reading time
17 dəqiqə oxunma müddəti
351 baxış
Bu yazını paylaşın
Sosiologiya və toplum

Dördüncü sənaye inqilabına hazırıqmı?

04 Fevral 2021

Üçüncü inqilabı geridə qoyuruq

Dördüncü sənaye dövrü artıq başlayıb. Hazırda biz elə bir mərhələyə çatmışıq ki, həyatımızı yeni nailiyyətlərsiz təsəvvür edə bilmirik. Dünən fantastik hesab etdiyimiz layihələr üzərində bu gün artıq innovasiya şirkətləri çalışır, nailiyyətlər əldə edirlər.

Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

Dördüncü sənaye inqilabı bəşəriyyətə həmçinin daha uzun və sağlam həyat yaşamaq imkanı verir. İnkişaf etmiş ölkələrdə doğulmuş uşaqların ¼-nin nəzərdə tutulan ömür uzunluğu artıq 100 ilə bərabərdir. Bu dəyişim fonunda mütləqdir ki, “əmək qabiliyyətli dövr”, “təqaüd yaşı” və “həyatın fərdi planlaşdırılması” kimi məsələləri yenidən nəzərdən keçirək. Texnoloji inkişaf biznesin də inkişaf forması və sürətinə təsir göstərir. Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və s. yeni texnologiyalar sahibkarlara daha az xərclə daha çox müştəri cəlb etməyə imkan verir.

Qabaqcıl ölkələr bununla bağlı nə edir?

Üzləşdiyimiz dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki, dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır.

2016-cı il Davos Dünya İqtisadi Forumunun yekun hesabatına görə, mobil cihazların, internet sensorların və s. hər yerdə yayılması, alış-verişdən tutmuş xəstəyə qulluğadək dəqiq məlumatları əldə etməyə imkan vermişdir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri, avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.

İsveçrənin tanınmış maliyyə holdinqi “UBS”in tədqiqatına görə, bu dövrdə ancaq inkişaf etmiş ölkələr qalib olaraq qalacaqlar. Qeyd olunur ki, məhz onlar dördüncü sənaye inqilabından potensial mənfəət əldə edən ölkələrin sıralamasında ilk 15 yeri tuturlar. İnkişaf etməkdə olan ölkələr isə istehsalın universal avtomatlaşdırması şəraitində artıq ehtiyac duyulmayan orta və aşağı səviyyəli işçi qüvvəsinə görə ciddi şəkildə geriləmə riski ilə üzləşə bilərlər.

Müşahidələr göstərir ki, “Sənaye 4.0” dövründə ölkələr infrastruktur inkişafına vəsait ayırır, geri qalmamaq üçün yatırımlar edirlər. Məsələn, Almaniya sənaye infrastrukturunun dəstəklənməsi və inkişafına hər il 40 milyard avro ayırır. 2014-cü ildən etibarən Böyük Britaniya “HyperCat” adlanan “Əşyaların İnterneti”nin inkişafına milyonlarla dollar vəsait ayırır. Fransa isə 2015-ci ildən etibarən fransız İT şirkətlərinin və startaplarının inkişafını dəstəkləyən “La French Tech” proqramına ildə 200 milyon avro ayırır. Bu mənada Azərbaycanda da iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə telekommunikasiya sferasına yeni investisiyaların yatırılması lazımdır. Bunun üçün isə Azərbaycanda innovasiyaları tətbiq etməyi bacaran, ekosistemi dərindən bilən intellektualların yetişməsi və sayının çox olması vacibdir. Çünki, innovasiyaları insan yaradır. Burada diqqət edilməli olan başlıca məqamlardan biri də bu intellektualların xaricə axınının qarşısının alınmasıdır. Çox təəssüf ki, bu sahədə ölkəmizdən “beyin köçü” sürətlə davam edir.

Dördüncü sənaye inqilabı dövründə geridə qalmamağın yollarından bir digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Dünya İqtisadi Forumunun hazırladığı “2018 Qlobal Rəqabətlilik Hesabatı”-da 4-cü Sənaye İnqilabı da əsas götürülərək yeni formatda rəqabətlilik indeksi tətbiq edilib. Hesabatda qeyd edilir ki, 4-cü Sənaye inqilabının mürəkkəbliyi, əhatə dairəsi və miqyası o qədər geniş olacaq ki, bəşəriyyətin yaşayış şəraiti, həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək. Bəzi alimlər hətta bu inqilabın “bəşər” və “insan” sözlərinin tərifini dəyişəcəyini iddia edirlər.

Birinci sənaye inqilabı suyu və buxarı istifadə edərək istehsalı müəyyən qədər mexanikiləşdirdi. İkinci sənaye inqilabı zamanı bəşəriyyət elektriklə tanış oldu və kütləvi istehsala başladı. Nəhayət, ötən əsrin ortalarında üçüncü sənaye inqilabı (rəqəmsal inqilab) baş verdi və elektronika və texnologiya sayəsində insanlar istehsalı avtomatlaşdıra bildi. 4-cü sənaye inqilabının isə iş yerlərində ağıllı texnologiyaları tətbiq etməklə 3-cü inqilabın avtomatlaşdıra bilmədiyi bütün sahələri avtomatlaşdıra biləcəyi düşünülür. Həmçinin, yeni inqilabla bərabər insanların orta yaş həddi artacaq və əvvəllər çarəsi tapılmayan xəstəliklərin həlli yeni texnologiyanın tətbiqi ilə mümkün olacaq.

Nələr ola bilər?

Dördüncü sənaye dövründə insan faktorunun zəifləməsi əmək bazarında kütləvi işsizliyə səbəb ola bilər. Texnologiyanın tətbiqindən əvvəl minlərlə işçiyə tələbi olan müəssisələr, yeni texnologiya ilə bir neçə işçi ilə eyni həcmdə istehsal edə biləcəklər. Bəzi peşə və ixtisaslar ümumiyyətlə yoxa çıxacaq. İnsanların qabiliyyəti yalnız texnologiyanın tətbiqi ilə ölçüləcək. Bu isə o deməkdir ki, əmək bazarında tələbi texnoloji qabiliyyət formalaşdıracaq. Onu da qeyd etmək lazımdır ki, kvant kompüterlərinin tətbiqi ilə kompüterlərimiz indiki kimi yalnız bizə xidmət edən, bir neçə standard proqramın olduğu, internetə giriş üçün istifadə edilən alət olmaqdan çıxacaq və indi ağlımıza belə gəlməyən fərqli işləri həyata keçirə biləcəklər. Ancaq bəzi mütəxəssislər kvant kompüterlərinin tətbiqi ilə, dünyada kiber təhlükəsizliyin qalmayacağını, internetdə istənilən şəxsi məlumatın təhlükə altında olacağı fikrindədilər. Onlar düşünürlər ki, bütün fəaliyyətimiz kvant kompüteri olan şəxslər tərəfindən izlənilə bilər.

Həmçinin iş yerlərində və cəmiyyətdə robot və texnologiyaların tətbiqi dünyada “xalq mədəniyyəti” deyilən anlayışın yox olması ilə nəticələnəcək. Yeni texnologiyaların tətbiqi o qədər qorxulu ola bilər ki, hətta insanlar öz ruh və şəxsi keyfiyyətlərini də itirə bilərlər.

Dünyanın iqtisadi xəritəsinə diqqət yetirsək, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının inkişaf etməkdə olan ölkələrdən dəfərlə böyük olduğunu görərik. Bu fərq iqtisadiyyatın bütün sahələrində özünu göstərir və inkişaf etmiş ölkələr məhz inkişafın yaratdığı iqtisadi tələbi qarşılamaq üçün inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ehtiyac duyurlar. İnkişaf etməkdə olan ölkələr isə iqtisadiyyatın bir sahəsi üzrə müqayisəli üstünlük əldə edərək ixtisaslaşır və böyüyür.

Ancaq 4-cü sənaye inqilabının tətbiqi ilə bu trend yox ola bilər. Çünki, 4-cü inqilabın gətirdiyi texnoloji yeniliklər digər 3 inqilabdan daha baha olacaq və sözsüz ki, tətbiqi üçün ilk öncə normal infrastruktur olması şərtdir. Texnologiyaların baha olması, onların bütün dünya ölkələrində tətbiqini çətinləşdirəcək. İndiyə qədər iqtisadiyyatın hər-hansı sahəsində inkişaf etməkdə olan ölkələrdən asılı olan inkişaf etmiş ölkələr, yeni texnologiya ilə asılılığı aradan qaldıra biləcək və daha da effektiv üsullarla istehsal edə biləcək. Onsuz da 3-cü sənaye inqilabını tamamən mənimsəməmiş ölkələr yenə də 4-cü inqilaba illər sonra başlaya biləcək. Deməli, inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında iqtisadi uçurum daha da artacaq.

Keçmişdən gələcəyə sənaye inqilabları…

Tarix göstərir ki, artım sıçrayışları sənaye inqilablarının başlanğıcı ilə əlaqələndirilir. Avtomatlaşdırmanın tətbiqindən sonra qlobal iqtisadi artım artıq 50 ildir ləngiyir. Bütün bu vaxtı şirkətlər yerində saymayıb yeni artım imkanları tapmağa çalışıblar. Məsələn, istehsalın ofşorlara köçürülməsi əmək qüvvəsinə məsrəfləri azaldır. Vaxtilə, ən məşhur ofşor zona Çin hesab olunurdu, ancaq orada da əmək ucuzluğu çox çəkmədi. Artıq 2015-ci ildə Çində orta əməkhaqqı bir çox ölkələrin göstəricilərini geridə qoymuşdu.

Yaxın 20 ildə bu texnoloji dəyişikliklər dalğası demək olar ki, bütün istehsalçılara və istehlakçılara gəlib çatacaq. Son statistiki göstəricilərə görə inkişaf etmiş ölkələrdə əhalinin qocalması müşahidə olunmaqdadır. Əgər 2000-ci ildə dünya əhalisinin yalnız 10%-i 60 yaşdan yuxarı idisə, 2050-ci ilə bu göstərici 21%-ə çatacaq. 2050-ci ilə bütün dünya üzrə şəhər əhalisinin payı 50-dən 72%-dək artacaq. Urbanizasiya ixtisaslı personalın sayının artmasına, ən yeni layihələrin ortaya çıxmasına və rəqabətin kəskinləşməsinə doğru aparır. Təxminən 2030-cu ilə bəşəriyyət orta hesabla baza resurslarının 40%-dən çoxunu işlədib bitirəcəkdir. Resurs defisiti təhlükəsi və iqlim dəyişiklikləri bütün dünyada son dərəcədə aktualdır. İstehsala və istehlaka ekoloji yanaşmaların işlənib hazırlanması üçün daha çox mütəxəssis tələb olunacaq. Alimlər hesablayıb ki, yaxın 20 il ərzində ABŞ-dakı peşələrin 47%-i çox güman ki, avtomatlaşdırılacaq. Bu gün artıq insanın yazdığından faktiki olaraq fərqləndirilməyən mətni sintezləşdirməyə qadir olan mürəkkəb alqoritmlər mövcuddur. Bu layihənin təkmilləşdirilməsi templəri saxlanıldıqca növbəti 5-7 il ərzində xəbərlərin 90%-i kompüter tərəfindən yaradılacaqdır. 2017-ci ilin sonunda “Deloitte” şirkəti Amerika, Asiya və Avropanın 19 ölkəsindən 1 603 top-menecerlə sorğu aparıb və bunu müəyyən edib:  sorğu götürülənlərin ancaq dörddə biri hesab edir ki, onların əməkdaşları yetərincə hazırlıqlıdır və gələcəkdə iş üçün zəruri vərdişlərə malikdir. Beləliklə, tədqiqatçıların fikrincə, gələcəkdə bir şirkətin bazardakı uğuru onun işçilərinin keyfiyyəti ilə müəyyən olunacaq.

Dördüncü sənaye inqilabı şəraitində ağıllı maşınlar indi insanların yerinə yetirdiyi bir çox vəzifələri yerinə yetirə biləcəklər. Bəs onda hansı nadir insan bacarıqları qiymətli sayılacaqlar? Gələcəyin tələbatında geniş bir vərdişlər spektri vardır. Ümumi İT vərdişləri və proqram təchizatının istifadəsi, ümumi proqramlaşdırma vərdişləri yüksək əhəmiyyət qazanmaqdadır. Mürəkkəb informasiyanı işləmək, yeni rəqəmsal texnologiyaların köməyi ilə əməkdaşlar və müştərilərlə ünsiyyət qurmaq, vəzifələri yerinə yetirmək, planlaşdırmağı bacarmaq ən müxtəlif ixtisaslı əməkdaşlar üçün vacib olacaq. Məsələn, analitik tədqiqatların məlumatlarına görə, yaradıcılıq, problemlərin həlli, ünsiyyət, komanda işi və sahibkarlıqla bağlı olan qeyri-standart analitik vərdişlərə – işçilərə dəyişikliklər şəraitində effektiv qalmağa kömək edən bütün vərdişlərə tələbat artır.

McKinsey konsaltinq şirkətinin tədqiqatına görə, gələcəkdə əksər peşələr sosial və emosional vərdişlər, yüksək səviyyəli məntiqi təfəkkür və bu kimi digər yüksək koqnitiv bacarıqlar tələb edəcəkdir. Bununla belə, hətta avtomatlaşdırılmış peşələr belə müəyyən dərəcədə insan iştirakını tələb edəcəklər. Məsələn, maşınlar informasiyanın alınması və işlənməsi üzrə təməl işləri görməyə qadirdir, ancaq daha yüksək təhlil tələb edən işə tələbat artmaqda davam edir. Mütəxəssislər əsas fərqi texnologiyanın insan həyatına daha çox təsir etməsi və onun daha sürətlə inkişaf etməsində görür. Nümunə kimi telefonu götürək: telefon 100 milyon istifadəçiyə 75 ildə çatdığı halda, “Instagram” bunu 2 ildə, “Pokemon Go” isə sadəcə 1 ay ərzində həyata keçirdi.

Hazırda dördüncü sənaye inqilabına keçid reallaşıbmı? Bu suala cavab olaraq süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, “3D printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadəsinin artması, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və s. göstəricilərlə dördüncü sənaye inqilabının başladığını deyə bilərik.

Azərbaycan bu mənzərənin harasındadır?

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü sənaye inqilabi barədə fikirlərini belə izah etmişdi: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, istər sənaye istehsalının inkişafında, bir sözlə, bütün sahələrdə müasir texnologiyalar hər şeyi həll edir”. Azərbaycan dövləti məhz bu tendensiyanı göz önünə alaraq yeni sənaye inqilabının çağırışlarına adekvat reaksiya göstərilməsini strateji vəzifə hesab edir. Mütəxəssislərin fikrincə, Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür.

Bu gün Azərbaycanın aqrar sektorunda həyata keçirilən əsas innovativ tədbirlərdən biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasıdır. İnformasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və spesifikasiyalara dair sənədlər toplusunun hazırlanması nəzərdə tutulub. Aqrar sektorda tətbiq edilən əsas innovativ tədbirlər arasında müxtəlif rayonlarda böyük aqroparkların və müasir texnologiyalarla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin yaradılması yer tutur. Ölkə başçısının müxtəlif müşavirələrdə qeyd etdiyi kimi, Azərbaycanda 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur və onlardan bəziləri artıq fəaliyyətə başlayıb. Həmin aqroparkların ümumi sahəsinin 200 min hektara yaxın olacağı bildirilir. Hansı ki, o torpaqlarda bu zamana qədər heç nə əkilmirdi və boş ərazilər kimi qalırdı.

Lakin o da sirr deyil ki, dövlətimizin “Böyük qayıdış” planına əsasən, öz doğma torpaqlarına geri dönən insanlarımızın gələcək yaşamları ilə paralel olaraq onların işlə, digər mühüm fəaliyyətlərlə məşğul olmaları istiqamətində də planlar işlənilir, zəruri tələblərə cavab verəcək layihələr hazırlanır. Nəzərə alsaq ki, işğaldan azad edilmiş torpaqlarımızın əksəriyyətində aqrar sektor önəmli yer tutur, belə fikrə gəlmək mümkündür ki, sözügedən sektorun ən müasir standartlara cavab verməsi istiqamətində müasir texnologiyaların tətbiqinə də ehtiyaclar yaranacaq.

Smart Aqro sisteminin tətbiqi azad edilmiş ərazilərimizdəki çoxsaylı perspektivlərə – kənd təsərrüfatının reformasiyasının və ekoloji dayanıqlığının təmin edilməsinə öz böyük töhfələrini verə bilər. Çünki aqrar sahənin inkişaf trayektoriyasında ekoloji tənzimləmənin də rolu vacibdir. Xüsusilə uzun illər işlənməmiş torpaqlarımızda smart aqro sistemi mühüm tələbata çevrilə bilər. Yaxın gələcəkdə belə bir 4-cü sənaye inqilabı sisteminin Qarabağda tətbiqi reallığa çevrilməsi ehtimalı heç də az deyil.

Digər tərəfdən, əkin altında olan ərazilərdə “əşyaların interneti”ni də geniş tətbiq etmək mümkündür. Belə ki, öncədən sensorlar vasitəsi ilə əkin əraziləri əhatə olunur və torpaqdakı proseslər, torpağın motorikası haqqında məlumat toplanaraq bazaya ötürülür və daha sonra təhlil edilir, müəyyən nəticələrə gəlinir. Daha dəqiq desək, aparılan təhlillər nəticəsində suvarmanın səviyyəsi, hər hansı bir məhsulun dəyməsi, yetişmə dərəcəsi, zərərvericilərin sirayətlənməsi, təhlükəli hallar yarandıqda isə karantin qaydaları tədbirləri barədə qənaətlərə gəlinir, qərarlar verilir. Heyvandarlıqda da smart sistemlərinin istifadəsi ölkəmizlə yanaşı, xarici dövlətlərdə də çox geniş vüsət alıb və son zamanlar həmin tətbiq öz səmərələrini də verməkdədir. Həmin cəhətlərdən biri də heyvanların sağlam mühitdə bəslənmələri ilə əlaqəlidir. Bu baxımdan, mal-qaranın sensorlar ilə təchiz edilməsi, onların hərəkətlərinin rahat izlənməsinə, mövcud bəslənmə ərazilərindən kənara çıxmamasına, itkiyə getməməsinə geniş şərait yaradır. Bunu da məhz peyk texnologiyalarının verdiyi imkanlarla həyata keçirmək mümkündür.

Digər tərəfdən, heyvanların ötürücülər vasitəsi ilə xəstə olub-olmamalarının müəyyən edilməsi də mühüm amillərdəndir. Bəllidir ki, ət və süd məhsullarının istifadəsi üçün yetişdirilən müxtəlif cinsli iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqlarının mühafizəsi həm də insanların sağlamlıqlarının qorunmasına hesablanır. Ötürücülər vasitəsi ilə müəyyən etmək olur ki, hansı heyvanda çatışmayan maddə var, yaxud hansı heyvanda xəstəlik əlamətləri mövcuddur və s. Məhz bu kimi məlumatların toplanılaraq təhlil edilməsi və səmərəli qərarların verilməsi önəm kəsb edən faktorlardandır. Belə bir yüksək texnoloji imkanların ilkin tətbiqlərinin məhz işğaldan azad edilmiş ərazilərimizdə gerçəkləşdirilməsi bu ərazilərin kapitalını artırması ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanlarını da artıracaq, büdcəyə səmərələrini verəcək.

 

Müəllif:  Beynəlxalq münasibətlər üzrə ekspert, ictimai xadim Emin Əliyev

Sizin reklamınız burada ola bilər.