32 baxış
Bu yazını paylaşın
Siyasi

Sərhəd təxribatı – kapitulyasiyaya sevinən Paşinyan Aİ missiyasını görüb ürəklənib

12 Aprel 2023

Ermənistan siyasi rəhbərliyi qonşularla dinc, yanaşı yaşamaq siyasəti həyata keçirməyi bacarmır. 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsindən sonra İrəvanın pozuculuq fəaliyyətindən əl çəkib, Azərbaycanla normal qonşuluq münasibətləri quracağını düşünənlərin proqnozları hələ ki özünü doğrultmur.

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmaqla yenidən təxribata əl atıb.

Bu ilk hal deyil, son illər Ermənistan tez-tez təxribatlara əl atır. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmuşdu. Həmin təxribatı ilə Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoymuşdu. Ancaq onda bu istəkləri baş tutmadı. Həmin hadisədən təxminən 2 ay sonra, sentyabrın 27-də erməni hərbçilərinin atəşkəsi pozaraq yeni təxribatçı addımlarına Azərbaycan Ordusu əks-hücumla cavab verdi. Nəticə ermənilər üçün ağır və sarsıdıcı oldu, işğalçı ölkənin ordusu darmadağın edildi. 44 gün davam edən döyüşlər noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Bundan nəticə çıxarmayan Ermənistan 2022-ci il sentyabrın 12-14-də Azərbaycanla şərti dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribat törədib.

İrəvanın sonuncu təxribatı ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin regiona səfəri ilə eyni günə təsadüf edib.

Elə ötən gün, aprelin 11-də Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcəyi barədə xəbər yayılmışdı.

Bütün bu proseslərin fonunda Ermənistan hakimiyyətinin təxribata əl atması rəsmi İrəvanın sülh danışıqlarından qaçmasının göstəricisidir. Bu təxribat bir daha sübut edir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil, əksinə problemin daha da böyüməsində, qarşıdurmanın artmasında maraqlıdır.

Ona görə də sərhədyanı atışmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Heç şübhəsiz, əvvəllər olduğu kimi bu dəfə də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını qətiyyətlə aldı, qarşı tərəf cavab atəşi ilə susduruldu, Ermənistan ordusu çoxlu sayda itki verdi.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasından 2 il 5 ay keçməsinə baxmayaraq Ermənistan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ötən illərdə olduğu kimi, görünür, yenə də regionun qarışmasında maraqlı olanların dəstəyinə arxayındır. Həmin qüvvələr Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistandan və ermənilərdən alət olaraq yararlanırlar.

Bu ölkədə bir-birini müxtəlif yolla, hətta özlərinin iddia etdiyi kimi demokratik seçkilərlə əvəzləyən hakimiyyətlər bir həqiqəti başa düşmürlər. Qonşu dövlətlərlə dinc yanaşı, sülh şəraitində yaşamaq birgə yaşayışın başlıca prinsipidir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edib, Azərbaycanla münasibətləri normallaşdırmaq, sərhədləri müəyyənləşdirmək, sülh müqaviləsi imzalamaq istiqamətində addımlar atmaqdansa son 3 ildə yalnız sərhədyanı bölgələrdə təxribat törədir, Azərbaycan torpaqlarını yenidən işğal etmək kimi cəfəng ideya ilə yaşayır. Halbuki, onların bu sayaq sərsəmcəsinə törətdikləri əməllərdən arxalandıqları qüvvələr faydalanır, erməni xalqı isə uduzur. Əhali əmin-amanlıqda yaşamaq üçün Ermənistanı tərk edir. Bu ölkənin dəyişən hakimiyyətlərinin pozucu fəaliyyəti, köhnə təfəkkürlü ideoloqlarının çürük, hikkəli düşüncəsi, çoxdan tarixə gömülmüş ermənilik ideologiyası mənsub olduqları etnik qrupun ziyanına işləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…