsuslar olsun ki, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdı. Ölkə iqtisadiyyatı tamamilə çökmüş, siyasi böhran kəskinləşmiş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycan xalqı etimad göstərdiyi siyasi xadim Heydər Əliyevə üz tutdu. Heydər Əliyev yenə də vətənin ağır günündə onun imdadına yetişdi.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra qısa zamanda ictimai-siyasi sabitlik təmin olundu, ölkənin potensial imkanları, milli mənafeləri, geosiyasi reallıqlar və bir çox digər amillər nəzərə alınmaqla inkişaf strategiyası hazırlandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni tarixində çox böyük əhəmiyyət daşıyan hadisələrdən biridir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” yeni iqtisadiyyat quruculuğunda önəmli təməl rolunu oynadı. Bu strategiyanın uğurla həyata keçirilməsi ölkəyə xarici sərmayələrin cəlb olunmasına, neft gəlirlərinin insan kapitalının formalaşdırılmasına yönəldilməsinə geniş imkanlar yaratdı. Ulu Öndər yeni şəraitdə ölkənin xarici siyasət istiqamətlərini müəyyənləşdirdi və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirməyə başladı. Heydər Əliyev 2020-ci ildə həll olunmuş Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli, tarixi həqiqətlərə və beynəlxalq hüquqa söykənən mövqeyinin dünya ictimaiyyətinə təqdim olunması və dəstəklənməsinə nail olunması istiqamətində yorulmadan fəaliyyət göstərmişdir.

Beləliklə, ümummilli lider Heydər Əliyev dövlətçilik tarixi baxımından çox qısa bir zamanda Azərbaycanı müstəqilliyini itirməkdən və bir dövlət olaraq yox olmaq təhlükəsindən xilas etdi. Qədirbilən Azərbaycan xalqı öz dahi övladının bütün bu misilsiz xidmətlərini nəzərə alaraq Onu Ümummilli Lider zirvəsinə ucaltmışdır.

2003-cü ildən sonra müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu və əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyev yoluna sədaqətin nəticələridir. 1993-cü ildə öz taleyini ulu öndər Heydər Əliyevə həvalə etmək, onun ətrafında bir yumruq kimi birləşmək Azərbaycan xalqı tərəfindən verilən nə qədər doğru qərar idisə, 2003-cü ildə Heydər Əliyev siyasətinə sadiq qalaraq İlham Əliyevə etimad göstərmək də o qədər ciddi prinsipial əsasları olan müdrik bir addım idi.

Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuş, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Bu gün ulu öndər Heydər Əliyevin yolunda inamla irəliləyən Azərbaycan Respublikası öz milli, tarixi dəyərlərini qoruyur, bu dəyərləri təbliğ edir, dünyada dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı mühüm beynəlxalq təşəbbüslər irəli sürür, sülh və əməkdaşlıq məkanı kimi böyük nüfuz qazanır.

Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin başlatdığı qüdrətli ordu quruculuğu sahəsində də böyük işlər görülüb. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirilib, ordunun arsenalına ən müasir silahlar və texnikalar cəlb edilib, Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırılıb, Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasına daxil olub. Görülən məqsədyönlü işlərin məntiqi nəticəsi olaraq qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad edərək öz adını tarixə qızıl hərflərlə yazdırıb.

Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazanılan zəfərlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Bu gün Şuşa azaddır, Qarabağ azaddır və Azərbaycan xalqı azad olunmuş ərazilərə Böyük Qayıdış üçün hazırlaşır. Bu, Heydər Əliyev ideyalarının zəfəri, İlham Əliyev şəxsiyyətinin qüdrətidir. Bu gün Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və ölkənin inkişafına xidmət edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən yaradıcı tərzdə həyata keçirilən Azərbaycanın xarici siyasət kursunda qonşu dövlətlərlə, o cümlədən tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və davam etdirilməsi prioritet təşkil edir. Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi nəticəsində Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalan hissəsi düşməndən təmizlənib və bütün sərhəd xəttinin təhlükəsizliyi təmin olunub. Bu yeni vəziyyət hər iki ölkə arasında ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İşğaldan azad edilmiş tarixi Xudafərin körpüsünü ziyarət edən Prezident İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb. Cari il noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilən ilk görüşdə də hər iki ölkə xalqları arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olundu.

Tədbir digər çıxışlar və ehsan süfrəsi ilə davam edib.

https://azertag.az/xeber/Tebrizde_ulu_onder_Heyder_Aliyeve_hesr_olunmus_tedbir_kechirilib-1949430

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…