157 baxış
Bu yazını paylaşın
Uncategorized

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023

Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan “28 May – Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı təşkil etdiyi esse müsabiqəsinin üçüncüsü Aytac Haciyevanın müsabiqəyə təqdim etdiyi esse:

28 May – Respublika Günü, yeni adı ilə desək – Müstəqillik Günü tariximizin ən parlaq və ən şanlı səhifələrindən biridir. 105 il bundan əvvəl – 1918-ci il 28 May Müsəlman şərqində ilk dünyəvi, demokratik ölkə – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. Yəni bu gün həm də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin acınacaqlı vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (28.05.1918–28.04.1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.

Azərbaycan Milli Şurasının ilk iclasında Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olundu və 6 bənddən ibarət istiqlal bəyannaməsi elan edildi.

Əqdnamə adlanan həmin bəyannamədə deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malikdir. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.

Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşları bərabər hüquqlarla təmin edir.

Azərbaycan Demokratik Respublikası ərazisində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün geniş imkanlar açır.”

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyan və ilk dostluq əlaqələri quran dövlət isə iyunun 4-də Osmanlı dövləti oldu. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. “İstiqlaliyyət Bəyannaməsi”nə əsasən Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. Müəssisələr Məclisi toplanana qədər ölkəni hamılıqla seçilmiş Milli Şura və Milli Şuranın təşkil etdiyi hökumət idarə etdi.

Elə həmin gün Milli Şura Azərbaycan hökumətinin yaradılmasını Fətəli xan Xoyskiyə tapşırıldı.

Bir saat sonra hökumətin yaradılması haqqında Fətəli xan Xoyskinin məruzəsini dinləmək üçün Milli Şura iclasını davam etdirdi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Azərbaycanın ilk müvəqqəti hökuməti aşağıdakı tərkibdə təqdim olundu:

Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski,müdafiə naziri – Xosrovpaşa bəy Sultanov, xalq maarifi və maliyyə naziri – Nəsib bəy Yusifbəyli, xarici işlər naziri – Məmməd Həsən Hacinski,poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov,əkinçilik və əmək naziri – Əkbər ağa Şüyxülislamov,ədliyyə naziri – Xəlil bəy Xasməmmədov,ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov,dövlət nəzarəti naziri – Camo bəy Hacinski.

Bununla da Azərbaycan Milli Şurası xalq qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli, üstündə ay və səkkizguşəli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə, üstündə ay və beşguşəli ulduz idi.

Azərbaycan milli dövlətinin yaradılması bir sıra mühüm səbəblərə görə xalqın taleyində böyük bir tarixi hadisə idi. Belə ki, bura qədər Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və linqvistik çərçivədən kənara çıxaraq siyasi bir məna kəsb edirdi. Azərbaycan adlı dövlət qurması ilə xalq bütün dünyaya istiqlalını qazandığını və bunu millətin idealına çevirdiyini göstərdi.

Azərbaycan Demokratik Respublikasının yaradılması həm də bütün dünyada gedən ictimai-siyasi proseslərin tərkib hissəsi olduğu üçün Rusiya imperiyasının dağılması baxımından da əhəmiyyətli hadisə idi.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ilin dekabrında Sovet İmperiyasının dağılması ilə Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etdi və yenidən öz müstəqilliyini elan etdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Lakin 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik Günü adlandırılmağa başladı.

Azərbaycanda Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edildi.

Prezidentin saytında deyilir ki, mayın 28-i Müstəqillik Günü elan edilsin, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin və Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü hər il olduğu kimi, bu il də təntənəli şəkildə milli bayram kimi qeyd edir.

105 yaşın mübarək – Müstəqil Azərbaycan!

AYTAC HACİYEVA

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…

Esse müsabiqəsinin birincisi-Fatimə Zeynalovanın yazısı.

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…