105 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin sədri Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşüb

06 May 2022

Mayın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin prezidenti doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xalqlarımız tarixən dini və mədəni köklərlə bir-birinə bağlıdır və ölkələrimiz arasındakı münasibətlər bu möhkəm təmələ əsaslanır. Sahibə Qafarova qonağın bu səfərinin də Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Milli Məclisin sədri bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, bu illər ərzində əlaqlərimizin uğurlu inkişaf yolu keçdiyini və əməkdaşlığımızın daha da genişləndiyini diqqətə çatdırıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova iki ölkə rəhbərlərinin səfərlərinin həyata keçirilməsinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyini deyib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. S.Qafarova qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirir. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Azərbaycan ərazilərinin işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb. Bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlıq nümunəsidir.
Söhbət zamanı Sahibə Qafarova parlamentlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynayır. Hər iki ölkə parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir.
Qonağın bu səfərinin Azərbaycan Respublikasının Hesablama Palatasının dəvəti ilə həyata keçirildiyinə toxunan Milli Məclisin sədri Hesablama Palatası ilə Hussam bin Abdulmohsen Alangarinin rəhbərlik etdiyi qurum arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimiz arasında mövcud olan hüquqi bazanı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
Görüşdə Sahibə Qafarova qonağa 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib. Parlamentin sədri qeyd edib ki, Azərbaycan torpaqlarını azad etməklə həm beynəlxalq hüququn prinsiplərinin icrasını təmin edib, həm də Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini mədəniyyət abidələrinin, o cümlənən məscidlərimizin təhqirinə son qoyub. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır. Bu gün Azərbaycan sülhdən və sabitlikdən danışır. Ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində təkliflərini irəli sürüb.
Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin prezidenti doktor Hussam bin Abdulmohsen Alangari Azərbaycanın inkişafını, gördüyü işləri təqdir etdiklərini və bundan qürur duyduqlarını diqqətə çatdırıb. Qonaq iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Səudiyyə Ərəbistanının Baş Audit Bürosu ilə Azərbaycanın Hesablama Palatası arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı münasibətlərin daha da inkişafına yeni bir töhfə olacaq.
Söhbət zamanı doktor Hussam bin Abdulmohsen Alangari ölkəsində parlamentin fəaliyyəti, ali qanunverici orqanda qadınların təmsilçiliyi barədə fikirlərini bölüşüb.
Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…