84 baxış
Bu yazını paylaşın
Siyasi

Sülhə məram yoxsa sülhməram?

03 Fevral 2022

2 fevral tarixində Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri tərəfindən Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən, Azərbaycana məxsus avtomobil karvanı ciddi surətdə yoxlanılmışdır. İlk baxışdan bu sıradan bir yoxlama olsa da, proses zamanı diqqətiçəkən bəzi məqamlar ortaya çıxmışdır.

İlk öncə qeyd olunmalıdır ki, maşın karvanı Azərbaycan ərazisində, sülhməramlıların təhlükəsizliyə cavabdeh olmadıqları bölgə üzrə hərəkət edib. Maşın karvanının Kəlbəcərə məhz Suqovuşandan hərəkət etməsi sırf hava şəraiti illə bağlı olan bir məsələdir. Bildiyimiz kimi, qış aylarında bu istiqamətdə hərəkət məhdudluğu mövcud olur. Hazırda Ömər aşırımı üzrə tunelin və müvafiq yolun tikintisi üzrə işlər həyata keçirilir. İşlər başa çatdıqdan sonra isə bu marşrut üzrə hərəkətə o qədər də ehtiyac qalmayacaqdır. Bununla yanaşı həmin bölgədə sülhməramlılara məxsus olan postlar da yoxdur. Bu fakt Rusiyanın Müdafiə nazirliyi tərəfindən bölgə üzrə xidməti ərazilərə dair təqdim olunmuş xəritədə də öz əksini tapmamışdır.

10 noyabr Bəyanatına əsasən sülhməramlılar yerləşdiyi bölgədə sülhün qorunması və təmin edilməsi işini təşkil etməlidirlər. Məlum olduğu kimi, hazırda bölgənin müəyyən ərazilərində olan nəqliyyat  yollarından orada yaşayan ermənilərin istifadə etməsi zərurəti vardır. Məhz bu səbəbdən sülhməramlılar həmin yollarda ermənilərə məxsus nəqliyyat karvanlarınının təhlükəsizliyini təmin etmək üçün onları müşayiət etməlidirlər. Bəzi hallarda isə Azərbaycana məxsus olan nəqliyyat vasitələri ermənilərin yaşadıqları ərazidən keçdikdə bu proses eyni ilə təkrar olunmalıdır. Avtombil karvanlarının ciddi şəkildə yoxlanılması isə əsasən Laçın dəhlizi üzrə nəzərdə tutulmuşdur. Çünkü, bu dəhliz Azərbaycan tərəfindən ermənilərə sırf humanitar məqsədlər üçün açılmışdır. Buna görə də həmin dəhliz üzrə Xankəndi və digər ərazilərə hərəkət edən və geri qayıdan nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılmalıdır. Bu sülhməramlıların əsas funksiyalarından biridir ki, onalr tərəfindən mütəmadi olaraq bu qaydalar heç də tam şəkildə icra olunmur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə sülhməramlıların bölgədəki xidmətinin məhz bu cəhəti ilə bağlı tənqidi fikirlərini bildirmişdir.Sonuncu dəfə bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən KİV-nə verdiyi müsahibə zamanı ölkə başçısı bir daha qey edərək bildirmişdir ki: “Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”. Göründüyü kimi, Azərbaycan dövləti tərəfindən bölgədə bütün hərəkətlər izlənilir. Bu sülhməramlıların öz xidmətlərini ikili standartlar əsasında həyata keçirilməsi fikrini ortaya qoyur. Keçən ilin 15 noyabr tarixində Laçın dəhlizinin Şuşa şəhəri yaxınlığından keçən hissəsində erməni milliyətçisi  tərəfindən terror aktının törədilməsi və sülhməramlıların bu hadisə zamanı açıq-aşkar tərəf nümayiş etdirməsi buna bariz nümunədir.

Bəs birdən-birə sülhməramlıların Azərbaycana məxsus olan maşın karvanını ciddi şəkildə yoxlamasının pərdəarxasında nələr dayanır? Bu hansı zərurətdən irəli gəldi? Birincisi, onu bildirmək lazımdır ki, 1 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Şuşa” bəyannaməsini ratifikasiya etdi. 2 fevral tarixində isə bu işi Türkiyə Böyük Millət Məclisi icra etdi. Belə olan halda, Rusiya sülhməramlıların bu yoxlanışı məhz bu tarixdə həyata keçirməsi heç də təsadüfi sayıla bilməz. Bu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Azərbaycana qarşı bu primitiv vasitələrədən istifadə edərək hər hansı bir təzyiqin göstərilməsi olduqca məntiqsizidir. Çünki, Azərbaycan əldə edilmiş sülhün qorunması və 10 noyabr Bəyanatının icra edilməsi istiqamətində ciddi səylər ortaya qoyur. Bu vəziyyətdə aparılan yoxlamalar sadəcə boş vaxt itkisi və ermənilərə tərəfkeş şousu kimi qiymətləndirilə bilər. İkincisi, Rusiya sülhməramlıların bölgədəki xidmətlərinin mandatı ilə bağlıdır. Rəsmi və qeyri-rəsmi məlumdur ki, bununla bağlı Rusiya Azərbaycana dəfələrlə mətnaltı mesajlar vermişdir. Azərbaycan tərəfinin isə bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Belə ki, əgər söhbət mandatdan gedirsə, bu mandatı sülhməramlılara Azərbaycan dövləti təqdim etməli və müvafiq hüquqi sənədlə rəsmiləşdirilməlidir. Lakin, bu məslədə də Rusiya tərəfi Ermənistanı masadan kənarda saxlmaq istəmir və Ermənistanın da bu mandata sahiblənməsini istəyir. Bu halda Ermənistanın Azərbaycanın suveren ərazisində üçüncü dövlətin sülhməramlılarına dair hansısa mandat verməsi beynəlxalq hüquqa və prinsiplərə ziddir. Ən azından ona görə ki, Qarabağ Azərbaycanın tarixi, hüquqi və siyasi cəhətdən ərazisidir və burada bütün imperativ Azərbaycan dövlətinə məxsusdur. Paradaoksal olsa da ermənilər özləri də bunu belə qəbul edirlər. Üçüncüsü isə, sülhməramlıların ünvanına Azərbaycan tərəfindən edilmiş rəsmi tənqidlərə cavab olaraq keçirilmiş yoxlamanı təxribat kimi də qiymətləndirmək olar. Belə ki, yayılmış video materiladan açıq-aşkar müşahidə olunur ki, sülhməramlılarla yanaşı “separatçı rejimin” polis nəfəri və hərbçisi də Azərbaycan nəqliyyat vasitələrinin yoxlanışında iştirak edir özü də böyük həvəslə. Bu yerdə 10 noyabr Bəyanatının 4-cü bəndini bir daha sülhməramlılara xatırlatmaq pis olmazdı. Həmin maddənin icrası bü günə qədər tam şəkildə icra edilməmişdir. Mütəmadi olaraq “separatçı rejimin” rəhbərləri qanunsuz erməni silahlıları ilə görüşlər keçirir, təltiflər verir, yeni səngərlərin qazıntısı və postların qurulması təqdim olunur. Bütün bunlar sülhməramlıların xidmət etdiyi ərazidə baş verir. Qanunsuz erməni silahlılarının bölgədə olması əldə edilmiş sülhə ən böyük təhdidlərdən biridir. Məhz onların hələ də bölgədən çıxarılmaması, azərbaycanlıların həmin bölgələrə yerləşdirilməsinin qarşısını almaq və ümumən bu prosesi gecikdirmək məqsədini güdür. Bu hal həm də “separatçı rejimin” cinayətkar rəhbərlərini Azərbaycana qarşı daha da motivasiya edən element kimi çıxış edir.

Bütün bunlar onu deməyə əsas verir ki, bölgədə xidmət edən rus sülhməramlıları sülhə məramdan çox sülhməramlıdırlar.Orfoqrafik və orfoepik cəhətdən eyni olsa da birinci halda fel, ikinci halda isə isimdir. İnid bölgədə felən aktiv olmaq lazımdır ismən passiv yox.

 

Amid Əliyev

Politoloq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…