577 baxış
Bu yazını paylaşın
Müsahibə

İstəyirəm, ölkə başçımız yeni müəssisələrin açılışı üçün tez-tez Zəngilana gəlsin! – Emin Əliyev

22 Oktyabr 2020

Bu dəfə “telejurnal”ın qonağı “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın təsisçisi və sədri Emin Əliyev oldu.  O bizə Zəngilan rayonunun alınması ilə bağlı bəzi fikir və planlarını açıqladı.

 

Emin müəllim, “Zəngilan şəhəri azad edildi” sözlərini ilk eşidəndə nə hiss etdiniz? Hansı xəyallar, fikirlər canlandı beyninizdə?

Əvvəl, başda Ali Baş Komandan olmaqla bütün xalqımızı, xüsusilə, zəngilanlıları torpağımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edirəm. Elsiz-obasız, torpaqsız və vətənsiz olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz. Fəaliyyətim boyu yerli və beynəlxalq tədbirlərdə əcnəbi dostlarımıza, qonaqlarımıza bu hislərimi izah etməyə çalışmışam. Elə onların özlərinə də deyirdim ki, siz mənim hisslərimi anlaya bilməzsiniz. Bizim öz torpaqlarımızda evimiz var, lakin biz öz evimizə gedə bilmirik. Bunu ancaq torpaq həsrəti, torpaq dərdi olanlar anlaya bilər. Artıq bizim evimiz, elimiz azaddır və əminəm ki, çox yaxın zamanda “Böyük Qayıdış” başlayacaqdır. Mən əks-hücum əməliyyatlarının ilk günü artıq əmin idim ki, bu dəfə Zəngilan işğaldan azad ediləcək. Ali Baş Komandanın xalqa ilk müraciətindəki qətiyyət məndə bu əminliyi yaratdı. Həmin gün xalqımızın qısa bir zamanda yumruq kimi birləşməsi, xalq olaraq bütün cəbhələrdə tərəddüdsüz mübarizə ruhuna sahib olmağımız artıq qələbənin ilkin soraqçısı oldu mənim üçün. Elə həmin gündən etibarən “Zəngilan işğaldan azad edildi” cümləsini eşidərkən necə reaksiya verəcəyim barədə düşünməyə, “planlar qurmağa” başladım. Amma 20 oktyabr 2020-ci il saat 15:15 radələrində əmin oldum ki, 27 il həsrətini çəkdiyin elinin-obanın azad olması barədə xəbərə necə reaksiyan verəcəyini nə qədər planlaşdırsan da düşündüyün kimi olmur. Ölkə başçısının çıxışlarında sürprizlər etməsi artıq millətimizə tanış idi. Həmin gün Ali Baş Komandanın çıxışındakı bir çox nüanslardan hiss etmişdim ki, bu çıxışın ardınca Zəngilan müjdəsi gələcək. Rayonun coğrafi quruluşunu da bildiyimə görə əmin idim ki, evimizin olduğu Zəngilan şəhəri elə ilk gündə azad ediləcək. Ehtimalımda yanılmadım da. Həmin gün o xəbər veriləndən sonra 3-4 saat ərzində telefonum susmadı. Sosial şəbəkələrdən mesajların ardı-arası kəsilmədi. İnanın, hər bir zəng məndə yeni hislər, yeni ümidlər yaradırdı. Əmin oldum ki, millətimiz gözəl hislər yaşamağa layiqdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, mənim ata yurdum Zəngilan rayonu Zəngilan kəndi, ana yurdum isə Zəngilan şəhəridir. Mən özüm isə Bakı şəhərində doğulmuşam, burada böyümüşən, təhsil almışam. 1992-ci ilin avqust ayına qədər isə hər il yay aylarında Zəngilana gedərdik. Yuxarıda qeyd etdiyim kimi əks-hücum əməliyyatları başlayan gündən etibarən Zəngilanda olduğum yerlərin mənzərəsi bir-bir gözümün qarşısında canlanırdı. İndi də həmin yerləri bir-bir gedib gəzəcəyim günləri səbirsizliklə gözləyirəm.

 

Sizcə bütün Zəngilan camaatı sizin qədər həssasdırmı Zəngilana qarşı? Yəni, mənə maraqlıdır, nə düşünürsünüz, Zəngilan köçkünləri sizcə geri dönmək istəyəcəklərmi?

Düşünürəm, nəinki zəngilanlılar, azərbaycanlılar, dünyanın bütün elindən-obasından didərgin düşmüş insanları azad olmuş yurdlarına qarşı həssasdırlar. Son bir il ərzində zəngilanlılarla sıx ünsiyyətim olub. Onların sosial-məişət şəraitləri, maddi vəziyyətləri ilə yaxından tanışam. Lakin bütün çətinliklərə, çatışmazlıqlara baxmayaraq bu insanların Vətənpərvərlik ruhu, Zəngilan sevgisi, el-oba həsrəti zərrə qədər də azalmayıb, hətta daha da itilənib, kəskinləşib. Döyüş əməliyyatları başlayan gündən etibarən xeyli sayda gəncimiz könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq orqanlara müraciət etdilər. Ünsiyyətdə olduğum istisnasız olaraq bütün zəngilanlılar rayonumuzun işğaldan azad olunmasından dərhal sonra Zəngilana qayıtmaq istədiklərini açıq şəkildə dilə gətirirdilər. Zərrə qədər şübhəm yoxdur ki, Zəngilanı tərk edən o vaxtki 33 min zəngilanlı indi 45 minlik tərkiblə geri qayıdacaqdır.

 

Ümumiyyətlə, məcburi köçkünlərin öz torpaqlarına köçürülməsi prosesi necə olmalıdır və necə olacaq?

Hesab edirəm ki, xalqımıza göstəriş verilərsə elə bu gün torpaqlarına geri dönməyə hazırdır. Öz qohumlarım, dostlarım hal-hazırda səbirsizliklə geri dönmək üçün gün sayırlar. Lakin düşünürəm ki, 27 sentyabr tarixindən etibarən müşahidə etdiyimiz planlı fəaliyyətin, əməliyyatların davamı olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi prosesləri də dəqiq plan əsasında həyata keçiriləcəkdir. Məncə, ilkin olaraq hərbi əməliyyatlar tam yekunlaşmalı, ərazilər minalardan və digər təhlükəli, zərərli ünsürlərdən tam təmizlənməlidir. Yerlərdə ilkin infrastruktur qurulmalı, dağıdılmış yaşayış yerləri bərpa edilməli, yeniləri tikilməldir. Yalnız bütün bu infrastruktur işlərindən sonra əhali mərhələli olaraq azad edilmiş torpaqlarımıza köçürülməlidir. Lakin, hər bir halda, bu bizə ilk baxışdan görünən mənzərədir. Hesab edirəm ki, proses gedişatında kifayət qədər nəzərdə tutulmamış məsələlər də çıxacaq. Amma, əlbəttə, dövlətimizin iqtisadi gücü çatacaq ki, “Böyük Qayıdış” tam uğurla həyata keçirilsin.

 

Zəngilanın parlaq gələcəyi üçün nələr edilə bilər? Siz, öz adınıza, dövlətimizə bu yöndə necə kömək edə bilərsiniz? Misal üçün, hansı iş sizə tapşırılsa sevə-sevə və ustalıqla yerinə yetirə bilərsiniz?

Zəngilan çox gözəl coğrafi mövqeyə malik olan rayonlarımızdandır. Rayon 2 ölkə ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikasına da məsafəcə ən yaxın rayonumuz olması səbəbilə həm də strateji əhəmiyyətli bölgədir. Bundan başqa, Zəngilan rayonu qərbdən dağlıq, şərqdən isə Araz çayına qədər düzənlik relyefinə malikdir. Rayonun ərazisi kiçik olsa da 4 bolsulu çaya – Araz, Oxçu, Bəsitçay, Həkəri çaylarına malikdir. Dünyada məşhur olan çinar meşəsi də, məhz Zəngilan rayonundadır. Zəngilan qızıl, gümüş, mis yataqları, bundan başqa, əhəngdaşı yataqları ilə zəngindir. Rayonumuz ənənəvi kənd təsərrüfatı rayonudur. Tütünçülük, üzümçülük, qismən taxılçılıq, meyvəçilik inkişaf etmiş aqrar sahələrimizdəndir. Son dövrlərdə ölkəmizin inkişaf edən turizm sektoru rayonumuzda da geniş perspektivə malikdir. Zəngin təbiətə sahib olan Zəngilanda 2-3, hətta 4 ulduzlu mehmanxanaların tikilməsi ilə buraya turist axını təmin edilə bilər. Əminəm ki, yuxarıda qeyd etdiyim sahələrin inkişafı ilə rayonumuz ölkə iqtisadiyyatı üçün müstəsna dərəcədə faydalı ola bilər. Özümlə bağlı isə ilk öncə onu deyə bilərəm ki, Zəngilanımız işğaldan azad olunan günü öz sosial şəbəkə hesablarımda çıxış edərək söz verdim ki, dövlətimiz icazə verəcəyi təqdirdə Zəngilan şəhərinin mərkəzində “Zəfər parkı”nın salınmasını təmin edəcəyəm. Bundan başqa, uzun illərdir ki, turizm, kənd təsərrüfatı, təlim-tədris, konsaltinq xidmətləri sahəsində biznes fəaliyyəti ilə məşğul oluram. Ölkəmizin demək olar ki, bütün rayonlarında xidmətlər göstərmiş, layihələr icra etmişəm. Bütün bu bilik, bacarıq və imkanlarımı səfərbər edərək Zəngilanın yenidən sürətli inkişafı üçün çalışmağa hazıram. Və artıq bu sahədə hazırlıqlara da başlamışıq. Zəngilan azad edildikdən sonra buraya ayaq basan ilk iş adamı kimi tarixə düşmək üçün səbirsizliklə  gün sayıram (gülür). Zarafat bir yana, amma hamımız qollarımızı çirmələyib əlimizi daşın altına qoymalıyıq ki, rayonumuz sürətlə çiçəklənsin. Arzum budur ki, ölkə başçımız yeni-yeni müəssisələrin açılışı üçün tez-tez rayonumuza səfər etsin!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…