87 baxış
Bu yazını paylaşın
Siyasi

Meksikada Novruz bayramı təntənəli şəkildə qeyd olunub

23 Mart 2022

ölkəmizin Meksikadakı səfirliyinin təşkilatçılığı və Mexiko Şəhər Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin, habelə “Gənc diplomatlar” Assosiasiyasının dəstəyi ilə Novruz bayramı Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan Linkoln parkında təntənəli şəkildə qeyd edilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə yüzlərlə paytaxt sakini, turistlər, diplomatik korpusun nümayəndələri, o cümlədən bir sıra ölkələrin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV təmsilçiləri və Meksikada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Novruz haqqında ətraflı məlumat verərək, bu bayramın ölkəmizdə xüsusi təntənə ilə keçirildiyini diqqətə çatdırıb. O, Novruz bayramının yazın gəlişi və yeni ilin başlanğıcı ilə bərabər, birliyin, qarşılıqlı anlaşmanın və tolerantlığın rəmzi olduğunu bildirib, qonaqpərvərlik, səmimiyyət, dostluq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini deyib. Vurğulayıb ki, müxtəlif mədəniyyətlərin və xalqların nümayəndələri əsrlər boyu ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Səfir Novruz bayramının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edildiyini və BMT Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyini deyən diplomat, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mühüm yer tutduğunu, bu xüsusda belə tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmasına imkan yaratdığını vurğulayıb.
İştirakçılara, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında məlumat verilib. Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən Mexiko Şəhər Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin nümayəndəsi Omar Lopes Azərbaycan xalqını yazın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibətilə təbrik edib, Meksikada Azərbaycan mədəniyyətini təqdim edən belə tədbirlərin təşkilinin artıq gözəl ənənəyə çevrilməsinin sevindirici hal olduğunu qeyd edib. O, ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün yaradılan bu imkana görə Azərbaycan tərəfinə təşəkkür edib, belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Gün ərzində parka gələn çoxsaylı qonaqlar ölkəmizdə Novruz bayramı ilə bağlı adət və ənənələrlə tanış olublar. Ziyarətçilərə ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib.
Tədbirdə, həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş etdirilib, materiallar paylanılıb, milli musiqimiz səsləndirilib.
“İpək yolu” rəqs qrupu tərəfindən Azərbaycanın milli rəqsləri təqdim edilib, tədbirin qonaqları həmrəylik, dostluq və bərabərlik rəmzi olan milli “Yallı” rəqsimizi birlikdə oynayıblar.
Həmçinin qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.
Meksika paytaxtının sakinləri tədbirə böyük maraq göstəriblər. Uşaqlar tərəfindən sevilən Novruz bayramının “Yumurta döyüşdürmə” ənənəsi meksikalı uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…