133 baxış
Bu yazını paylaşın
Siyasi

Siyasi ekspert: ABŞ Prezidentinin təbrik məktubu rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir

24 Mart 2022

Artıq günlərdir davam edən və təhlükəli həddə çatmış Ukrayna böhranı fonunda ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi olduqca əhəmiyyətli hadisədir. Bu, ilk növbədə rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Bu fikri açıqlamasında siyasi ekspert Telman İsa söyləyib. O bildirib ki, Co Baydenin təbrik məktubunda bir sıra məqamlar diqqət çəkir. Məktubun ingilis dili mətnində Novruz bayramı ifadəsi Azərbaycan dilində yazılıb. Kiçik bir detal kimi görünsə də, bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Vaşinqton bununla bir daha göstərir ki, Bakı ilə əməkdaşlığa maraqlıdır və bu, diplomatik yazışmalarda ən incə məqamda da özünü göstərir.
“Baydenin məktubunda daha sonra vurğulanıb ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”. Bayden regional sülhün təşviqi deyərkən, fikrimcə, ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyindən bəhs edir. Vaşinqton iki ölkə arasında sülhün əldə olunmasına töhfə verə bilər. Əlbəttə, bu zaman da mühüm sual meydan çıxır – nə üçün Vaşinqton ötən illər ərzində 20 faiz torpağını itirmiş və 1 milyona yaxın qaçqın və məcburi köçkün ordusu ilə üz-üzə qalmış, problemlərinin həlli üçün milyonlar, hətta milyardlarla vəsait sərf etmiş Azərbaycana ciddi dəstək olmayıb?
Bunu sadə dillə də izah etmək olar – Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib. Yəni ABŞ Vətən müharibəsinin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir. ABŞ, həmçinin Azərbaycanın Cənubi Qafqazda söz sahibi olduğunu, Prezident İlham Əliyevin yürütdüyü önəmli siyasətin mahiyyətini gözəl anlayır. Əvvəlcə qeyd etdiyim kimi, mövcud Ukrayna-Rusiya münasibətində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda, rəsmi Kiyevə humanitar yardımların edilməsi də Azərbaycanı etibarlı tərəfdaş halına gətirir. Hesab edirəm, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir”, – deyə T.İsa vurğulayıb.

Siyasi ekspert diqqətə çatdırıb ki, ABŞ maraqları olmadığı təqdirdə heç bir ölkə ilə münasibətləri göz görəcək səviyyədə inkişaf etdirməz. Bu, Azərbaycanla da belədir. Məsələ ondadır ki, Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq regionda icra etdiyi enerji meqalayihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir. Başqa önəmli məqam – Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini artırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…