36 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistanla eyni blokda olan ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun uğurundan xəbər verir

29 Noyabr 2021

Soçi görüşündə hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapdığı kimi Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qəbul edilmiş Aşqabad sənədində də Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdı. Bu isə heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin dəqiqliklə müəyyənləşdirilmiş uzaqgörən diplomatiyasının daha bir təsdiqidir. Belə ki, Aşqabad sənədində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusi məqam ondan ibarətdir ki, təbrik edən ölkələrin üçü- Qırğızıstan, Özbəkistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, bu ölkələrin Ermənistanla eyni blokda təmsil olunmalarına baxmayaraq, onlar Azərbaycanı Qələbə münasibətilə təbrik edir və Azərbaycanla fərqli deyil, eyni mövqedə durduqlarını ortaya qoyurlar. Bu isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq deyib ki, Azərbaycanın qazandığı Qələbə qəbul olunur, postmüharibə dövründə atılan addımlar dəstəklənir və nailiyyətlərimiz individual şəkildə dövlətlər, habelə beynəlxalq qurumlar tərəfindən də təqdir edilir. Azərbaycan üzv olduğu, yaxud da sədrlik etdiyi beynəlxalq təşkilatlara işini qarşılıqlı faydalı əməkdaşlıq kontekstində elə qurub ki, yəni, biz, sadəcə, bu təşkilatlardan yararlanmırıq, həm də onların işinə töhfə veririk. Belə ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün innovativ fikirlər və təşəbbüslər üzv olduğumuz və ya sədrlik etdiyimiz təşkilatların nüfuzunun daha da yüksəldilməsinə xidmət edir.

Torpaqlarımızın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başladı. Xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, bu işdə Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Prezident İlham Əliyev bütün işlərə şəxsən özü rəhbərlik edərək burada ən müasir texnologiyaların tətbiq olunduğunu bildirir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır.

Ş.Həsənova qeyd edib ki, Zirvə Toplantısının ardınca dövlətimizin başçısının ayrı-ayrı dövlət rəhbərləri ilə ikitərəfli kontekstdə keçirdiyi görüşlərdə də önəmli məsələlər dilə gətirildi, müzakirə olundu. Belə ki, Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə ikitərəfli görüşü zamanı dövlətimizin başçısının ünvanına deyilən sözlər bir daha onu göstərir ki, dövlətimizin başçısının hərbi və diplomatik sahələrdə gördüyü işlər, atdığı addımlar bütün dünya tərəfindən nəinki yaxından izlənilir, həm də onun zamanın nəbzini tutaraq verdiyi qərarlar dünya liderləri tərəfindən nümunə kimi götürülür. Artıq bütün dünya haqq savaşımızın nəticəsi olan Zəfərimizi qəbul edir. Çünki Azərbaycan tarixdə misli görünməmiş, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış addımlar atdı. Xüsusi məqamlardan biri də Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündən sonra İran-Azərbaycan əlaqələrinə dair jurnalistlərə verdiyi açıqlaması idi ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Prezident İlham Əliyevin müxtəlif kombinasiyaları nəzərə alaraq yürütdüyü diplomatik siyasət özünü onda büruzə verir ki, Azərbaycan həm qətiyyətli və konstruktiv siyasət yürüdür, həm də deməli, bu yola çıxarkən atılan addımlar sadəcə Zəfər əldə etməyə deyil, ondan sonra da ola biləcək bütün ehtimalları nəzərə alaraq uğurlu xarici siyasət kursunu eyni tendensiya ilə davam etdirməyə hesablanıb.

Zirvə Toplantısında İƏT-ə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Görüşün ən vacib nüanslarından biri İƏT üzv dövlətlərinin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirləridir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir. Bu günə kimi Rusiya Prezidentinin nitqində də dəfələrlə kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunulub. Soçi görüşündən sonra Aşqabad sənədində yer alan məqamlar, burada səsləndirilən fikirlər də ondan xəbər verir ki, Zəngəzur dəhlizinin daha qısa zaman çərçivəsində reallaşma imkanı mövcuddur. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli parçasına çevriləcək ki, birbaşa avtomobil əlaqəsinin istifadəyə verilməsi həm də təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcək. Regionda ard-arda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturaları qurulur və qürurverici məqamdır ki, onların müəllifi Prezident İlham Əliyevdir.

Eyni zamanda, görüşdə daha bir qürurverici məqam yaşandı. Bu, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı ilə əlaqədar idi. Belə ki, 2002-ci ildə ümummilli lider Heydər Əliyev İstanbulda keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında Tədqiqat Mərkəzinin Bakıda yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu gün fəxrlə deyirik ki, Ulu Öndərin uzaqgörənliklə müəyyənləşdirdiyi ideyaların reallığa qovuşması işi silsilə şəklində davam edir.

Prezident İlham Əliyev hər bir beynəlxalq kürsüdə olduğu kimi Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısında da Azərbaycan xalqının maraqlarını əsas tutaraq dost və tərəfdaş ölkələrlə münasibətlərimizi daha da dərinləşdirdi. Prezident İlham Əliyev tərəfindən atılan addımların hər biri ikitərəfli və çoxtərəfli şəkildə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir ki, məhz bu amil də Azərbaycanın çıxdığı yolda prinsipial olduğunun göstəricisi olduğu qədər, strateji tərəfdaşlarına qarşı da sadiqlik nümayiş etdirdiyindən xəbər verir.

 

https://azertag.az/xeber/Ermenistanla_eyni_blokda_olan_olkelerin_Azerbaycanin_movqeyini_desteklemesi_Prezident_Ilham_Aliyevin_xarici_siyaset_kursunun_ugurundan_xeber_verir-1938216

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…