170 baxış
Bu yazını paylaşın
Müsahibə

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub. Artıq ermənilər də yeni reallıqları başa düşürlər və nicat yolunu Azərbaycan vətəndaşlığını qəbul etməkdə görürlər. Hərhalda “qaynar xətt”ə edilən zənglərin mahiyyəti belə deməyə əsas verir. Belə ki, ermənilər əsasən, Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar bu prosesin necə baş verəcəyi, hansı hüquq və azadlıqlarının olacağı ilə maraqlanırlar.

Mövzu ilə bağlı  Telejurnal.az  danışan politoloq İlyas Hüseynov bildirib ki, Qarabağ iqtisadi zonasında yerləşən ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunması önəmli məsələlərdən biridir və Azərbaycan ilk növbədə buna çalışır:

“Baxmayaraq ki Ermənistan və ona havadarlıq edən qüvvələr məsələni başqa istiqamətdə şərh etməyə cəhd göstərir, amma rəsmi Bakı öz siyasi mövqeyində israrlıdır. Bu baxımdan artıq Azərbaycanın çağırışlarına cavab verən ermənilərin olduğunu da görürük. Onlar bizim vətəndaşlığımızı almaq üçün müraciət edirlər və qaynar xəttə zəng vururlar. Digər maraqlı məqam isə bu zənglərdə rusiyalı sülhməramlılardan şikayət edilməsidir. Bu da tamamilə başadüşüləndir. Düşünürəm ki, ermənilərin Azərbaycan vətəndaşlığına keçməklə bağlı niyyətləri rəsmi Bakı tərəfindən yüksək qiymətləndiriləcək. Azərbaycan tərəfi Konstitusiya və qanunvericiliyə, eləcə də beynəlxalq konvensiyalara uyğun şəkildə bu məsələnin öz həllini tapması üçün əlindən gələni edəcək. Prezident İlham Əliyev də bu mövzu ilə bağlı dəfələrlə çıxışlar edib. Bu, məsələyə ən ali səviyyədə verilən hüquqi qiymətdir. Odur ki, gələcək zaman kəsiyində Xankəndi və ətraf ərazilərdə Azərbaycan bayrağının dalğalanması, ərazi bütövlüyümüz, suverenliyimiz və sərhədlərimizin toxunulmazlığı fonunda Qarbağdakı ermənilərin vətəndaşlığa qəbul edilməsi məsələsi öz həllini tapacaq”.

Politoloqun sözlərinə görə, rəsmi Bakının xarici siyasəti, diplomatiyası, diaspor təşkilatlarımızın fəaliyyəti erməni yalanlarının qarşısını almaqla yanaşı, həm də ölkənin siyasi gündəliyini uğurla inkişaf etdirir:

“Buna görə də, reinteqrasiya prosesində heç bir problem yoxdur. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının əsas səbəbi şəffaf keçidin təmin olunması, təhlükəsizliyin ən yüksək səviyyədə təşkili və Azərbaycan qanunlarının bu ərazidə işləməsidir. Burada hansısa kənar məqsədlər axtarmaq tamamilə yolverilməzdir və düşünürəm ki, reinteqrasiya prosesi qarşıdakı aylarda daha sürətlə gedəcək. Azərbaycan dövləti bu müraciətlərin sayının daha da çox olmasını istəyir və onların anonimliyinə zəmanət verir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…