208 baxış
Bu yazını paylaşın
Siyasi

Siyasi ekspert: Aİ-nin bəyanatı göstərir ki, Azərbaycanın haqlı mövqeyi ilə bağlı müəyyənləşdirilən “qırmızı xətt” bütün geosiyasi qütblər tərəfindən qəbul edilir

07 Fevral 2022

Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşün yekunlarına dair Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı Azərbaycanın postmüharibə dövrü və regionun gələcəyi ilə bağlı mövqeyinin bütün prinsipial məqamlarını ifadə edir və bu yanaşma rəsmi Bakının öz maraqlarını istənilən müstəvidə qorumaq məharətinin göstəricisi kimi dəyərləndirilməlidir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, politoloq Elçin Mirzəbəyli bildirib.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə və sonra istər informasiya, istərsə də diplomatiya müstəvisində bütün qeyri-obyektiv və ədalətsiz yanaşmaların qarşılığında, özünün beynəlxalq hüququn norma və prinsiplərinə söykənən prinsipial, haqlı və əsaslandırılmış mövqeyini uğurla müdafiə edib, işğalçı üzərində Qələbənin rəmzinə çevrilən “dəmir yumruğu” dəmir məntiqə çevirməyi bacarıb.
“Məhz bu aspektdən, məkanından və iştirakçılarından asılı olmayaraq, Ermənistan rəsmiləri ilə keçirilən bütün görüşlər Azərbaycanın müəyyən etdiyi və reallığı əks etdirən “yol xəritəsi”nin əsas istiqamətlərinin mahiyyətinə uyğun razılaşma, açıqlama və bəyanatlarla yekunlaşır. Avropa İttifaqı və Fransa prezidentlərinin son bəyanatında ATƏT-in Minsk qrupuna istinad edilməməsi, həmçinin sənəddə “Dağlıq Qarabağ münaqişəsi” və hətta “Qarabağ” ifadələrinin yer almaması da ölkəmizin Moskva, Soçi və Brüsseldə keçirilən görüşlərdə nümayiş etdirdiyi prinsipial mövqeyinin növbəti dəfə ortaya qoyulmasıdır. Bu, o deməkdir ki, Azərbaycanın haqlı mövqeyi, milli maraqları ilə bağlı müəyyən və ifadə etdiyi “qırmızı xətt” bütün geosiyasi qütblər tərəfindən qəbul edilir. Bu isə öz növbəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi nəticədən doğan bütün aspektlərin, o cümlədən Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələri üzərində Qələbəsinin legitimliyinin siyasi və hüquqi müstəvidə tanınması, “Qarabağ” mövzusunun gündəlikdən tamamilə çıxarılması deməkdir”, – deyə E.Mirzəbəyli qeyd edib. Siyasi ekspert vurğulayıb ki, üçtərəfli görüşlə bağlı diqqətə alınması vacib olan məqamlardan biri də Fransanın videoformatda keçirilən toplantıda Minsk qrupunun həmsədri kimi yox, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirakıdır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində hazırda mühüm strateji əhəmiyyət kəsb edən rola malikdir və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında müzakirə olunan əsas mövzulardan birinin “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” adlanması da ölkəmizin enerji təhlükəsizliyi məsələsində daha geniş arealda önəmli rol oynayacağını sübuta yetirir. Bu aspektdən rəsmi Paris müharibə zamanı və postmüharibə dövrünün ilk mərhələsində sərgilədiyi əsassız, qeyri-obyektiv və subyektiv yanaşmalarını “dəhliz”in kandarında saxlamaq məcburiyyətindədir. Avropa İttifaqının maraqları və Azərbaycan-Aİ münasibətlərinin mövcud səviyyəsi subyektiv və korporativ yanaşmaları istisna edir. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüş, eyni zamanda, dövlətimizin başçısının Brüsselə səfəri zamanı əldə olunmuş uğurlu nəticələrin davamı kimi də qiymətləndirilə bilər. Çünki Brüsseldə müəyyənləşdirilmiş və əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlərin yer aldığı uğurlu sülh gündəliyi istisnasız olaraq davam etdirilməkdədir.
“Ümumiyyətlə, görüş zamanı müzakirə olunan məsələlər də, mahiyyət etibarilə regiondakı mövcud reallıqlara və bu reallıqların yaradıcısı olan ölkəmizin maraqlarına cavab verir. Bu sırada, bölgədə davamlı sülhün əldə olunmasına və təhlükəsizliyə xidmət edən başlıca amillərin – Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında humanitar məsələlərin həlli, etimad quruculuğu, ölkəmizin üzləşdiyi mina probleminin, kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin və sülh sazişi üzrə danışıqların başlanmasının yer alması da, rəsmi Bakının “yol xəritəsi”ndə yer alan məqamlarla üst-üstə düşür. Bununla yanaşı, UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması da müsbət amil kimi dəyərləndirilməlidir”, – deyə E.Mirzəbəyli bildirib.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qaldığı müddətdə, bütün yaşayış məntəqələrimiz, tarixi, dini və mədəni abidələrimiz darmadağın edilib. Bununla yanaşı, bugünkü Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəniyyətin izlərinin silinməsi üçün misli görünməmiş vandallıq nümayiş etdirilib. Yəni, mahiyyət etibarilə UNESCO-nun Azərbaycana və Ermənistana göndəriləcək missiyası hər iki halda yalnız azərbaycanlılara məxsus irsin dağıdılmasını müəyyənləşdirə bilər. Bunun əksini etmək üçün isə göz önündə olan faktlara deyil, tarixi erməni nağıllarına istinad olunmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…