243 baxış
Bu yazını paylaşın
Siyasi

Şuşa Bəyannaməsinin təsdiqi Azərbaycan-Türkiyə tandemi ilə davam edəcək yeni regional düzənin başlanğıcıdır

30 Yanvar 2022

Milli Məclisin yaz sessiyası çərçivəsində fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq olunması ilə bağlı qanun layihəsi daxil edilib. Şuşa Bəyannaməsinin təsdiqi iki qardaş ölkənin müttəfiqliyik nümunəsinin məntiqi zirvəsinə yüksəlişi deməkdir. Bu sənədin təsdiqi ilə birgə həm də regionda yeni inkişaf mərhələsinin əsası qoyulur.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, ötən il iyun ayının 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Bəyannamə, həmçinin iki qardaş ölkənin tarixi sınaqlardan birgə, üzü ağ, alnıaçıq çıxdığının, xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının əbədiləşdirilməsinin təcəssümü, eləcə də bu yanaşma və fəlsəfi konsepsiyaya sadiqliyin təntənəsi idi.

Deputat vurğulayıb ki, sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda, hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilib. Bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və bir addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu Bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Şuşa Bəyannaməsindən danışanda burada Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsinə görə isə Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin də təhlükəsizliyinin qarantına çevrilir.
“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmadığını bir daha təsdiq etdi. Çünki iki qardaş ölkə qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə mövcud olan şərtlər nəzərə alınmaqla, onlara tam əməl edilməklə qurulduğunu təsdiq edirlər. Şuşa Bəyannaməsi tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir və sənədin konkret müddəalarına nəzər saldıqda iki ölkə arasında, region ölkələrini əhatə edən və daha geniş geosiyasi məkanda təsir gücü ola biləcək çox aktual və maraqlı məqamları görə bilirik”, – deyə Tamam Cəfərova bildirib.
Deputat sözlərinə əlavə edib ki, iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandemi ilə davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…