130 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin ona ünvanlanan çoxsaylı suallar qarşılığında səsləndirdiyi fikirləri gələcəyimizin yol xəritəsi kimi qəbul etmək lazımdır

04 Fevral 2022

Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışını və gənclərin suallarını cavablandırarkən səslənirdiyi fikirləri son 30 ildə ölkədə, regionda və dünyada baş verən proseslərin, onların ölkəmizlə birbaşa bağlı məqamlarının obyektiv, hərtərəfli təhlili kimi də qiymətləndirmək olar. Əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti bütün bu proseslərin episentrində olub və son 30 ilin tarixini, ilk növbədə, öz təcrübəsindən, qarşılaşdığı və dəf etdiyi maneələrdən, mütləq əksəriyyətimiz üçün əlçatan olmayan və hadisələrin dərin qatında gizlənən həqiqətlərdən çıxış edərək dəyərləndirir. Məhz bu baxımdan, dövlətimizin başçısının gənclərlə söhbətində toxunduğu məqamlar təkcə bu günümüzlə deyil, gələcəyimizlə də bağlı olan bir sıra mühüm amilləri, qarşılaşa biləcəyimiz hadisələrin mahiyyətini təhlil edərək düzgün nəticə çıxarmağımız üçün mühüm əhəmiyyət kəsb edir. Qənaətimə görə, Prezident İlham Əliyevin ona ünvanlanan çoxsaylı sualların qarşılığında səsləndirdiyi fikirləri gəncliyimizin və gələcəyimizin yol xəritəsi kimi qəbul etmək, son 30 ildə baş verən hadisələrin ziddiyyətli, sərt, ədalətsiz və bəzən də amansız mənzərəsini daim göz önündə saxlamaq lazımdır.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
“Prezident İlham Əliyev məhz bu məqamları əsas götürərək qeyd etdi ki, gələcək nəsillər bu tarixi bilməli, unutmamalıdırlar. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik. Dövlətimizin başçısının milli-mənəvi dəyərlərimizin Azərbaycan dövlətinin əsasını təşkil etdiyi barədə fikirlərinə də məhz bu kontekstdən yanaşılmasını vacib hesab edirəm. Prezidentin “müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub” ismarıcı, həyatımızın bütün sahələrinin, dövlət idarəçiliyinin, elmin, təhsilin, mədəniyyətin içərisindən toxunulmaz qırmızı xətt, təməl ideoloji platforma kimi keçməlidir. Bəlli olduğu kimi müasir dünyada bir çox xalqlar, xüsusilə də yüksək, ali mənəvi dəyərlərini, dövlətçilik ənənələrini, milli mədəniyyətlərini, dillərini qorumaq üçün ciddi çağırışlar qarşısında qalıblar. “Parçala və hökm sür” siyasətinin məxməri üzü, yumşaq güc obrazı olan qloballaşma xalqları və onların öz mədəniyyətləri üzərindən müstəqil inkişafını ciddi təhlükə qarşısında qoyub. Qloballaşmanın assimilyasiya üzünə çeşidli epitetlərlə bəzək-düzək vurulmasına baxmayaraq, o, mədəniyyətləri, xalqların tarixini və gələcəyini gəmirir, müxtəlif vasitələrlə və süni şəkildə “sivilizasiyaların qarşıdurması” səhnələşdirir, öz keçmişindən, dəyərlərindən asanlıqla, yaxud daha zəif müqavimət göstərməklə qopanları ölü mədəniyyətlərin təmsilçilərinə çevirir. Bu reallıqlar çərçivəsində qloballaşmaya, məxməri assimilyasiyaya qarşı duruş gətirməyin yeganə yolu milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onları qorumadır. Qloballaşmaya qarşı yeganə silah milli identikliyimizin, dövlətçiliyimizin qorunmasıdır”, – deyə siyasi ekspert qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tarixi faktlara diqqət çəkməklə, əslində, bu prosesləri daha əvvəl də yaşadığımızı xatırlatdı. Çünki vaxtilə tərkibində olduğumuz SSRİ-nin də təməl qayəsi

bu dövlətin sərhədləri və öz tarixi vətənlərində yaşayan xalqları assimilyasiya etməkdən ibarət idi. Sadəcə, şüarlar, siyasi texnologiyalar bugünkündən fərqlənirdi. Hesab edirəm ki, dövlətimizin başçısının fikirlərindən gətirəcəyim iqtibas, daha əvvəl qeyd etdiklərimin mənzərəsinin aydın şəkildə təsəvvür edilməsinə imkan yarada bilər: “Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Qapalı bir cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq”.
E.Mirzəbəyli əlavə edib ki, biz çox önəmli bir mərhələni geridə buraxmışıq, mümkünsüzü mümkün etməyi bacarmışıq. Amma bu, hələ keçəcəyimiz yolun, sadəcə, müəyyən bir hissəsini əhatə edir. Xalqların və dövlətlərin tarixində 30 il olduqca qısa zaman kəsiyidir. O xalqlar öz hədəflərinə çatırlar ki, onlar dünəni, bu günü və gələcəkləri ilə iç-içədirlər. Yalnız yaşadıqları, mövcud olduqları zaman kəsiyini deyil, gələcəyi düşünür, dünənlə bu gün, bu günlə sabah arasındakı bağları möhkəm saxlayır, dövlətin, millətin taleyinə bütöv yanaşırlar. Azərbaycan Prezidentinin gənclərlə söhbətində səsləndirdiyi fikirlərin, dilə gətirdiyi mesajların təməlində də, qənaətimə görə, məhz bu amil dayanır: Dünənimizlə, bu günümüzlə, gələcəyimizlə bütövləşməli, dilimizə, mədəniyyətimizə, tariximizə, Vətənimizə, dövlətimizə əbədiyyətədək sahib çıxmalıyıq.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…