213 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev dünya azərbaycanlılarına ömürlük mükafat verdi – Ukraynada tanınan həmvətənimizdən XÜSUSİ REPORTAJ

13 Yanvar 2022

Ukraynada onu alicənab, mütaliəli və peşəkar hüquqşünas kimi tanıyırlar. Onunla söhbət zamanı deyilənlərə bir daha şahid oldum – sakit təbiətli, 45 ilə yaxındır Ukraynada yaşamasına baxmayaraq, öz dilini, dinini, adət-ənənələrini unutmayan, Vətən sevgisi ilə alışıb-yanan, şirin kənd ləhcəsində danışan əsl azərbaycanlı. AZƏRTAC-ın müsahibi 1959-cu ildə Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olan Sadiq Tağıyevdir. Onu da qeyd edək ki, Sadiq Tağıyev Ukraynada hakim kimi çalışan ilk azərbaycanlı olub.

Zəhmətkeş kənd uşağından Ukraynada Apelyasiya Məhkəməsinin sədrinə qədər gedən yol

Sadıq Tağıyev qeyd edib ki, kənd həyatında doğulub, ailəsində olan ziyalı mühit onu daha savadlı böyüməsinə təsir edib. 1976-cı ildə orta məktəbi fərqlənmə ilə bitirən soydaşımız 1977-ci ildə Donetsk dövlət Tibb İnstitutuna daxil olub və ali təhsil ocağını da fərqlənmə diplomu ilə bitirib. 1985-ci ilə qədər Luqansk şəhərində həkim işləyib. S.Tağıyev bir müddət tibb sahəsində çalışdıqdan sonra hüquq-mühafizə orqanlarında işləmək həvəsi yaranıb. O 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika ali kursunu bitirib. 1985-1988-ci ilə qədər Luqansk vilayətində Baş ekspert-kriminalist işləyib. Sonra 1992-ci ilə qədər Luqansk vilayətinin Rubejnoe şəhərində baş müstəntiq vəzifəsində çalışıb. Həmin illərdə paralel olaraq Xarkov Universitetinin hüquq fakültəsində təhsil alıb. S.Tağıyev 1992-ci ildən əmək fəaliyyətini məhkəmə sistemində davam etdirib, Rubejnoe şəhərinin hakimi olub. 2001-2010-cu illərdə Luqansk Apelyasiya Məhkəməsinin sədr müavini, 2010-2018-ci illərdə isə Çerniqov Apelyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib. 35 ildir fasiləsiz əmək fəaliyyəti ilə məşğul olduğunu deyən həmvətənimiz 2018-ci ildən bu günə qədər Ukrayna Penitensiar Akademiyasının Kriminologiya kafedrasının rəhbəri vəzifəsində çalışır. 2004-cü ildə ölkə Prezidentinin sərəncamı ilə Ukraynanın Əməkdar hüquqşünası adını alıb, hüquq elmləri doktorudur, 8 monoqrafiya və 100-ə yaxın elmin işin müəllifidir. Zəngin elmi təcrübəsi olan S.Tağıyevin elmi rəhbərliyi ilə Ukraynanın 9 hüquq-elmləri namizədi var.

Həmişə azərbaycanlı olmağımla fəxr etmişəm

Keçdiyi həyat yolunun heç də asan olmadığını vurğulayan soydaşımız bildirib ki, gənc yaşlarından çox çətinliklərlə üzləşib. Ancaq həmişə mübarizəsini davam etdirib. Heç bir qohum, tanış olmadan Ukraynada karyerasını qurmağı bacarıb.

“Həmişə azərbaycanlı olmağımla fəxr etmişəm. Hər bir gördüyüm işimlə, addımımla Azərbaycanın adını ucaltmağa çalışıram. Mənim babam müəllim olub, o mənə deyirdi ki, Vətəndən kənarda sənin tüstün daha çox çıxacaq, ona görə də özünü elə apar ki, Azərbaycanın adını uca et”, – deyə S.Tağıyev vurğulayıb.

Bu gün Ukraynada savadlı, bilikli azərbaycanlı gənclərin yetişdiyini də diqqətə çatdıran S.Tağıyev bildirib ki, hər bir azərbaycanlı yaşadığı cəmiyyətə inteqrasiya etməyi qarşısına məqsəd qoymalıdır. Bunun üçün də daha savadlı olmaq, xarici dillərə yiyələnmək, kommunikasiya yaratmaq bacarığı olmalıdır. Ölkədən kənarda Azərbaycanın adını uca tutmaq hər birimizin Vətəndaş borcudur.

Qəhrəman və ədalətli xalq olduğumuzu sübut etdik

Sadiq Tağıyev 44 günlük Vətən müharibəsinə də toxunaraq qeyd edib ki, bu müharibədə qalib gəlməyimiz xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımızın başını uca etdi.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğalda olan ərazilərimizi azad etməklə bütün dünya azərbaycanlılarına ömürlük mükafat verdi. Biz bu müharibədə rəşadətli Azərbaycan Ordusunu gördük. İndi özümüzü qalib xalqın nümayəndəsi kimi rahat hiss edirik. Qəhrəman və ədalətli xalq olduğumuzu sübut etdik. Müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə soydaşımız vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…