23 baxış
Bu yazını paylaşın
Siyasi

İltizam Yusifov: Düzgün planlara hədəflənən Bəyannamə

23 Fevral 2022

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, bu sənəd Qarabağ probleminin həlli üçün bölgə dövlətləri arasında yeni iqtisadi, siyasi, mədəni münasibətlərə, əlaqələrə keçidi zəruri edir: “Azərbaycanla Rusiya arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə Azərbaycan və Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, özünü iqtisadi, humanitar, tibbi, elektroenergetika və digər sahələrdə büruzə edəcək. Belə ki, Rusiya Prezidenti də çıxışında qeyd etdi ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində layihələrə qoşulmağa hazırdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclaslarında bu və ya digər məsələlər gündəmə gətiriləcək”.
Sənəddə əsas diqqət çəkən məqamın Zəngəzur dəhlizi ilə bağlı məsələ olduğunu qeyd edən deputat deyib: “Bu dəhlizin açılması nəinki ölkələr arası, eyni zamanda, region üçün əhəmiyyətlidir və misilsiz layihədir. Rusiya Prezidenti çıxışında regionda nəqliyyat əlaqələrinin tezliklə açılması məsələsinə toxundu və bildirdi ki, bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, onların bütün qonşuları bunda maraqlıdırlar.
Bəyannamədə yer alan bir nüansa xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu günə qədər bizi beynəlxalq təşkilatlarda dəstəkləyən ölkələr arasında Türkiyə, Pakistan və digər ölkələr gəlirdisə bu gün bu ölkələr arasına Rusiya da daxil olur. Sənəddə qeyd olunur ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək, Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Məhz belə bir bəndin Bəyannamədə qeyd olunması Azərbaycanın xarici siyasətinin uğurudur. Bəli, artıq regionda yeni düzən formalaşır. Türkiyə Azərbaycan müttəfiqliyində Rusiyanın da rolu artır. Rusiya artıq Azərbaycanın haqq işində beynəlxalq təşkilatlar qarşısında qaldırılan məsələlərə əvvəlki tək biganə qalmayacaq. Bu isə bizə böyük üstünlüklər qazandıracaq”.

İki ölkə arasında hərbi texniki sahədə əməkdaşlıqla bağlı müddəalara münasibət bildirən deputat vurğulayıb ki, bu kimi əməkdaşlıq Azərbaycanın hərbi gücünün artmasına gətirib çıxaracaq: “Ölkəmizin hərbi potensialı hər il daha da artır. Yeni və müasir silahların alınması, şəxsi heyətin, müasir hərbi texnikaların sirlərinə yiyələnməsi və qarşılıqlı razılaşma ilə hərbi təlimlərin keçirilməsi təbii ki, təcrübə baxımından əhəmiyyətlidir. Belə olan halda Rusiya hərbi təcrübəsindən istifadə gücümüzə güc qatacaq. Bəyannamədə bu məsələyə xüsusi yer verilməsi isə onu deməyə əsas verir ki, nəinki hərbi təlimlər, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarandığı təqdirdə Rusiya bu məsələdə öz sözünü deyəcək”.
Deputat sonda onu da bildirib ki, imzalanan Bəyannamə konseptual sənəddir. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…