423 baxış
Bu yazını paylaşın
Siyasi

Ərəb mətbuatı: Azərbaycanın qazandığı Zəfər həm də İslam dünyasının qələbəsidir

14 Dekabr 2021

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə həm də İslam dünyasının qələbəsidir. Çünki məhz 30 ilə yaxın müddətdə Azərbaycana məxsus torpaqlarda İslam dəyərlərinin məhv edilməsinə cəhdlər olunub. Azərbaycan bu təhlükəli prosesin də qarşısını aldı.

‘TELEJURNAL’ ‘AZƏRTAC’- istinadən xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın ərəb ölkələrinin səkkiz nüfuzlu mətbuat orqanında dərc olunan “Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün qapı açıb” sərlövhəli məqaləsində yer alıb.

K.Nurullayeva məqaləsində qeyd edib ki, Qarabağın incisi sayılan Şuşa şəhəri həm Azərbaycanın, həm də bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı kimi öz simasını qoruyur. Şuşanın infrastrukturu yenidən qurulur, yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir və bundan sonra heç bir güc bu səsin qarşısını ala bilməyəcək.

Müəllif ötən il Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsini xatırladaraq qeyd edib ki, Cənubi Qafqazda yeni inkişaf reallığı yaranıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr bütün tərəfdaşlar tərəfindən təqdir olunur. Çünki bu addımların hər biri bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcək: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb. Azərbaycan yeni – sülh mərhələsində Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Yəni, faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb. İkinci Qarabağ müharibəsindən sonra formalaşmış bu reallığın müsbət məcrada inkişafı üçün bütün tərəflərdən, xüsusilə də Ermənistandan konstruktivlik tələb olunur”.

Deputat, həmçinin işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrinin yerlə-yeksan edildiyini xatırladıb. Vurğulayıb ki, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə-yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir: “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Azərbaycan Qarabağda törədilən urbisid, kultursid və ekosidin ağır nəticələrini aradan qaldırır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunan şəhərlərin baş planları təsdiqlənib”.

Zəngəzur dəhlizinin iqtisadi-siyasi əhəmiyyətinə toxunan K.Nurullayeva noyabrın 26-da Soçidə Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflərin sərhədlərin delimitasiya və demarkasiyasını sürətləndirmək üçün razılığa gəldiyini xatırladıb. Bununla bağlı rəsmi şəkildə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradıldığını qeyd edən deputat yazır: “Azərbaycan və Ermənistan sərhədləri tezliklə müəyyənləşməli və yekun sülh müqaviləsi imzalanmalıdır. İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın 28-də Aşqabadda keçirilən növbəti sammitində Azərbaycan Prezidenti təşkilata üzv ölkələr üçün Cənubi Qafqaz regionunda yeni imkanlar açıldığını bəyan edib. Beləliklə, artıq regionda Azərbaycanın müəyyən etdiyi reallıqlara uyğun və bütün tərəflərin maraqlarına cavab verən qarşısıalınmaz proses start götürüb. Bu proses regiona sülh, xalqlara isə rifah bəxş edəcək”.

https://azertag.az/xeber/Areb_metbuati_Azerbaycanin_qazandigi_Zefer_hem_de_Islam_dunyasinin_qelebesidir-1951002

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…