23.10.2024 01:51:32
122 baxış
Bu yazını paylaşın
Siyasi

Gabrielius Landsbergis: Litva həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

05 Fevral 2022

Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli Məclisinin rəhbərini və onun başçılıq etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan Gabrielius Landsbergis ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu deyib. O, ölkəmizə iki dəfə səfər etdiyini xatırladaraq, bu səfərlərdən məmnunluğunu bildirib. Litva XİN rəhbəri ölkəsinin Azərbaycanla uğurlu birgə layihələr həyata keçirdiyini söyləyib. Gabrielius Landsbergis Litvanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun parlamentin spikeri kimi Litvaya ilk səfəri olduğunu deyib. O, səfərin Litva Respublikası Seyminin sədri Viktoriya Çmilite Nielsenin dəvəti ilə reallaşdığını diqqətə çatdırıb. Milli Məclisin sədri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə, Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan və Litvanın dost ölkələr olduğunu deyən parlamentin sədri bildirib ki, iki ölkə arasında münasibətlər bir çox sahələri əhatə etməklə xalqlarımızın maraqlarına cavab verir. S.Qafarova bu gün münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu kontekstdə qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Litvanın Avropa İttifaqına (Aİ) üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında danışan Milli Məclisin sədri qeyd edib ki, ölkəmiz bu qurumla əməkdaşlığa böyük əhəmiyyət verir. Sahibə Qafarova Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladıb. Onun sözlərinə görə, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yeni yaranmış reallıqlar barədə də danışan Milli Məclisin sədri deyib ki, artıq münaqişə tarixdə qalıb. Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan regionda daim sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və Ermənistana bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı təkliflər verib. Ermənistan regionda yeni reallığı dərk etməli və sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Milli Məclisin sədri ölkəmizin həyata keçirdiyi layihələr və mövcud olan investisiya imkanları barədə məlumat verərək deyib ki, Ələt Azad İqtisadi Zonasına, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Araz Vadisi İqtisadi Zonasına, Ağdam Sənaye Parkına, aqroparklara, informasiya-kommunikasiya texnologiyaları və bərpa olunan enerji sahələrinə investisiya qoyuluşu üçün çox gözəl imkanlar mövcuddur. Sahibə Qafarova bildirib ki, Azərbaycan Litva şirkətlərini də ölkəmizdə həyata keçirilən layihələrə investisiya yatırmağa dəvət edir. Milli Məclisin sədri Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu dəhlizin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top