33 baxış
Bu yazını paylaşın
Dünya

Süleyman Dəmirəl-Heydər Əliyev qardaşlıq münasibətləri türk dünyasının həmrəylik rəmzidir

17 İyun 2022

Akara, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

“Əziz dostumuz, qardaşımız Prezident Süleyman Dəmirəlin Azərbaycana məhz bu gün – Azərbaycanın dövlət müstəqilliyi günü gəlməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqının milli azadlığı, Azərbaycanın dövlət müstəqilliyi bizim xalqımız üçün nə qədər əzizdirsə, о qədər də Türkiyə üçün əzizdir, türk xalqı üçün əzizdir və bizim qardaşımız Süleyman Dəmirəl üçün əzizdir”.

Ümummilli lider Heydər Əliyev

İyunun 17-si Türkiyə Respublikasının doqquzuncu Prezidenti, Azərbaycanın sevimlisi, ümummilli lider Heydər Əliyevin ən yaxın dostu və silahdaşı, böyük siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anım günüdür.

1924-cü ildə İsparta vilayətinin Atabəy rayonunun İslamköy kəndində anadan olan Süleyman Dəmirəl mənalı həyat və fəaliyyətini qardaş Türkiyənin dövlətçilik həyatına həsr edib. Siyasi fəaliyyəti dövründə 7 dəfə baş nazir postunu qazanan Süleyman Dəmirəl 1993-cü il mayın 16-da doqquzuncu prezident seçilərək qardaş ölkədə dövlət başçısı şərəfinə yüksəlib.

2015-ci il iyunun 17-də 91 yaşına gözlərini əbədi yuman Süleyman Dəmirəl Türkiyədə olduğu kimi Azərbaycanda da xalqımızın sevimlisidir. Doqquzuncu Prezident Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyevin səmimi dostluq və qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə müttəfiqliyinə doğru uzanan əzəmətli yol naminə böyük və sarsılmaz təməl yaradıb.

Hələ böyük dövlət xadiminin öz sağlığında İspartada qurulan “Süleyman Dəmirəlin demokratiyası və inkişaf muzeyi” qardaş Cümhuriyyət tarixinə güzgü salan nadir məkanlardan biridir. Burada türk dünyasının böyük oğlu Süleyman Dəmirəlin zəngin mənalı həyat və fəaliyyətinin ən zərif məqamlarına dair həqiqət nişanələri əksini tapır. Süleyman Dəmirəlin siyasi həyatının Azərbaycan bölümü bu muzeydə xüsusi bir bölmə olaraq qurulub. Orada nümayiş olunan yaxın tariximizin səhifələri təkcə Azərbaycan və Türkiyənin qardaşlığına müttəfiqliyinin deyil, türk dünyasının birliyinə və həmrəyliyinə istiqamətlənən böyük xidmətlərin əks-sədasıdır.

Süleyman Dəmirəl-Heydər Əliyev qardaşlıq münasibətləri türk dünyasının həmrəylik rəmzidir

Siyasi və dövlət xadiminin ən böyük qalibiyyəti zamanı və şəraiti düzgün dəyərləndirərək milli və dövlətçilik maraqlarına uyğun strategiyanın hədəflərinə çatmaq yolunda siyasi iradə və qətiyyət göstərməsidir. Süleyman Dəmirəl və Heydər Əliyev şəxsiyyətlərinin təntənəsinin təməli barədə düşünərkən ilk növbədə Azərbaycan-Türkiyə tarixi qardaşlıq münasibətlərinin yeni təməl prinsipləri xatırlanır.

Beləliklə, dövlətçilik həyatımıza qızıl hərflərlə həkk olunan şərəfli tarixə nəzər salaq: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası 1992-ci ilin martında qoyulub. Ulu Öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib.

Ümummilli liderimiz Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə edib: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.

Bəli tərəddüd etmədən mühakimə yürüdə bilərik ki, xalq tərəfindən “Ümid” körpüsü adlandırılan “Sədərək-Dilucu” körpüsü sözün əsl mənasında ilk növbədə Azərbaycanı, ölkəmizin ayrılmaz parçası olan Naxçıvanı ümidsizlikdən, inamsızlıqdan xilas etmişdir. Sədərək-Dilucu körpüsü Naxçıvanın üstünü alan qara buludları dağıtdı, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsi üçün yeni şərait və zəmin yaratdı.

Süleyman Dəmirəl-Heydər Əliyev dostluq və qardaşlıq münasibətlərinin hər anı, hər günü öz-özlüyündə bir tarixdir. Azərbaycanın uzaqgörən neft strategiyasının həyata vəsiqə qazanması məhz bu iki tarixi şəxsiyyətin birgə qərarları sayəsində mümkün olmuşdur. Hazırda dünyanın aparıcı aeroportları sırasında ciddi rəqabət aparmaq qabiliyyətində olan Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksinin 1999-cu il oktyabrın 18-də türk dünyasının görkəmli şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən birgə açılması tarixi qardaşlıq ənənələrimizə yeni bir çalar qatdı. Həmin gün Prezident Süleyman Dəmirəlin Azərbaycana növbəti səfərinin məhz bu açılışla başlaması iki qardaş ölkənin birlik və həmrəyliyinin sarsılmazlığının nümayişi kimi tarix qazandı.

Səmimi dostluq və qardaşlıq münasibətlərinin təntənəsi!

Süleyman Dəmirəl-Heydər Əliyev dostluq və qardaşlıq münasibətləri Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik irsinə çevrilib. Son otuz ildə ümumi və ortaq tariximizin dərindən təhlili göstərir ki, xalqlarımız, ölkələrimiz, dövlətlərimiz, vətəndaşlarımız arasında tarixi qardaşlığı qoruyan və təkamül etdirən yeganə düzgün yol məhz dəyərlərə və ənənələrə ehtiram edərək onları yaşatmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz ənənələrə sadiq qalaraq səmimi dostluq və qardaşlıq münasibətlərini qorumaqla iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik zirvəsinə qaldırdılar.

Bəhsimizin sonunda bir daha vurğulamaq istərdik ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci, sevincimiz, kədəri kədərimizdir!” ifadələri tarixlərə işıq saçıb, müttəfiqliyimizin gələcək yoluna nur çiləyir. Qarşıda isə daha böyük hədəflər var!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…