47 baxış
Bu yazını paylaşın
Siyasi

Rəşad Mahmudov: Bölgələrimiz inkişaf və tərəqqinin ünvanına çevrilib

01 Fevral 2022

Azərbaycan sürətlə dəyişir, yeniləşir. Bu gün təkcə paytaxt Bakı şəhəri deyil, respublikamızın bütün bölgələri inkişaf və tərəqqinin ünvanına çevrilib. Artıq ən ucqar rayonlarımız həyatın bütün sahələrində müasir inkişaf tempinə görə könül oxşayır. Ölkənin bir sıra bölgələrində nəhəng layihələr reallaşdırılır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin regional inkişafı daim diqqət mərkəzində saxlaması həyata keçirilən tədbirlərin həm keyfiyyətinə, həm də sürətlənməsinə müsbət təsir göstərir. Dövlət başçısının yanvarın 30-da Gəncə şəhərinə rəsmi səfəri də bunun bariz nümunəsidir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib: Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib: “Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”.
Şəhərdə bir çox infrastruktur layihələrinin icra olunduğunu söyləyən deputat bildirib ki, elektrik enerjisi təchizatı yüksək səviyyədə reallaşıb, enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya yenidən tikilib və əsaslı təmir edilib. Eyni zamanda, qazlaşdırma sahəsində də uğurlu nəticə əldə olunub. Yaxın gələcəkdə icrasının yekunlaşacağı nəzərdə tutulan içməli su layihəsinin gerçəkləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bütün bunlarla bərabər, yol infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, Gəncəyə gedən yollar müasir standartlara uyğun şəkildə bərpa olunub. Bakı-Gəncə avtomobil yolunun, eləcə də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Yeri gəlmişkən, bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Gəncədən digər şəhərlərə açılan yollarda da əsaslı təmir işləri aparılıb. Həmçinin şəhərdən Bakıya dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda paytaxtdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürət qatarları işləyir. Həmin qatarlar vaxt və rahatlıq baxımından olduqca əlverişlidir.
“Burada zəruri bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, dünyada hər bir xalqın gündəliyində təhsil hər zaman önəmli mövqeyə malik olub. Azərbaycanda da bu məsələyə istər ulu öndər Heydər Əliyev, istərsə də dövlətimizin başçısı İlham Əliyev tərəfindən daim prioritet istiqamət kimi yanaşılıb. Bu yöndə lazımi vacib məsələlər yüksək səviyyədə icra edilib. Gəncədə də bu istiqamətdə, eləcə də səhiyyə sahəsində önəmli tədbirlər həyata keçirilib, infrastruktur yenilənib. Məsələn, burada 245 çarpayılıq xəstəxana yenidən tikilib, 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Həmçinin 30-dan çox məktəb inşa və təmir edilib. Tələbələrin sosial şəraitinin yaxşılaşdırılması da unudulmayıb. Məsələn, Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Dövlətimizin başçısı yuxarıda adı çəkilən müsahibəsində bu yöndə icra edilən layihələr barədə fikirlərini açıqlayıb: “Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub.

Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi. Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.
Gəncə regional Dövlət proqramlarının icrasında həmişə xüsusi yerə malik olub. Şəhərin inkişafı və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Sakinlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. Burada bir neçə il əvvəl “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Anında göstərilən nümunəvi xidmət və şəffaflıq baxımından quruma tələbat artıb. Ona görə də “ASAN xidmət” mərkəzləri şəbəkəsi genişləndirilib. Lakin bu da tələbatı tamamilə ödəmədiyindən şəhərdə ikinci “ASAN xidmət” mərkəzi yaradılıb”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
Rəşad Mahmudov qeyd edib ki, Vətən müharibəsi günlərində Gəncə erməni faşizminin cinayətkar əməllərinə qarşı mərdliklə sinə gərib. Həmin dönəmdə şəhərə Ermənistan ordusu tərəfindən 13 raket atılıb. Onlardan 8-i partlayaraq insanların həyatına son qoyub və infrastruktur sahələrinə böyük ziyan vurub. Təəssüf ki, bu hərbi cinayət zamanı aralarında uşaqlar da olmaqla 26 Gəncə sakini həlak olub. Lakin Azərbaycan bu vəhşiliyi cavabsız qoymayıb. Ordumuz döyüş meydanında işğalçını layiqli şəkildə cəzalandırıb.
Dövlətimizin başçısı AZƏRTAC-a müsahibəsində Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan və Köçəryanın, eləcə də indiki Ermənistan hakimiyyətinin hərəkətlərində, sözlərində faşizmin bu gün də yaşadıldığını, bunun işğalçı ölkənin paytaxtında – İrəvanda Njdeyə qoyulan abidə ilə sübuta yetirildiyini xatırladıb. Yeri gəlmişkən, Azərbaycan Prezidenti faşizm ideologiyasının daşıyıcısı olan Njdeni ilk dəfə olaraq, siyasi müstəviyə gətirib, onun faşist xisləti haqqında beynəlxalq aləmi məlumatlandırıb. İnsanlıgın düşməni olan bir cəlladın qəhrəman kimi dünyaya təqdim olunması erməni ideologiyasının mahiyyətcə cürüklüyünü əks etdirir. Faşizmin köləsi olan Nijdenin ifşası istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti hər cür alqışa layiqdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…