419 baxış
Bu yazını paylaşın
Siyasi

Tariximizi şərəfləndirən Lider

23 Dekabr 2021

Onu artıq çoxdan bütün dünya tanıyır. O, uğurlu siyasətinə, liderlik bacarığına, xarizmatik keyfiyyətlərinə görə dünyanın gözü qarşısında daim yüksəkdə, öndədir. İstər daxili, istərsə də xarici siyasətinə, hücum diplomatiyasına görə dünya ictimaiyyəti tərəfindən qəbul edilən, öyrənilən və təqdir olunan bənzərsiz bir Liderdir. Praqmatik düşüncə tərzindən, hərtərəfli biliyindən, yüksək intellektindən və nümunəvi rəhbər davranışlarından qaynaqlanan uğurlu fəaliyyəti hər bir siyasətçi üçün örnəkdir.

Biz ondan xalqımızın, dövlətimizin yolunda çox şeylər öyrənmək üçün kifayət qədər uğurlu olan liderlik siyasətini dərindən araşdırmalı, strategiya və taktikasını incələyərək mənimsəməliyik. Şübhəsiz ki, söhbət xalqımızın qüdrətli oğlu, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən gedir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı kimi 18 ildir, müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə dövlətimizin başçısı İlham Əliyev, ilk gündən vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı ən yüksək səviyyədə gerçəkləşdirib. Bu müddətdə Prezident İlham Əliyev bütün dünyada öz xalqını hədsiz dərəcədə sevən və sonsuz bir məhəbbətlə sevilən milli lider kimi tanınıb. Prezident İlham Əliyev siyasi sələfi və atası ulu öndər Heydər Əliyev kimi daim xalqın içində olub, xalqı ilə bir yerdə sevinib, onunla birlikdə kədərlənib.

Ötən 18 ildə ölkənin irili-xırdalı elə bir uğuru və çətinliyi olmayıb ki, dövlət başçısı kimi İlham Əliyevin diqqətindən kənarda qalmış olsun. Hər kəsə və hamıya göstərdiyi qayğı və himayədarlıq ona hər liderə nəsib olmayan ümumxalq rəğbəti qazandırıb. Buna görə də xalq onu təkrar-təkrar özünə lider seçib, ətrafında sıx birləşib.

Bütün bunların nəticəsi göz önündədir. Azərbaycan Cənubi Qafqazda ən uğurlu dövlət modeli və regionun ən güclü ölkəsi kimi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin beynəlxalq aləmin həyəcan və narahatlıq doğuran bir sıra məsələlərinə həssas münasibəti, dünya birliyinə fəal qoşulması ilə də qlobal siyasi arenanın qəbul etdiyi müdrik və təşəbbüskar dövlət xadimi səviyyəsinə yüksəlib.

“Ümummilli lider Heydər Əliyevin yaratdığı əsaslar üzərində məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi yüksəlişə qovuşub. Sosial-iqtisadi tərəqqi prosesinə yeni yanaşmalar, bu yöndə çevik qərarların qəbulu müstəqil Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə qaldırıb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə sosialyönümlü siyasət prioritet təşkil edir, insan amili cəmiyyətə yanaşmanın ən yüksək meyarıdır. Tarixən qısa zamanda sürətli və davamlı inkişaf həyatın bütün sahələrini əhatə edib. Regional inkişafın dövlət səviyyəsində hədəfə alınması ilə şəhər və rayonlarımız, ən ucqar məntəqələr yeni, müasir görkəm alıb, həyat standartı hər yerdə yüksəlib.

Xalqımızı ən ağrılı problem kimi narahat edən, düyünə düşmüş Qarabağ münaqişəsinin həlli də Prezident İlham Əliyevin fəaliyyətində ən önəmli məsələ olub. Lakin həddindən artıq uzun sürən sülh danışıqları bir səmərə vermədiyinə görə Ali Baş Komandan İlham Əliyev münaqişənin hərbi yolla həllinə böyük diqqət yetirdi. Düşmən ölkənin qeyri-konstruktiv mövqeyi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar ölkəmizi yeni torpaqların işğalı ilə hədələməsi, məsuliyyətsiz açıqlamaları, nəhayət ötən ilin ortalarında təmas xəttində yeni hərbi təxribatlara gətirib çıxardı.

Lakin bu dəfə düşmən Ulu Öndərin böyük məharətlə qurduğu və Prezident İlham Əliyevin qətiyyətlə Ali Baş Komandanlıq etdiyi, Qafqazın ən güclü hərbi qüvvəsi sayılan, qeyrəti və döyüşkənliyi ilə dünyanı heyrətə gətirən mobil bir ordu gördü. 44 günlük şərəf müharibəsində düşmən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti qarşısında sarsıldı və sözün həqiqi mənasında, diz çökdü”, – deyə deputat bildirib.

O deyib ki, bir əsr əvvəl Türkiyənin istiqlal savaşında məğlub olan düşmən ordusunun generalından soruşulmuşdu: “Axı hər şey hesablanmışdı, qalib olmalı idiniz, niyə uduzdunuz?”. Bu sualın cavabı belə olmuşdu: “Bəli, hər şey dəqiq hesablanmışdı, bircə Atatürk amilini hesablamamışdıq, faciəmiz bununla başladı”. 44 günlük Vətən savaşında da tarix təkrarlandı, türk soyunun düşmənləri eyni aqibətlə üzləşdilər: Ermənistanın siyasi, hərbi hakimiyyəti də Prezident, Ali Baş Komandan İlham Əliyev amilini gerçəkdən unutmuşdu.

Eynilə bir əsr əvvəlki kimi, yenilməz olduğu iddia olunan düşmən ordusu pərən-pərən edildi. Prezident İlham Əliyevin komandanlığı ilə xalqımızın 30 illik həsrəti bitdi, Qarabağın azad edilməsi ilə Vətən yenidən bütövləşdi. Müzəffər Ali Baş Komandan ikili standartlara pərəstiş edən dünya imperializmi ilə savaşaraq bəşəri ədalətin qələbəsini təmin etdi. Vəziyyət o həddə çatdı ki, düşmən ölkələr Prezident İlham Əliyevə həsəd apardı, özlərinə belə qətiyyətli lider arzuladılar.

“Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev taleyin və tarixin Azərbaycana bəxş etdiyi misilsiz bir düşüncə və iradə sahibi, tükənməz liderlik sərvətidir. Biz xoşbəxt xalqıq. Xoşbəxtik ona görə ki, İlham Əliyevlə bir cəmiyyətdə, onun liderliyi ilə yaşayırıq. Bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.

Prezident İlham Əliyevin xalqımıza qazandırdığı Zəfər və şərəf tarixi indiki nəsillərə Vətəni necə sevməyi, onu necə qorumağı öyrədir. Bu sevgi Azərbaycanı yeni zəfərləri ilə xoşbəxt insanlar ölkəsinə çevirir.

Bu tarixi nailiyyətin müəllifi kimi Prezident İlham Əliyev hər birimizin qüruru, sevinci və istinad nöqtəsidir. Ona şükranlığımız, böyük mükafatımız ümumxalq sevgisi və alqışıdır.

https://azertag.az/xeber/Tariximizi_sereflendiren_Lider-1959354

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…