reading time
9 dəqiqə oxunma müddəti
110 baxış
Bu yazını paylaşın
Tarixi baxış

Talesiz bacılar…- Qərənfil Dünyaminqızı

20 Aprel 2023
Və yaxud Mirzə Cəlilin bədbəxt qızları…
1895-ci ildə Mirzə Cəlil Nehrəmli Nağı kişinin qızı Həlimə xanımla evlənir. Tədqiqatçıların yazdığına görə Həlimə çox sakit, mehriban, gülərüz və xoşxasiyyət bir qadın imiş. Ən başlıcası Mirzə Cəlili çox sevirmiş. Kasıb, sadə, lakin çox mehriban bir ailə həyatı yaşayan bu cütlüyün 1897-ci ilin isti yay günlərində bir qızları olur.
Mirzə Cəlilin anası Sara xanım uşağın adını Münəvvər qoyur. Münəvvərin bir yaşı olmamış anası Həlimə vəfat edir. Münəvvər babası Məmmədqulu kişinin və nənəsi Sara xanımın (Mirzə Cəlilin ata-anası) himayəsində qalır…
Qızını təhsilli görmək arzusunda olan Mirzə Cəlil Münəvvəri 1905-ci ildə Tiflisə gətirir və Münəvvərin qızlar gimnaziyasına daxil olması Mirzəni çox sevindirir.
1907-ci ilin iyununda Mirzə Cəlil Həmidə xanımla evlənir. Bu zaman Həmidə xanımın qızı Mina Tiflisdə qızlar gimnaziyasında oxuyurdu. Həmidə xanım tez-tez Tiflisə gəlir, Münnəvvərə və Minaya baş çəkir, Münəvvərə olan bu qayğı, diqqət, mehriban münasibət Mirzə Cəlili çox sevindirirdi.
1918-ci il. Münəvvər təhsilli, gözəl bir qız kimi ətrafdakıların diqqətini çox cəlb edirdi. Bu günlərdə Münəvvərə elçi düşənlərdən biri də Tiflisdə İran konsulluğunda işləyən zabit İdris xan olur.
Həmidə xanım yazırdı: “Yavər İdris Mirzə Münəvvərə elçi düşür. Biz Mirzə Cəlilin razılığı olmadan heç nə edə bilməzdik. Mirzə Cəlil isə Müzəffərlə Tiflisdə idi. Ona bir teleqram vurdum və xahiş etdim ki, razılığını bildirsin. İki gün sonra ondan çox yığcam və imzasız bir cavab aldım: “Razıyam”. Bundan sonra oğlan evinin adamları gəldilər və nişan gətirdilər”.
Həmidə xanımın xatirələrindən bəlli olur ki, nədənsə Mirzə Cəlil əvvəldən bu nikahın əleyhinə olur. Həmidə xanım isə hər iki gəncin bir-birinə olan sevgisi qarşısında aciz qalır və hətta Mirzə Cəlilsiz toyu edir. Bu haqda Həmidə xanımın xatirələrindən oxuyuruq: “1919-cu ilin yazında Münəvvərin İdris Mirzə ilə toyları olmalı idi. Bir neçə dəfə Mirzə Cəlilə teleqram göndərdim ki, toya gəlsin. O, imtina etdi, gəlmədi, ancaq pul və ərzaq göndərdi. Mən Səkinənin köməkliyi ilə gəlinə lazım olan bütün cehizi alıb hazırladım. Damad toyu Xankəndidə təşkil etdi. Gəlini aparmağa Şuşaya gəldilər…”
Çox təəssüf ki, Münəvvər ər evində xoşbəxt olmadı. Övladı olmadığı üçün (belə az bir vaxtda) ailədə söz-söhbət yaranır və Münəvvəri ata evinə yola “salırlar”. Görəsən Mirzə Cəlil Münəvvərin bu bəxtsiz taleyini əvvəlcədən duymuşdumu? Bəlkə elə ona görə də bu izdivaca razı deyildi? Bəlkə də talesizlik Münəvvərin alın yazısı idi ki, o ikinci ailə həyatında da xoşbəxt olmadı.
Münəvvər birinci ailəsindən ayrılıb ata evinə qayıdanda artıq ölkədə vəziyyət çox çətin idi. Azərbaycanda bolşeviklər silah gücünə hakimiyyəti zəbt etmişdilər. Bu haqsızlıqlara dözə bilməyən Mirzə Cəlil ailəsi ilə birlikdə Cənubi Azərbaycana üz tutur. Burada Münəvvər çox pis xəstələnir. O günləri Həmidə xanım belə xatırlayırdı: “1920-ci ilin noyabr ayı idi. Təbrizdə bərk qar yağmışdı. Ailəmiz yaman korluq çəkirdi. Münəvvər yaman xəstələnmişdi. Mirzə Cəlil çox əsəbi idi”.
1921-ci ildə Mirzə Cəlil ailəsi ilə birlikdə Bakıya qayıdır və Münəvvər Bakıda tibb təhsilinə yiyələnir. Münəvvərin bədbəxt taleyi Həmidə xanımı da narahat edir və bu işdə özünü günahkar bilirdi. Münəvvərin İdris Mirzə ilə izdivacına razılıq verdiyi üçün sanki, xəcalət hissi keçirirdi.
Münəvvər ikinci dəfə Həmidə xanımın birinci nikahdan olan oğlu Müzəffər Davatdarovla ailə qurur (onlar hələ ailə həyatı qurmazdan əvvəl Mirzə Cəlil ailəsi ilə birlikdə Cənubi Azərbaycana gedəndə yolda bir hadisə baş verir. Bu haqda Həmidə xanım xatirələrində yazırdı: “Müzəffər də atlı idi. O, yolboyu atını Münəvvərin atı ilə yanaşı sürür, qızla söhbət edə-edə gedirdi. Bu, Mirzə Cəlilin xoşuna gəlmədi. O, mənə yaxınlaşıb xəbərdarlıq etdi: “Bu mehribançılıq yaxşı nəticə verməz. Bunu Müzəffərin nəzərinə çatdır”).
Münəvvərlə Müzəffərin izdivacına nə Mirzə Cəlil, nə də Həmidə xanım razı olmur. Sözlərində qəti olan gənclər ailə quraraq Bakıdan Kürdəmirə köçürlər. Münəvvər burada tibb bacısı, Müzəffər isə mühasib işləyir. Mirzə Cəlil tez-tez onlara baş cəkir, problemlərinin həll edilməsində gənc ailəyə kömək edir. Bu nikahdan da övladı olmayan Münəvvər Mirzə Cəlil vəfat edəndən sonra həyat yoldaşından ayrılır və Naxçıvana qayıdır.
Naxçıvanda bir zaman atasının müəllimlik etdiyi Nehrəm kəndində məskunlaşır. Burada həm müəllim, həm də tibb bacısı işləyən Münəvvər xanım bir də ailə həyatı qurmağa cəsarət etmir. Nehrəmdə tək-tənha yaşayan Münəvvər xanım 1964-cü ildə yenidən üz tutur Bakıya. Burada ona qayğı ilə yanaşan ədəbiyyatşünas Əziz Mirəhmədov və mətbuatşünas alim Qulam Məmmədli olur.
Əziz müəllim Münəvvər xanımdan atası haqqında xatirələrini danışmağı xahiş edir ki, bu xatirələri qələmə alsın. Lakin Münəvvər xanımın qəfil vəfat etməsi bu işi yarımçıq qoyur. O, 1965-ci ildə vəfat edir. Münəvvər xanım Bakıya gəlməmişdən əvvəl Qulam Məmmədli Nehrəmə gedərək onu yad edir. Bu haqda Qulam müəllim mənə müsahibələrindən birində danışmışdı. O, deyirdi ki: “Münəvvər xanımı görəndə çox qəhərləndim. Uzun illər əvvəl, hələ Mirzə sağ olanda onu Bakıda görmüşdüm. Yaraşıqlı, mehriban bir xanım idi. Sanki o xanımdan əsar-əlamət qalmamışdı. Yaşından çox qoca görünürdü, xəstə idi. Gəlişimin məqsədi ilə maraqlananda dedim ki: “sadəcə, onu görməyə, halını sormağa gəlmişəm”. Münəvvər xanımın gözləri doldu və astaca dedi: “Məni də kimsə yad edərmiş. Mirzənin (atasını nəzərdə tuturdu Q.M.) ruhu bu gecə şad olacaq”. Münəvvər xanımdan ayrılarkən xatirə olaraq bir şəkil çəkdirdik. “Bax, bu o şəkildir” deyərək Qulam müəllim mənə bu şəkli göstərdi.
Söhbətimizin sonunda Qulam müəllim çox təəssüf hissi ilə dedi ki: “əfsuslar ki, Mirzənin övladları xoşbəxt olmadı. Münəvvərlə Minanın bəxtsiz taleyi Mirzəni daha çox narahat edirdi”.
Həmidə xanımın İbrahim bəydən olan qızı Minaya Mirzə Cəlil həmişə qayğı ilə yanaşmış, onun təhsil almasında, ailə qurmasında əlindən gələni əsirgəməmişdi. Bir sözlə Minaya doğma qızı Münəvvər kimi yanaşmışdı. Mina Tiflis Qızlar Gimnaziyasını bitirmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yol, Poçt və Teleqraf nazirinin müavini, mühəndis Mirzə Yusif Məmmədbəyovla ailə həyatı qurmuş və iki övladı olmuşdur…
Bolşeviklərin hakimiyyəti zəbt etməsi bu ailəyə də bədbəxtlik gətirir. Cümhuriyyət dövrünün məmuru kimi Mina xanımın əri Mirzə Yusifi bolşeviklər təqib etməyə başlayır. Bolşeviklərin atası Mirzə Cəlilə və ərinə etdiyi haqsızlıq, özünün xəstəliyi onu çox narahat edirdi. Əsəbləri tarıma çəkilən qadın 1923-cü il mayın 18-də özünə qəsd edir. Bu dəhşətli hadisə haqqında Həmidə xanım yazırdı: “Mirzə Cəlil mövhumatçı deyildi, yuxulara da inanmazdı, ancaq mayın 18-də səhər yuxudan kefsiz durdu və dedi ki, pis yuxu görüb. Bu yuxu ona möhkəm təsir eləmişdi. O, yuxusunda can verən, ölən adam, qan görmüşdü. Elə həmin günün axşamı yığışmışdım ki, Minanı görməyə gedim. Son vaxtlar Mina çox ruhdan düşmüşdü. Qaraciyər xəstəliyindən doğan ağrı tutmaları var idi. Cərrahi müdaxiləyə isə razılıq vermirdi, çünki nəticəyə inanmırdı. Bilmirəm, evdə nə oldusa bir az yubandım. Bu vaxt Minanın 11 yaşlı oğlu dəhşətli bir xəbərlə özünü bizə yetirdi, dedi ki, anam özünü güllə ilə vurdu.
Mirzə Cəlil heyrət içində idi. Demə, yuxusunda qanına qəltan olmuş və can verməkdə olan qızımı görürmüş…”.
Qərənfil Dünyaminqızı, əməkdar jurnalist
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Azərbaycanlı gəlin – Əməkdar jurnalistin yazısı

20 Aprel 2023
13 dəqiqə oxuma
20-ci yüzilliyin əvvəllərində yaşayıb-yaradan görkəmli publisist-jurnalist Hacı İbrahim Qasımov…