22.10.2024 23:25:57
35 baxış
Bu yazını paylaşın
Siyasi

Malayziyanın Perak ştatı Azərbaycan ilə qarşılıqlı investisiyaların qoyulmasında maraqlıdır

05 Fevral 2022

Malayziyanın Perak ştatı Azərbaycan ilə qarşılıqlı investisiyaların qoyulmasında maraqlıdır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovun bu ölkənin Perak ştatının Baş naziri Saarani Mohammad ilə görüşündə səslənib.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən investisiya imkanlarının öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Əvvəlcə səfir İ.Davudov Azərbaycanda aparılan sosial-iqtisadi islahatların əsas mahiyyəti barədə danışaraq, xarici sərmayədarlar üçün yaradılmış dayanıqlı biznes mühitindən bəhs edib, Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı iqtisadi strategiyasının uğurlu nailiyyətlərindən biri kimi Ələt Azad İqtisadi Zonasının əhəmiyyətini diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu zonanın yaradılmasında əsas məqsəd müasir biznes və idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, o cümlədən xarici investorları cəlb edərək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə qarşılıqlı maraq əsasında əməkdaşlığını stimullaşdırmaq, ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verməkdir.
Azərbaycanlı diplomat, həmçinin ölkəmizin regional və beynəlxalq nəqliyyat-kommunikasiya xəritəsindəki coğrafi-strateji əhəmiyyətinə toxunaraq, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb tranzit nəqliyyat dəhlizlərində mühüm rolundan bəhs edib.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən böyükmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən İ.Davudov infrastruktur layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin perspektivi və Azərbaycan Prezidentinin təşəbbüsü ilə tətbiq olunan “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” siyasətindən danışıb.
Azərbaycan diplomatı xarici sərmayədarlar üçün yaradılmış biznes mühiti, eləcə də həyata keçirilən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olmaq üçün S.Mohammadin rəhbərliyi ilə nümayəndə heyətini ölkəmizə səfərə dəvət edib.
Öz növbəsində S.Mohammad görüşdən məmnunluğunu və dəvətə görə təşəkkürünü ifadə edərək, Azərbaycan ilə Malayziya arasında mövcud olan yüksəksəviyyəli siyasi münasibətlərin hər bir sahə üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verdiyini söyləyib. Baş nazir Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, o cümlədən yaradılmış etibarlı biznes mühitinin Malayziya, eləcə də Perak ştatında fəaliyyət göstərən şirkətlər üçün cəlbedici olduğunu bildirib. Eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu üçün münbit şəraitin olduğuna inamını vurğulayıb və yaxın vaxtlarda Perak ştatından qabaqcıl şirkətlərin nümayəndələrindən ibarət geniş heyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Perak ştatının ali investisiya qurumu olan İnkişaf Korporasiyasının (PŞİK) nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, federal dövlət quruluşuna malik olan Malayziyada hər bir ştat üzrə ən yüksək icra orqanı Baş nazir vəzifəsi ilə təmsil olunur. S.Mohammad iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, sənaye, istehsalat və turizm kimi sahələrdə inkişaf proqramlarının həyata keçirilməsini, bu istiqamətdə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsini və qarşılıqlı investisiya qoyuluşlarını təmin edir.
Perak ştatına səfər zamanı Azərbaycan səfiri burada yerləşən, neft-qaz texnologiyaları üzrə dünyanın qabaqcıl ali təhsil ocaqlarından biri hesab edilən Petronas Texnologiya Universitetində də olub. Diplomat universitetin vitse-kansleri professor İbrahim Mutalib və pedaqoji-inzibati heyət ilə Azərbaycanın müvafiq təhsil müəssisələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Səfir, həmçinin universitetin maddi-texniki bazası, o cümlədən yüksək texnoloji avadanlıqlarla təsis edilmiş laboratoriyaları ilə tanış olub, burada təhsil alan gənc həmvətənlərimizlə görüşüb.
Qeyd edək ki, hazırda Petronas Texnologiya Universitetində 6 nəfər azərbaycanlı gənc təhsil alır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top