45 baxış
Bu yazını paylaşın
Siyasi

Müdafiə naziri: “Azərbaycan Ordusu təxribatların qarşısını almaq üçün zəruri addımlar atacaq”

11 Mart 2023

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər.

TELEJURNAL  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib.

Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir.

Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.

Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.

Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstərişlər verilib.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti, həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb.

Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…