reading time
6 dəqiqə oxunma müddəti
390 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

11 yanvar Əliyev-Paşinyan görüşü və gözləntilər

07 Yanvar 2021

Bütün dünyanın gözü bizdə!

Məlum olduğu kimi yanvar ayının 11-də Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistanın Baş Naziri N.Paşinyan arasında Rusiyada görüş keçiriləcək. “Bütün dünyanın nəzəri bu görüşdə olacaq” desək, yanılmarıq.

Vətən Müharibəsinin döyüş fazasının bitməsi ilə yeni informasiya və diplomatiya savaşı davam etməkdədir. Təbii olaraq, danışıqlar tərəflərdən biri qalib, digəri məğlub olduqdan sonra başlamalı idi və elə də olmaqdadır. Ermənistanın ağır məğlubiyyəti onun ağ bayraq qaldırmasına və heç vaxt qəbul etməyəcəklərini bildirdikləri şərtlər altında Rusiyanın da iştirakı ilə üçtərəfli sülh bəyannaməsini imzalamasına gətirib çıxardı.

Lakin müqavilədən sonrakı dövrdə acı məğlubiyyəti həzm edə bilməyən erməni tərəfi və əsasən də erməni lobbisi Qarabağın statusu məsələsini dünya gündəmində saxlayaraq noyabrın 10-u imzalanmış müqavilənin istiqamətini başqa yerə yönləndirməyə çalışırlar. Erməni tərəfində hələ də belə bir ab-hava hökm sürür ki, sanki Azərbaycan ərazisində ikinci erməni dövləti (“Artsax”) olub. Fakt olaraq, bu tezis absurddur, çünki heç bir dünya dövləti və heç bir beynəlxalq qurum bu “dövləti” tanımır. Hətta Ermənistan özü belə.

Ermənistan nə istəyəcək?

Bu görüşə İ.Əliyevin qalib, N.Paşinyanın isə məğlub olaraq qatılacağı üçün əsas söz sahibinin kimin olacağını təxmin etmək çətin deyil. İlham Əliyevin opponentindən bütün sahələrdə irəlidə olması, siyasi təcrübəsi və Beynəlxalq aləmdə özünü güclü siyasətçi kimi təsdiqləyə bilməsi də görüşdə psixoloji üstünlüyün Azərbaycan tərəfinin yararına olacağına ehtimalı kəskin artırır.

Güman ki, İ.Əliyev müharibə zamanı söylədiyi “status yoxdur”, “torpaq bütünlüyü tam təmin olunmalıdır”, “erməni separatçı qüvvələri 12 yanvar tarixinə qədər tərksilah edilməlidir” tələblərini yenidən irəli sürəcək və N.Paşinyan da bunu qeyd-şərtsiz qəbul etməli olacaq. Lakin növbədənkənar Parlament seçkilərinin keçiriləcəyi Ermənistanda hakimiyyətini qorumaq üçün Paşinyan daxili publikanın rəğbətini qazanmaq üçün bəzi güzəştləri qoparmağa çalışacaq. Güzəştləri isə məhz Rusiyanın əli ilə almağı planlayan Paşinyan, əsasən, Arayik Harutyunyanın formal hakimiyyətini saxlamağa, separatçı silahlıların Azərbaycan ərazisində qalmalarını təmin etməyə cəhd edəcəkdir ki, bunlara İ.Əliyev heç bir vəchlə razı olmayacaq.

44 günlük müharibə zamanı gördük ki, İ.Əliyev bir çox dünya liderlərinin döyüşləri dayandırmağı tələb etməsinə baxmayaraq, hərbi əməliyyatları dayandırmadı, əksinə, bütün müstəvilərdə ondan dayanmağını tələb edən liderlərin cavablarını tutarlı, səlis arqumentlərlə verdi. Təbii ki, Azərbaycanın öz torpaq bütünlüyünü ordusu hesabına bərpa etməsi təkcə düşmənə yox, həm də bütün regiona və dünyaya nümayiş etdirilən bir güc göstərisi idi. Səbəbsiz deyil ki, bəzi geosiyasi analitiklər 2020-ci ili “Azərbaycan ili” kimi adlandırıblar.

Rusiya kimi seçəcək?

Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın da bir çox marağına cavab verə bilir. 20-30 il bundan qabaqkı vəziyyətdən fərqli olaraq, Ermənistan artıq yeganə alternativ deyil. Ermənistan onsuz da Rusiyanın vassalı və az qala, anklavıdır. Əvvəlkindən fərqli olaraq indi heç bir əhəmiyyətə malik deyil. Belə ki:

1. İmperiya zamanlarından fərqli olaraq indi Ermənistanın Rusiya ilə sərhədləri yoxdur. Əksinə, Ermənistanın illər ərzində yürütdüyü ekspansiv ideologiyası, bütün qonşu dövlətlərinə torpaq iddiasında olması Rusiyanın regionda möhkəmlənməsi üçün maneə törətməyə başlayıb.

2. Bu gün Rusiya Azərbaycanla münasibətlərini tam korlamağı əsla istəmir. Çünki rəsmi Moskva bunu Qafqazda öz nüfuz dairəsini tam itirmək və regionu NATO-ya təhvil vermək kimi görür.

3. İqtisadi apokalipsis dövrü yaşayan Ermənistan Rusiyanın onsuz da zəifləmiş büdcəsinə yük olaraq qalmaqdadır. Ermənistan əhalisi sürətlə xaricə immiqrasiya edən, daxili potensialı günü-gündən azalan bir ölkə olaraq hər gün bir az daha Rusiyadan maddi asılı hala düşür.

4. Ermənistan artıq uzun zamandır ki, Rusiya üçün Azərbaycanla Türkiyə və İran arasında bufer zonası rolunu da itirib. Əksinə, Azərbaycan bu gün Rusiya ilə Türkiyə arasında körpü rolunu oynamaqdadır ki, bu da Rusiyanı Azərbaycana qarşı “yaxın qonşuluq” siyasəti yürütməyə vadar edir. Ermənistan Rusiyanın regiondakı bu kimi əsas geosiyasi maraqlarını təmin edə bilmir.

Azərbaycanın yeni nəsil orduya sahib olması, iqtisadiyyatının yüksələn templə irəliləməsi, Qərb-Şərq qapılarından biri olması, fikrimcə, yanvar görüşündə Rusiya siyasi dairələri tərəfindən də nəzərə alınacaq. Bu günün reallığı budur ki, erməni ordusu tam məğlub olub və istənilən bütün tələbləri yerinə yetirməyə məhkumdur. Düzdür, Ermənistanın XİN səviyyəsində Rusiyada Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməsinin şahidi olsaq da məhz yanvar görüşü zənnimcə bütün bu məsələlərə birdəfəlik son qoyacaq.

Azərbaycanın itirilməsi Cənubi Qafqazın itirilməsidir.

Bu görüşdə 10 noyabr müqaviləsinin təfsir və mənaları uğrunda mübarizə olacağı da sirr deyil. Lakin güclü siyasi liderlik qabiliyyətlərini özündə cəmləşdirmiş İ.Əliyevin döyüş meydanında olduğu kimi, danışıqlar masasında da uğurlu olacağı ehtimalı yüksəkdir. Rusiya mediasında erməni lobbisi tərəfindən ictimaiyyəti azdırmaq üçün nə qədər təzadlı fikirlər səsləndirilirsə də V.Putin tərəfindən dəfələrlə qeyd edildiyi kimi bu məsələdə ərazi prinsiplərinə əsaslanan Beynəlxalq Hüquq normaları həlledici rol oynayır və bu da Azərbaycanın mübarizəsinin legal və legitim olduğunu faktiki olaraq təsdiqləmiş olur.

Baş verən hadisələr fonunda 11 yanvar görüşü, fikrimcə, Azərbaycanın öz 44 günlük hərbi qalibiyyətini siyasi məcrada möhürləməsi və tam “sənədləşdirməsi” ilə bitmiş olacaq. Əks təqdirdə bu görüş Cənubi Qafqazın açar dövlətinin Rusiya tərəfindən birdəfəlik itirilməsinə gətirib çıxaracaqdır.

 

Müəllif: “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”nin beynəlxalq münasibətlər üzrə eksperti Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…