231 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: Son vaxtlar Azərbaycana artan maraq ölkəmizin yeni sistemdə mühüm söz sahibinə malik aktor olacağının göstəricisidir

19 Mart 2022

Biz bu gün dünyanın yeni epoxaya qədəm qoyması, Avrasiyada hərbi–siyasi, təhlükəsizlik və iqtisadi–logistik xəritənin formalaşmasını seyr edirik. Formalaşmaqda olan yeni münasibətlər sistemində nəqliyyat–logistika, neft–qaz, regional təhlükəsizlik mövzuları xüsusi yeri tutacaq. Son vaxtlar Azərbaycana artan maraq, coğrafi cəhətdən kiçik ölkəmizin qurulacaq yeni sistemdə sıradan bir ölkə deyil, əksinə, çox mühüm söz sahibinə malik beynəlxalq aktor olacağının göstəricisidir. Hazırkı dinamik beynəlxalq münasibətlər sistemindəki proseslərdə Prezident İlham Əliyevin regional təhlükəsizlik, beynəlxalq nəqliyyat–kommunikasiya, enerji sektoru ilə bağlı verdiyi qərarlar, imzaladığı sazişlər Azərbaycan üçün tarixi əhəmiyyət daşımaqla bərabər, rəsmi Bakını yeni dünya sistemində mühüm subyektə çevirməkdədir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
Politoloq bildirib ki, bu gün Azərbaycan böyük beynəlxalq aktorların vədlərinə inanmayaraq, yalnız qarşılıqlı maraqlar çərçivəsində və üçüncü dövlətlərə qarşı yönəlməyən siyasi–iqtisadi əməkdaşlıq niyyətində olduğunu bildirərək, Çin, Rusiya, İran, Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ ilə bərabərhüquqlu münasibətlərin qurulmasına nail olub. Vətən müharibəsindən sonra ölkəmizin bir sıra dövlətlərlə yeni sazişlər imzalaması, Aİ ilə yaxın vaxtlarda imzalanması gözlənilən yeni əməkdaşlıq sazişi Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsində və maraqlarının həyata keçirilməsində mühüm yer tutur.
Politoloqun sözlərinə görə, Ukrayna hadisələri fonunda digər vacib amillərdən biri regional çağırışlar və təhlükəsizlik məsələləridir. Mart ayı Azərbaycan–Türkiyə və Azərbaycan-İran münasibətlərində də əlamətdar hadisələrlə yadda qaldı. Məlumdur ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazın təhlükəsizliyində və sabitliyində xüsusi yer tuturlar. Məhz rəsmi Bakı və Ankaranın regional çağırışları birlikdə dəf etmələri, Azərbaycan və Türkiyə qardaşlığının möhkəmliyi bir sıra regional və beynəlxalq aktorların Qafqazla bağlı manevr imkanlarını daraldan ən vacib nüanslardandır. Martın 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün 4 saatdan çox davam etməsi dünyada və regionda cərəyan edən mühüm proseslərlə bağlı dövlət başçıları arasında dərin və hərtərəfli müzakirələrin baş tutduğunu göstərir. Ukrayna böhranı, Avropanın enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı yeni baxış bucağının ortaya qoyulduğu, ermənilərin davamlı təxribat törətdikləri bir vaxtda iki ölkənin liderləri arasında görüşdə verilən mühüm qərarlar regionun gələcəyini müəyyənləşdirən ortaq prinsiplərin həyata keçiriləcəyindən xəbər verir. Xüsusilə qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir.

“NATO-nun üzvü olan Türkiyə, hərbi–texniki sənayesi dünyada ən qabaqcıllardan sayılan İsrail, nüvə silahına malik Pakistan kimi müttəfiqlərimizin Rusiya ilə Ukrayna arasında sülhyaradıcı mövqe tutması rəsmi Bakını mümkün təhlükələrdən sığortalayan mühüm amillərdəndir. Sözsüz ki, regionda baş verən dinamik proseslər fonunda Azərbaycanın məhz həmin hadisələrin önündə getməsi ölkəmizin milli maraqlarının reallaşmasında vacib amillərdəndir. Elə bu aspektdə, son günlərin ən vacib hadisələrindən biri Azərbaycanla İran arasında Bakı və Naxçıvanı, Hind okeanı ilə Şimal Buzlu Okeanı, Avropa ilə Asiyanı birləşdirmək iddiasında olan yeni sazişlə bağlıdır. Əlbəttə, proseslər dinamikdir və Qafqaza qonşu olan hər bir dövlətin böyük ambisiyalarının olduğu bizə yaxşı məlumdur. Bu kimi sazişlər regionun sülh içində gələcəyi üçün gözəl şansdır. Ukrayna böhranı fonunda məhz Azərbaycanın logistika–kommunikasiya baxımından əhəmiyyətinin artması rəsmi Bakının Avrasiyada gələcək ticarət yollarında əsas mərkəz olacağının carçısıdır. Azərbaycan mühüm nəqliyyat dəhlizi kimi Gürcüstan vasitəsilə Qara dənizə və Şərqi Avropaya, İran vasitəsilə Aralıq dənizi və Cənubi Avropaya gedən mühüm yollar üzərində yerləşərək, bundan sonra dünyanın nəqliyyat–ticarət təhlükəsizliyində indikindən dəfələrlə çox mühüm rol oynayacaq”,-deyə Z.Məmmədov qeyd edib.
Politoloq vurğulayıb ki, martın 11–də Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanan Anlaşma Memorandumu çərçivəsində yaradılacaq daha geniş mənada Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi, regionun bütün nəqliyyat arxitekturasını tamamilə dəyişən bir xətt ola bilər. Təsadüfi deyil ki, Bakı və Tehran arasında bağlanan yeni saziş Ermənistanda “soyuq duş” effektini verib. Dünənə qədər Bakı ilə Naxçıvan, Azərbaycan ilə Türkiyə arasında mühüm dəhliz Ermənistan ərazisindən keçə bilərdisə, imzalanan yeni sazişə əsasən İran vasitəsilə avtomobil və dəmir yolu xətti istifadəyə veriləcək Ermənistan müxalifətinin və hökumətinin Qarabağ və “koridor” ifadəsi ilə bağlı çaşdırıcı addımları bu dəfə də hayların kənarda qalmaları ilə nəticələndi. İqtisadiyyatının 90 faizi Rusiyadan asılı olan, hazırda ölkədə ciddi ərzaq çatışmazlığı və qiymət artımının müşahidə olduğu bir vaxtda Ermənistanın daha bir mümkün layihədən kənarda qalması sözsüz ki, erməni xalqına kifayət qədər ağır zərbədir.
“Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” Agentliyinin müxbirinə rəsmi Bakının İrəvana 5 bənddən ibarət yeni təklifinin olması barədə danışdı. Nazir bəyan etdi ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavabını gözləyir. Üçtərəfli Bəyanatdan sonra Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməyən Ermənistan hazırda dəyişən geosiyasi və geoiqtisadi reallıqlar fonunda Bakının 5 yeni təklifinə vaxtında cavab versə, bu, onun öz gələcəyi üçün faydalı olar. Əks halda, ən qısa vaxt ərzində Ermənistan növbəti zərbə ilə qarşılaşa bilər. Siyasət şərtləri, qaydaları sona qədər bəlli olmayan dünya özü böyüklüyündə şahmat taxtasıdır. Bu fonda son hadisələr bizi sevindirməyə bilməz. Coğrafi cəhətdən kiçik Azərbaycan böyük şahmat taxtasında piyada olmamağı bacardı. Prezident İlham Əliyev hadisələri əvvəlcədən düzgün təhlil etməklə, atdığı addımlarla bir çoxlarını şah və mat etməyi bacardı”, – deyə politoloq qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…