41 baxış
Bu yazını paylaşın
Siyasi

Elşad Mirbəşiroğlu: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini dünyaya bir daha bəyan edir

04 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirərək bildirdi ki, dünyada Azərbaycan və Türkiyə qədər səmimi dostluq, qardaşlıq münasibətlərinə malik digər iki dövlət mövcud deyil. Həqiqətən də iki qardaş ölkə hər zaman böyük səmimiyyət və qayğı ilə biri-birinə dəstək olub, biri-birini qoruyub. Müstəqilliyimizin ilk illərindən Türkiyə ilə bütün istiqamətlərdə səmərəli əməkdaşlıq sistemi qurulub.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söyləyib.
Deputat qeyd edib ki, hələ 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin Türkiyəyə ilk rəsmi səfəri zamanı iki qardaş ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb. Bu səfərdən sonra Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın bütün təzahürləri müşahidə olunmağa başlayıb. 2004-cü ilin aprelində isə Prezident İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər ölkələrimiz arasında münasibətlərin və əməkdaşlığın inkişafına ciddi təkan verib. Təbii ki, sonrakı illərdə də ölkə rəhbərlərinin qarşılıqlı səfərləri davam edib və Azərbaycanla Türkiyə arasında çoxvektorlu təmaslar daha da intensivləşib. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı xarakteri hər iki dövlətə öz mövqelərini daha da möhkəmləndirməyə və milli maraqlarını etibarlı müdafiə etməyə imkan verməkdədir. Mahiyyət etibarilə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik xarakterinə malik idi.
“2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşib. Şuşa Bəyannaməsinin başlıca səciyyəvi cəhəti ondan ibarətdir ki, bu, Azərbaycan dövlətinin müstəqillik tarixində müttəfiqlik münasibətləri haqqında ilk sənəddir. Digər tərəfdən, sənədin işğaldan azad etdiyimiz Şuşa şəhərində imzalanması, “Şuşa Bəyannaməsi” adlanması onun mühüm tarixi-siyasi və mənəvi səciyyəsini ifadə edən başlıca məqamlardır. Həmçinin Şuşa Bəyannaməsi ölkəmizin imzaladığı ən universal sənəddir. Belə ki, sənəddə həyat fəaliyyətinin bütün sahələri üzrə Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi nəzərdə tutulur”, – deyə E.Mirbəşiroğlu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin həm tarixiliyini nümayiş etdirir, həm də xarakterini bir daha dünyaya bəyan edir. Azərbaycan və türk xalqlarının qurucu oğulları olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kəlamlarına istinad məhz bu məqamları ifadə edir. Ayrıca olaraq, Bəyannamədə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad edilməsi iki ölkə arasında münasibətlərin beynəlxalq hüquqi əsaslarını bir daha xatırladır. Təbii ki, Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin, əlaqələrinin tarixiliyini özündə ehtiva etməklə yanaşı, təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik aspektləri də dəqiqliklə ifadə edir. Yəni, sənəddə regional təhlükəsizlik sisteminin olduqca səmərəli elementlərinin yaranmasını şərtləndirəcək yeni əməkdaşlıq müstəvisinin anonsu verilir. Regional əməkdaşlığın tam yeni formatı həm daha səmərəli, qarşılıqlı maraqlara cavab verən səmərəli əlaqələr sisteminin qurulmasını, həm də hərbi və siyasi təhlükəsizliyin etibarlı və preventiv təmin olunmasını şərtləndirəcək. Şuşa Bəyannaməsində ölkələrarası münasibətlərin xüsusi cəhətlərinə diqqət cəlb edilir və tərəflərin münasibətlərin mövcud səviyyəsindən razılığı ifadə olunur. Deməli, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi və bu əlaqələrin yeni strateji müttəfiqlik səviyyəsinə qaldırılması qardaş ölkələrin münasibətlərinin xarakterinin tələbidir.
“Diqqəti cəlb edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin tənzimləyici mexanizmi rolunda yalnız dialoq çıxış edir. Hesab edirəm ki, bu məqam müasir dünyamız üçün bir örnəkdir, modeldir. Xüsusilə də münaqişələrlə tarixən zəngin olan Cənubi Qafqaz regionunun gələcək təhlükəsizlik məsələlərinin həlli üçün məhz dialoq alternativsizdir. Beləliklə, Şuşa Bəyannaməsi daha geniş əməkdaşlıq formatı kontekstində təhlükəsizlik məsələlərini önə çəkir və onların həlli mexanizmlərini ifadə edir. Hesab edirəm ki, bu tarixi sənəd Azərbaycan və Türkiyənin hərtərəfli inkişafında, etibarlı təhlükəsizlik sisteminin qurulmasında əhəmiyyətli rol oynayacaq. Bu isə öz növbəsində bütün regionda yeni konstruktiv dəyişikliklərə səbəb olacaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…