206 baxış
Bu yazını paylaşın
Siyasi

Hicran Hüseynova: Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir

02 Fevral 2022

Şuşa Bəyannaməsinin tarixi, siyasi əhəmiyyəti dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda daha səmərəli iştirakının dayaq nöqtəsidir. Şuşa Bəyannaməsi strateji sazişdir və onun məqsədi Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın daha da genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır. Həmçinin Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Bu Bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitə kimi daxil olacaqdır.
Beləliklə, 2022-ci il fevralın 1-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi tək Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm kimi qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O bildirib ki, 2021-ci ilin iyunun 15-i Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Əgər 29 il əvvəl Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, qardaşlığı, təəssübkeşliyi təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Deputat vurğulayıb ki, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda imzalandı. Dövlətimizin başçısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirib və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarının səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. Birincisi, dünya ictimaiyyəti bir daha erməni barbarlığını, vandalizmini, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıb talan etdiklərini görsün. İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün, sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ictimaiyyətini bir daha xalqımızın erməni faşizmi üzərində Qələbəsini qəbul etməyə və yaranmış yeni reallıqdan faydalanmağa çağırdı: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir”. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.
“Bəyannamədə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Prezident İlham Əliyev öz çıxışında bildirdi: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlərə ən qəti və aydın cavab oldu. Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir”, – deyə H.Hüseynova əlavə edib.

Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət apardığını diqqətə çatdıran deputat deyib: “Burada Prezident İlham Əliyevin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə dedikləri bəzi fikirləri xatırlamaq istərdim. Artıq hər kəs qəbul edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı və öz tarixi torpaqlarımızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu, bütövlükdə regionda yeni vəziyyət yaradıb. Bu baxımdan regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilib. Bu isə yeni perspektivlərin yaranmasına səbəb olur. Prezident İlham Əliyev bir daha qeyd edir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Azərbaycan beynəlxalq maliyyə institutları ilə – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı ilə fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və logistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir. Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olub. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf edib ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur. Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərib. Bu gün də biz bu dəstəyi görürük. Prezident İlham Əliyevin dediyi kimi “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır”. Milli Məclisdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbəsi Qafqazda qanayan bir yaranı örtüb, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaradıb. Əlbəttə, yaranmış yeni reallıq, yeni imkanlar açır. Türkiyə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisindən səslənən əsas fikir, çağırış bundan ibarət idi: “Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”. Zaman keçdikcə mənzərə daha da aydınlaşır, və biz ABŞ və Avropa Birliyinin, eləcə də digər dövlətlərin və region ölkələrin yaranmış yeni vəziyyəti daha düzgün qiymətləndirməyə başladığını müşahidə edəcəyik. Vətən müharibəsində çaldığımız Qələbə bütövlükdə ölkələrin inkişafına əlavə imkanlar yaradacaq, yeni beynəlxalq əməkdaşlıq platformasının formalaşmasına müsbət təsir göstərəcəkdir. Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın birlikdə altılıq platformasını yaratması ilə bölgədə sabitlik hökm sürəcək və düşmənçiliklər aradan qalxacaqdır. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir. Əlbəttə ki, bu ideyanın reallaşması üçün işlər görülməlidir. Digər mühüm məsələ isə Naxçıvanla Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsidir. Bu layihənin misilsiz əhəmiyyəti vardır. Rəcəb Tayyib Ərdoğanın toxunduğu məsələlərdən biri də dünya ictimaiyyətinin həqiqətləri bilməsidir. O, deyirdi: “Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz”. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfər edərkən hər dəfə erməni faşizmini, erməni barbarlığını bütün dünyaya nümayiş etdirir. İnsan öz ölkəsini, doğulduğu, böyüdüyü evini, yurdunu xarabaya çevirə bilməz, deməli, sən bu yerə yad olmalısan, mədəni, tarixi, dini abidələrə, tikililərə biganə olmalısan ki, onu dağıdasan, məhv edəsən. Bu gün Qarabağa səfər edən diplomatik nümayəndələr, jurnalistlər və digər beynəlxalq ictimaiyyətin nümayəndələri əyani şəkildə ermənilər tərəfindən dağıdılmış kəndləri, şəhərləri görürlər. Hazırda Qarabağda quruculuq işləri aparılır, yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. İşğaldan azad olunan ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verməkdədir.
Azərbaycanda qardaş Türkiyənin dəstəyinin hər zaman hiss olunduğunu qeyd edən Hicran Hüseynova deyib: “Hələ 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad edib. Bu tarixi gün öz müstəqilliyini elan edən gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edirdi. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı. 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. Maraqlıdır ki, 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməyib. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Məhz bu tarixi hadisələr ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” devizinin əsl mahiyyətini açır. Deyirlər, tarix təkrar olunur. O dövrdə də bir sıra dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Türkiyə qardaş köməyini əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bununla da Türkiyə Azərbaycan dövlətçiliyinə ilk qardaş töhfəsini verdi. Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyin zaman da Türkiyə yanımızda olub, bizim haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirib. Otuz illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də öz qardaşlıq missiyasını yerinə yetirdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Şuşa Bəyannaməsi isə bu qardaşlığı əbədi möhürlədi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir. Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…