66 baxış
Bu yazını paylaşın
Siyasi

Tariximizdə bir çox “ilk”lərin müəllifi – Prezident İlham Əliyev

24 Dekabr 2021

Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunanda onun cəmi 30 yaşı var idi. Bu gün isə Prezident İlham Əliyevin 60 yaşı bitir. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dünyanın ən qüdrətli ikinci hərbi-siyasi mərkəzi hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlarla dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. O müstəqilliyimizin təməl qoyulan həmin dövrün sadəcə şahidi deyil, Heydər Əliyev siyasətinin fəal iştirakçısı idi. Həlledici an 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu özünə prezident seçdi. Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat deyib ki, son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki sovet keçmişindən ayrılmamağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydındır: ictimai-siyasi təfəkkürdən “postsovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.

Cavanşir Feyziyev vurğulayıb ki, ilk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi. Həmin illərdə İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlətimizin başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innovasiyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.

Deputat deyib ki, ilk dəfə Prezident İlham Əliyev Azərbaycanın Dördüncü Sənaye İnqilabı proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında ölkəmizin lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də Prezident İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə ölkəmizdə yox, dünyanın hər yerində milyonlarla azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də sanki ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi. İlk dəfə o, “Biz – qalib xalqıq!” təsdiqi ilə millətimizin özgüvənini dəfələrlə artırdı.

Hər cümləsi xalqın yaddaşında iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan prezident sözün əsl mənasında yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.

Prezident İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O, nəyi necə etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi. Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin qorunması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialına malik olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və sözün əsl mənasında müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.

C.Feyziyev bildirib ki, dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu Konsepsiya bütün xalqın intellektual potensialının səfərbər olunmasını, bütün dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu. Azərbaycanda bu Konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və sairləri 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafında pillə-pillə təməl qoyuldu. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət Proqramlarının uğurlu icrası Prezident İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.

Onun Prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siyasi praqmatizmin, rasional idarəetmənin və məqsədyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir. Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qorumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun ((ÜDM) həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi ortaq nəticəsidir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursuna, Azərbaycançılıq ideologiyasına, türk dünyası ilə bütövləşmə strategiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən İlham Əliyev bu siyasi kursu heç kimin proqnozlaşdıra bilmədiyi novatorluqla davam etdirdi. O müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.

Deputat vurğulayıb ki, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyəti ilə dərin inam və etibar doğuran ifadəni də ilk dəfə siyasi leksikaya gətirən Prezident İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruktivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni–humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Nəhayət, müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqtisadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrünün ən böyük sınağına girdi və bu sınaqdan möhtəşəm qələbə ilə üzü ağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki Qələbə məğrur Azərbaycan xalqının ikili standartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi Qələbəsi oldu. Bu Qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş Prezident İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.

Bu günlərdə Prezident İlham Əliyev 60 illik yubiley yaşını müdrik dövlət başçısı, bütün dünya azərbaycanlılarının Lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdə kimi qeyd edir. Öz xalqının ən müqəddəs arzusunu – Qarabağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalq bu misilsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

https://azertag.az/xeber/Tariximizde_bir_chox_ilklerin_muellifi___Prezident_Ilham_Aliyev-1960464

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…