97 baxış
Bu yazını paylaşın
Siyasi

Sabitlik məkanı, inkişaf diyarı

09 Fevral 2022

Naxçıvanın muxtariyyət statusu almasından 98 il ötür. Bu müddət ərzində olduqca mürəkkəb situasiya, çoxsaylı çətinliklərlə üzləşən muxtar respublika zəngin və şərəfli inkişaf yolu keçib. Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində özünün intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.
“TELEJURNAL” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
S.Novruzov qürur hissi ilə qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında – torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüzün bərpa edilməsində digər bölgələr kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları böyük rəşadət nümayiş etdirdilər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan mədəniyyətinin paytaxtı – əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynadılar. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri Ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəldilər. Vətən müharibəsində Naxçıvan 200 nəfərdən artıq şəhid verdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq qərarları əsasında “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldü, orden və medallarla təltif olundular.
Əlbəttə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirmələri yüksək vətənpərvərlik ruhu ilə yanaşı, həyata keçirilən ordu quruculuğunun real nəticəsidir. Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildəki uğurlu Günnüt əməliyyatından sonra tariximizə şanlı Vətən müharibəsi kimi daxil olan savaşda da yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirdi.
Şəhidə ehtiramı ali dəyər olmaqla yanaşı, həm də yüksək vətənpərvərlik nümunəsi kimi dəyərləndirən S.Novruzov deyib: “Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün Naxçıvan Muxtar Respublikasında da bu reallıq aşkar surətdə özünü göstərir. Vətən müharibəsində nümunəvi qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhid Vətən övladlarının Naxçıvanda ehtiramla qarşılanması, Ali Məclisin Sədri Vasif Talıbovun, muxtar respublikanın rəhbərliyinin və əhalisinin qarşılanma mərasimlərində iştirak etməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

Ümumiyyətlə, Naxçıvanda həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının ailələrinə davamlı maddi və mənəvi dəstək göstərilir. İstər şəhidlik statusunun müəyyənləşdirilməsi, istərsə sözügedən kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də təqaüd və müavinətlərin verilməsi istiqamətlərində atılan addımlar şəhidlərə ehtiramın bariz nümunəsidir.
Bunlarla yanaşı, dövlətimizin başçısının müvafiq göstərişləri əsasında müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli qayğının göstərilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…