229 baxış
Bu yazını paylaşın
Siyasi

Kembric Universitetində Azərbaycanın regionda aparıcı rolu müzakirə olunub

06 Fevral 2022

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Böyük Britaniyanın tanınmış təhsil ocaqlarından birində – Kembric Universitetində (Cambridge University) olub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində universitetin rəhbər şəxsləri, professorlar və tələbələr ilə bir sıra görüşlər keçirilib, Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olub və Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüblər.
Daha sonra universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin Regional Dinamikası” (Caspian Regional Dynamics) mövzusuna dair seminar keçirilib.
Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksenanın moderatorluq etdiyi seminarda çıxış edən diplomat Elin Süleymanov Azərbaycanın geosiyasi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da ümummilli lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olub.
Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini diqqətə çatdıraraq vurğulayıb ki, 30 illik işğala son qoyulması ilə nəticələnən müharibədən sonra Prezident İlham Əliyev sülhə çağırış edib, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif edib.
Diplomat Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”nin imzalandığını, “Bakı-Supsa”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda, Gürcüstan və Türkiyənin regionda fəal faktorlara çevrildiyini bildirib.
“Azərbaycan qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyə daim hazırdır. Belə ki, 3+3 formatında buna doğru növbəti addımlar atılır. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin səfərə məhz Füzuli rayonundan başlaması, eləcə də kommunikasiya və nəqliyyat layihələrinə dair bəyanatı bunun bir nümunəsidir. Həmçinin Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsünün tikilməsi də İranın regionda gedən inteqrasiya prosesində fəal şəkildə iştirak etdiyini göstərir. Əgər burada bütün regionu əhatə edən kommunikasiyaların açılmasından söhbət gedirsə, bu bütün bölgə ölkələrinin xeyrinə olacaq. Hazırda Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması məsələsi müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb. İndi isə sülh müqaviləsinin imzalanmasına və ilkin mərhələdə sərhədlərin delimitasiyasına ehtiyac var”, – deyə səfir vurğulayıb.

Azərbaycanın hətta müstəqillik elan etməsindən əvvəl qonşu Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal prosesini başlamasını xatırladan səfir qeyd edib ki, beynəlxalq qanunlar, BMT-nin Ermənistanın torpaqlarımızı dərhal və qeyd-şərtsiz azad etməsinə dair məlum 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələri və sair Ermənistan əleyhinə olsa da 30 il davam edən bütün danışıqlar nəticəsiz qalıb.
“2020-ci ildə proses kökündən dəyişdi. Ermənistan tərəfi heç bir səbəb olmadan iyul ayında hücuma başladı. Hücumun hədəfi olan Tovuz rayonu Qarabağdan uzaqda yerləşir və bir sıra ixrac boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində hərbçilərimiz və bir dinc sakin həlak oldu. Onların içərisində qəhrəman generalımız Polad Həşimov da var idi”, – deyən E.Süleymanov Vətən müharibəsinin başlanması və gedişi barədə də ümumi məlumat verib.
Diplomat regionun lider neft-qaz ixracatçısı olan Azərbaycanın, həmçinin yaşıl iqtisadiyyat konsepsiyasını da tam dəstəklədiyini söyləyib. Birləşmiş Krallığın “BP” şirkətinin işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın şaxələndirilməsində ən fəal tərəfdaşlarımızdan biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Qeyd olunub ki, bu gün Azərbaycanın təşəbbüsü ilə Cənub-Şərqi Avropada yeni reallıqlar yaranıb. Bu təşəbbüslər ideologiya və siyasətə yox, daha çox praktiki və məhsuldar yanaşmalara əsaslanır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqı komissarlarının və 20-yə yaxın dövlətin nümayəndələrinin iştirakı da buna sübutdur.
Seminarın gedişində bəzi erməni iştirakçıların suallarını cavablandıran E.Süleymanov radikal irqçi yanaşmaların son 30 ildə məhz Ermənistanın özünə zərər verdiyini bildirib, xaricdə yaşayan ermənilərin uydurma yalanlardan geri çəkilməsini, ekstremist yanaşmaların əvəzinə iflasa uğramış Ermənistanda yaşayan erməni vətəndaşlarının gələcəyini düşünməyi tövsiyə edib.
Fevralın 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını bildirən səfir deyib: “Bu kimi faciələr bir daha göstərir ki, region üçün sülh nə qədər önəmlidir və Azərbaycan tərəfi sülhə aparan addımları daim dəstəkləyir. Amma bütün bunlarla yanaşı, biz ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşilikləri unutmamalıyıq ki, gələcəkdə belə faciələr təkrar olunmasın”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…