reading time
7 dəqiqə oxunma müddəti
471 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

“Ola bilməz ki, Türk ordusunun gəlməsi müzakirə olunmamış olsun”.

20 Dekabr 2020

Azərbaycan digər ölkələrin hərbi bazalarını istəmir

Qoşulmama hərəkatının əsas aparıcı dövlətlərindən biri kimi, Azərbaycan hər hansı bir dövlətin hərbi bazasının öz ərazisində yerlədirilməsinin də tərəfdarı deyil. Lakin artıq dünyada kiçik dövlətlərin neytral qalması və öz təhlükəsizliyini təkbaşına təmin etməsi xeyli çətinləşmiş, hətta qeyri-mümkün olmağa başlamışdır. Azərbaycan MM-in 2010-cu ildə təsdiq edilmiş Hərbi Doktrinasında[1] deyilir:

“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

 Rus “sülhməramlıları” da Azərbaycanda xoş qarşılanmır

Üçtərəfli bəyanatın[2] beynəlxalq müqavilə kateqoriyasına daxil olduğunu nəzərə alsaq, artıq Azərbaycanda xarici bir dövlətin hərbi hissəsinin var olduğunu deyə bilərik. Rusiya bu orduya “sülhməramlı qüvvələr” adını qoysa da, bu ordu yalnız BMT tərəfindən sülhməramlı qoşun kimi mandat aldıqdan sonra belə bir missiya daşıyıcısı ola bilər. Ən azından, beynəlxalq hüquq bunu tələb edir. Üstəlik, Rusiya hər iki münaqişə tərəfi ilə isti münasibətdə olsa da, onun sülh missiyası pərdəsi altında bölgəyə təkbaşına girməsi artıq xoşagəlməz haldır. Çünki, bu da faktdır ki, Rusiya tonlarla silah-sursatı Ermənistana sadəcə olaraq peşkəş eləyib. “Sağ olsun” erməni əsgərləri də, o silah-sursatı döyüş meydanında qoyub-qaçaraq, onların Azərbaycanın əlinə keçməsinə şərait yaradıb.

44 günlük müharibənin gedişində təklif edilmişdi ki, bölgəyə sülhməramlı qismində Skandinaviya dövlətlərinin silahlı qüvvələri daxil olsun.  Bu danılmazdır ki, Azərbaycan öz ərazisində hər hansı bir dövlətin hərbi bazasının qurulmasını istəyərdisə belə, Rusiya bu siyahıda ya olmazdı, ya da ən axırıncı sırada yer alardı. Bunu anlamaq üçün xüsusi təhlil və araşdırmaya ehtiyac yoxdur. Həm siyasi elitanın, həm də ümumi vətəndaşların rus sülhməramlılarının 10 noyabr günü tez-tələsik bölgəyə daxil olmasına reaksiyası mənfi və suallarla dolu idi. Rusiya bir daha əmin oldu ki, Azərbaycan nə 366-cı alayı, nə “20 Yanvar”ı, nə Xocalını, nə də vertolyot “qəzasını” nəinki unutmayıb, hətta növbəti nəsilin də yaddaşına həkk edib.

İmzalanmış bəyanatın[2]  heç “qırxı” çıxmamış “sülhməramlıların” bölgəyə dair gündə bir xəritə ilə ortalığa çıxması da əslində Azərbaycanın narahatlığının səbəbsiz olmadığını göstərdi. Amma bütün bunlarla yanaşı onu da demək lazımdır ki, azərbaycanlılar rus ədəbiyyatını kifayət qədər çox mütaliə edirlər. Ölkədəki rusdilli məktəblərin sayında azalma olmadığı kimi, bu məktəblərdə təhsil alanların sayında artım da davam etməkdədir. Yəni, azərbaycanlılar rus xalqına, rus mədəniyyətinə yox, rus ordusunun tarix boyu göstərdiyi münasibətə nifrət edir. Rus ordusunun ədalətsiz əməllərinə nifrət edir.

Ümid edirik ki, bəyanatın[2] 4-cü bəndinin tətbiq edilməsinə ehtiyac qalmayacaq və “sülh” məramlılar Azərbaycana tez-tələsik gəldikləri kimi, tez-tələsik də ölkəni tərk edəcəklər.

Xalq da haqlı olaraq tələsir və tez bir zamanda erməni silahlılarının sürətli şəkildə Azərbaycandan çıxarılmasını, Araik Arutunyan, Bako Saakyan, Arkadiy Qukasyan kimi separatçı liderlər başda olmaqla bütün separatçıların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Bu işi isə Rusiya “sülhməramlı”larının görəcəyinə inam get-gedə azalır.

Bir ordu gələcəksə, o Türk ordusu olsun

Azərbaycan və Türkiyə Prezidentlərinin 2010-cu ildə imzaladıqları strateji müttəfiqlik və qarşılıqlı yardım müqaviləsində[3] açıq-aydın qeyd edilir ki, bu dövlətlərdən hər hansı birinin üzərinə üçüncü bir dövlətin hücum təhlükəsi olarsa hərbi qüdrətlərin istifadəsi də daxil olmaqla bütün növ dəstək verilməsi haqda hər iki tərəf razılığa gəlmişdir. Bu müqavilə 10 illik müddətə imzalanmışdır və daha sonra növbəti 10 il müddətinə uzadılmışdır[4]. Məhz bu müqavilə 30 ildir müharibə və daimi hücum təhdidi altında olan Azərbaycan dövlətinə imkan verir ki, türk ordusunu Azərbaycana dəvət etsin. 10 noyabr bəyanatının 5-ci bəndində də qeyd edilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət sülhməramlı mərkəz tərəfindən həyata keçirilməlidir. Bu mərkəzin işinin təmin edilməsi məqsədi ilə 11 noyabrda Türkiyə və Rusiya MN-ləri arasında memorandum da imzalanmışdır.

Yuxarıda da qeyd etdiyim kimi, bu vaxta qədər Azərbaycan öz ərazisində digər dövlət və təşkilatların hərbi birləşmələrinin olmasına qarşı siyasət aparmışdır. Lakin indi müharibə bölgədə yeni reallıqlar yaradıb. Cənubi Qafqazın hər yerində Rusiya hərbçiləri var. Azərbaycan siyasi elitası açıq olmasa da türk ordusunun ölkəyə gəlməsini arzulayır. 10 dekabr tarixində təşkil olunmuş Zəfər paradında Türkiyə prezidenti R.T. Ərdoğanın da iştirakı və çıxışı bunun sübutudur. Azərbaycan xalqı isə daha böyük həsrətlə türk ordusunun gəlməsini istəyir və bunu istər sosial mediada, istərsə də şəhərlərdə, kəndlərdə açıq bir şəkildə nümayiş etdirir.

Türk ordusu niyə gəlmir?

Bəs türk ordusu niyə hələ də gəlməyib? Səbəb Azərbaycanın hələ də rəsmi olaraq türk ordusunu dəvət etməməsidir? Yoxsa Rusiya buna imkan vermir? Amma bu da ağlabatan deyil ki, 30 ildir münaqişənin uzanmasında maraqlı olan Rusiyanın mövqeyini səbəbsiz şəkildə dəyişsin. Çox böyük ehtimal ki, Türkiyə ilə hər hansı bir alış-veriş olub ki, Rusiya bu münaqişə ilə əlaqədar mövqeyini dəyişib. Və bu alış-veriş əsnasında ola bilməz ki, Türk ordusunun gəlməsi məsələsi müzakirə olunmamış olsun. Bəlkə hələ ki, türk ordusunun bölgəyə girməsi qərb dövlətlərini qıcıqlandıra bilər deyə proses uzanır? Qərb ölkələrinin heç biri rus ordusunun münaqişə bölgəsinə daxil olmasına reaksiya vermədi. Bəlkə türk qoşunları bölgəyə daxil olarsa, hələ ki, kövrək mərhələdə olan münasibətlər daha da pozular və yenidən münaqişə qızışar deyə gəlmirlər? Bəlkə də…

 

Müəllif:  Beynəlxalq münasibətlər üzrə ekspert, ictimai xadim Emin Əliyev

 

  • [1] 2010-cu il 8 iyun tarixli 1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hərbi doktrinasının 29-cu bəndi
  • [2] 10 noyabr 2020 tarixində Rusiya, Azərbaycan, Ermənistan dövlət başçıları tərəfindən üçtərəfli sülh bəyanatı imzalanmış, hərbi əməliyyatlar dayandırılmışdır.
  • [3] 16 avqust 2010 tarixində imzalanmış “Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və qarşılıqlı yardım müqaviləsi”nin 2-ci bəndi
  • [4] 3-cü bənddə haqqında danışılan müqavilənin 23-cü maddəsinin ikinci abzasının tələblərinə görə
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…