reading time
13 dəqiqə oxunma müddəti
145 baxış
Bu yazını paylaşın
Tarixi baxış

Azərbaycanlı gəlin – Əməkdar jurnalistin yazısı

20 Aprel 2023

20-ci yüzilliyin əvvəllərində yaşayıb-yaradan görkəmli publisist-jurnalist Hacı İbrahim Qasımov Rusiya müsəlmanlarının mənəvi-milli-ideoloji lideri, maarifçi publisist, naşir İsmayıl bəy Qaspiralının ölümü münasibətilə “İqbal”ın 15 sentyabr 1914-cü il tarixli sayında “Sizə həkim” – deyə xitab edirəm, ey dahi!” adlı məqaləsində yazırdı: “Bizim bir çox həkim, təbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. Sən də həkim idin və lakin ümumi millətin ruhunu müalicə edirdin”.

Millətin ruhunu müalicə edən Türk xalqının böyük oğlu, türkçü-millətçi sağlığında “Millət atası” adını qazanan İsmayıl bəy Qaspiralının xoşbəxtliyi onda idi ki, o, övladlarını da xalqı yolunda, onun mübarizəsi, maarifi, azadlığı uğrunda mücadiləyə hazırlamışdır. Xüsusən də qızı Şəfiqə xanımı. Kim idi Şəfiqə xanım Qaspiralı?

Rusiya müsəlmanlarının ilk qadın jurnalı “Aləmi-nisvan”ın (“Qadın dünyası”) çapına nail olan ilk müsəlman redaktor qadın, “Tərcüman”da bütün türk dünyasının qadınlarının azadlığı uğrunda mübarizəyə qalxaraq ilk olaraq çalışan jurnalist, Krımda ilk “Qadın komitəsi” yaradan təşkilatçı və ən başlıcası Azərbaycanın Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin ömür-gün yoldaşı – Azərbaycanlı gəlini.

Doğrusunu deyim ki, təkcə Şəfiqə xanım yox ümumiyyətlə, 20-ci yüzilliyin əvvəllərində xalqının maariflənməsi, azadlığı, xoşbəxtliyi uğrunda mübarizə aparan, xeyriyyə cəmiyyətləri yaradan hətta öz varidatını bu yolda qurban verməkdən belə çəkinməyən (Məsələn Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Qarabağdakı mülkündə məktəb açaraq pulsuz kasıb uşaqlarına təhsil verib, “Molla Nəsrəddin”i maliyələşdirib və s.) qadınlarımız haqqında hər dəfə yazanda qürur hissi ilə yanaşı, bir təəccüb hissi də keçirirəm… Xüsusən də Şəfiqə xanım haqqında. Ölkənin Baş nazirinin xanımı olasan, amma …

Nəsib bəyin və Şəfiqə xanımın istər nişanlı, istər ailəli olduqları və ayrıldıqları zaman bir-birinə ünvanlanan məktublarını gözdən keçirdikdə (onlar ayrılsa da Nəsib bəy ailəni heç vaxt tək buraxmayıb və ailənin bütün maddi çətinliklərini özü həll edib) bu qadının nə qədər yüksək mövqedə duran bir ziyalı xanım olduğunun şahidi olursan. Hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Xalq Maarif nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kursda işləyərkən Şəfiqə xanımın övladları ilə çox sadə bir şəraitdə yaşaması (bunu onlar haqqında yazılan tədqiqat əsərlərinə, xatirələrə, məktublara, arxiv materiallarına əsaslanaraq söyləmək mümkündür) az qala təəccüb doğurmurmu? Axı o, baş nazirin xanımı idi…

İstər sovet dövründə, istərsə də bu gün gördüklərimiz və oxuduqlarımız bizi əmin edir ki, nəinki, baş nazirin xanımı, hətta adicə bir icra başçısının, polis rəisinin, komitə sədrinin xanımı saysız-hesabsız dəbdəbəli imarətlərdə, bahalı daş-qaşlarda, libaslarda itib-batmaqla özünü də “itirir”. Dünəni, kimliyi tam yadından çıxır. (Doğrudur sovet dövründə bunu bir az o qədər də açıb-ağartmasalar da amma həqiqət bundan ibarət idi).

Bəs onda Şəfiqə xanım niyə belə, çox sadə bir ömür yaşayırdı? Əslində bu sadəlikdə böyük bir zadəganlıq, gözütoxluq yox idimi? Axı Şəfiqə xanım bütün varlığı ilə xalqına bağlı, daxilən zəngin bir xanım idi. Çoxlu var-dövləti ilə yox, zəngin nüfuza malik, kökü-soyu olan bir nəslin yetirməsi, məşhur Qaspiralılar nəslindən olan Şəfiqə xanımın ata babası Mustafa bəy, nənəsi Fatimə Sultan nüfuzlu bir nəslin nümayəndələri olub. Ciddi təlim-tərbiyə, əxlaqi-mənəvi mühit, yüksək təhsil görmüş bu ailə övladlarını da belə böyütmüşdür. Onlar üçün milli əxlaqi-mənəvi dəyərlər, milli təəssübkeşlik, vətənpərvərlik hissi hər şeydən uca və müqəddəs tutulurdu. Atası İsmayıl bəy Avropa təhsili görmüş, Şərq mədəniyyətini mənimsəmiş, anası Zöhrə xanım Akçuran zadəgan bir nəslin qızı olmuşdur. Bax Şəfiqə xanım belə bir mühitdə böyümüşdür.

İlk təhsilini atası İsmayıl bəydən alan Şəfiqə sonra təhsilini Krımda “üsuli-cədid” məktəbində davam etdirmişdir. Atası İsmayıl bəy Şəfiqənin rus dilini yaxşı mənimsəməsi üçün ona şəxsi müəllim tutmuşdur. Avropa və Şərq ədəbiyyatını, mədəniyyətini öyrənən Şəfiqənin dünyagörüşündə, həyata baxışında bir yenilik hiss edən atası onu mətbuata, ədəbiyyata istiqamətləndirir. Şəfiqə xanım ilk olaraq “Tərcüman” qəzetinin redaksiyasında işə başlayır.

1903-cü ildə ilk olaraq “Tərcüman”da çap olunan Şəfiqə xanım cəmi üç il sonra bütün türk qadınlarının hüquqları uğrunda mübarizəyə qalxaraq 1906-cı ildə Rusiya müsəlmanlarının ilk qadın jurnalı olan “Aləmi-nisvan”ın nəşrinə nail oldu və jurnal “Tərcüman”ın mətbəəsində 1910-cu ilə qədər nəşr edildi. On beş gündən bir işıq üzü görən səkkiz səhifəlik jurnal nəinki Krımda, hətta bütün türk dünyası ziyalıları tərəfindən böyük çoşqu ilə qarşılandı.

Bu haqda dövrün tanınmış jurnalisti Şəfiqə xanım Əfəndizadə Bakıda çap olunan “İqbal” qəzetində yazırdı: “Aləmi-nisvan” məcmuəsi bir çox zamanlar davam etməsə də, bununla belə, yenə xeyli faidələr bəxş etdi. Onun sayəsində hər tərəfdə qız məktəbləri açılmağa müvəffəq oldu”.

Digər tədqiqatçıların yazdığına görə bu jurnal “Rusiya müsəlmanlarının-türklərin təffəkür tərzində bir dəyişiklik yaratdı, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan bir nur oldu”.

Bu nuru türk dünyası qadınlarına bəxş edən Şəfiqə xanım Nəsib bəylə necə oldu ki ailə qurdu? Gəncədə dünyaya gələn Nəsib bəy ilk təhsilini mədrəsədə aldıqdan sonra Gəncə klassik gimnaziyasını bitirir və 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olur.

Yaxşı oxumaqla yanaşı, ətrafda baş verən bütün siyasi-ictimai hadisələrə müdaxilə edir və tez bir zamanda Nəsib bəy burada azərbaycanlı tələbələrin “Həmyerlilər” təşkilatına rəhbərlik edir. Universitet tələbələrinin siyasi çıxışları çar hökumətini qəzəbləndirir və hökumət müvəqqəti olaraq universiteti bağlayır. Təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirən Nəsib bəy baş verən iğtişaşlardan sonra Bağçasaraya gələrək İsmayıl Qaspıralı ilə tanış olur. “Türkçülük tarixində yeni mərhələ açan” İsmayıl bəyin fikirləri, ideyaları Nəsib bəyi daha çox cəlb etdiyi üçün o, bir müddət burada qalır və “Tərcüman”la əməkdaşlıq edir. Bu zaman Nəsib bəylə Şəfiqə xanım arasında saf bir sevgi münasibətləri yaranır…

Bir müddət sonra İsmayıl bəyin xeyir-duası ilə 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Nəsib bəy Şəfiqə xanımı həmin ilin sentyabrında Gəncəyə gətirir. Nəsib bəyin valideynləri bu evlilikdən çox məmnun olduqları üçün onları böyük şadyanalıqla qarşılayırlar və bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladları olur.

1906 və 1912-ci illər ərzində onlar həm Gəncədə, həm də Bağçasarayda yaşayırlar. Nəsib bəy “Tərcüman”da çalışmaqla yanaşı, həmin dövrdə Gəncə bələdiyyə idarəsi məclisinə üzv seçilir və bu yeni vəzifə ona ictimai və milli işlərdə daha çox çalışmaq fürsəti verir.

Bu zaman Nəsib bəyin şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin əvvəllər Gəncədə bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır, övladlarını da götürüb Krıma ata yurduna qayıdaraq, yenidən “Tərcüman”da çalışmağa başlayır.

Şəfiqə xanımın küsüb getməsinə və inadkarlıq etməsinə baxmayaraq Nəsib bəy nə İsmayıl bəy Qaspiralı ilə, nə də “Tərcüman” qəzeti ilə münasibətlərini kəsmir. Əksinə tez-tez Bağçasaraya İsmayıl bəy gilə gəlir, “Tərcüman”da maraqlı məqalələrlə çıxış edir, Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyur, özü də əsas rollarda çıxış edir.

1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə “Tərcüman”ın 25 illiyini keçirirlər. Deməli Nəsib bəy nəinki öz ailəsini, hətta İsmayıl bəyin ailəsini bir an belə öz himayəsindən kənara qoymur. Son illər İsmayıl bəyin səhhətində yaranan problemlər, iş, ailə qayğıları Nəsib bəyi ailəyə daha çox diqqət ayırmağa vadar edir.  Hətta İsmayıl bəy vəsiyyət edərkən onun başı üstündə olan Nəsib bəy onun dəfn mərasimində də ona bir doğması kimi son borcunu verir. Həmin dəfndən günümüzə qədər gəlib çatmış bir fotoda məzarın yanında diziüstə çökmüş iki kişi çəkilib.  Onlardan biri İ.Qaspıralının oğlu Rüfət bəy, digəri isə Nəsib bəydir…

İsmayıl bəyin ölümündən sonra onun ailəsinə diqqəti bir az da artıran Nəsib bəyin 1916-cı ildə Şəfiqə xanıma ünvanladığı məktub buna bir daha sübutdur. O,  “Tərcüman”ın taleyindən narahat olaraq yazırdı: “Əzizim Şefi. Məktubunu aldım. Yazdıqların məni çox üzdü. Sizlərə tövsiyəm budur; əl-ələ verib çalışın. Böyük kimi Rüfəti qəbul etməlisiniz. Hər hansı məsələ ilə bağlı qərar vermək lazımdırsa, birlikdə edin. Mənə inanın, yad adamlar sizi hər an oyuna çəkə bilərlər. Qazanc imkanı bitəndə üzü üstə qoyub qaçarlar… Sizlərə tövsiyəm: rəftarınızı dostca qurun, işi birlikdə davam etdirin. Bütün razılaşmalarda bərabər iştirak edin, qəzeti və mətbəəni əldən verməyin. Krımtay ilə barışın, hər şeyi qamarlamaması üçün tədbirli olun. Onu həmişə bəlli məsafədə saxlamağa çalışın. Təəssüf ki, indiki halda Krıma gəlməyimə imkan yoxdur”. Bu məktubda Nəsib bəyin bu ailənin problemlərinə necə qayğı ilə yanaşması bir daha özünü büruzə verir və buna heyran qalmaya bilmirsən.

Doğrudur, Qaspiralının ölümündən sonra həm ailə, həm də ictimai-siyasi işlərdə Şəfiqə xanımın çiyinlərinə daha çox ağırlıqlar düşür. Amma Şəfiqə xanım çətin də olsa bunların öhdəsindən gəlməli olur, hətta ictimai-siyasi işlərdə daha fəallaşır. 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçililən Şəfiqə xanım elə həmin ildə Krımda “Qadın komitələri” təşkilatını yaradır. 1917-ci ilin may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edir.

Əlbəttə, Krım müsəlmanlarının xüsusən də, Şəfiqə xanımın bu fəallığı çar hökumətini çox ciddi narahat etməyə bilməzdi. Odur ki, çar rejimi sərt tədbirlər görərək 1918-ci ilin fevralın 23-də “Tərcüman” qəzetini bağlayır, mətbəəni isə müsadirə edir.

Krımda baş verən bu hadisələrdən narahat olan Nəsib bəy Şəfiqə xanıma məktub yazaraq təkidlə uşaqlarla birlikdə Azərbaycana gəlməsini xahiş edir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım Cümhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Eyni zamanda dövrü mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir.

…Azərbaycan Xalq Cümhuriyyətinin işğalı, Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsi Şəfiqə xanımı övladları ilə birlikdə çətin bir vəziyyətə salır.

Yeni rejim Şəfiqə xanım üçün düşmən olsa da, ona Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Sözsüz bu “qayğı” uzun sürməyəcəydi. Odur ki, Şəfiqə xanım Azərbaycanı nə qədər tez tərk edə bilsəydi, o qədər fəlakətdən özünü və övladlarını qoruya bilərdi. Amma necə? Axı o, Cümhuriyyətin Baş nazirinin xanımı idi.

Tədqiqatçıların yazdığına görə Şəfiqə xanım və övladları bolşevik hökumətinin caynağından İsmayıl bəyin yaxın dostu o zaman TBBM-in Bakıdakı təmsilçisi Memduh Şövketin və Nəriman Nərimanovun səyi nəticəsində xilas ola bilirlər. Onları gizli olaraq türk hərbiçiləri ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan isə çox çətiniklə İstanbula keçirə bilirlər. Burada da bir müddət Şəfiqə xanım övladları ilə səfalət içində yaşayır. Çətinliklə uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə həyata göz yumur. Deyilənlərə görə, Şəfiqə xanım ömrünün sonuna kimi Nəsib bəyin sevgisinə sadiq qalır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Talesiz bacılar…- Qərənfil Dünyaminqızı

20 Aprel 2023
9 dəqiqə oxuma
Və yaxud Mirzə Cəlilin bədbəxt qızları... 1895-ci ildə Mirzə…