43 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: Regionda güclü mövqelərə malik olmaq üçün Cənubi Qafqazın lideri olan Azərbaycanın milli maraqları nəzərə alınmalıdır

05 Fevral 2022

Fevralın 4-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin birgə onlayn görüşünü Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab etmək olar. Görüş çərçivəsində müzakirə edilən məsələləri, tərəflərin yekun bəyanatlarını tərkib elementlərinə parçalayaraq, ayrı-ayrılıqda və bir-biri ilə sintez və müqayisəli təhlil formasında araşdıraq. Aİ Şurasının Prezidenti Ş.Mişel və Fransa Prezidenti E. Makronun görüşün yekunlarına dair dərc etdikləri birgə Bəyanatdan bəlli olur ki, görüşün əsas məqsədi Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında Qərbin oynadığı rolu artırmaqdır. Bəyanatda tərəflərin münasibətlərinin normallaşdırılmasında əldə edilən irəliləyiş əksini tapsa da, onun əsası qismində Rusiya tərəfindən təşkil olunan görüşlər və sənədlər deyil, Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən Brüssel görüşü qeyd olunub.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.
Siyasi ekspert bildirib ki, müşahidə etdiyimiz kimi, Rusiya ilə qlobal miqyasda gedən rəqabət Qərbi Cənubi Qafqaz kimi vacib regionda da güclü mövqelərə sahiblənməyə sövq edir. Lakin həm Aİ, həm də Fransa anlayır ki, regionda güclü mövqelərə malik olmaq üçün Cənubi Qafqazın lideri olan Azərbaycanın milli maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən biz bəyanatda “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk qrupu” kimi ifadələrə rast gəlmirik. Həm Aİ, həm də Fransa bu ifadələrin Azərbaycan tərəfindən nə dərəcədə mənfi qarşılandığını yaxşı dərk edir. Azərbaycanın ərazi inzibati quruluşuna dair son qərara əsasən, azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur adlı iqtisadi zonalara bölünüb. Dövlətin rəsmi mövqeyi və sadə həqiqət bundan ibarətdir ki, münaqişə Azərbaycanın Qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə yekunlaşıb. Postmünaqişə dövründə tərəflər arasında davamlı sülh quruculuğunda maraqlı olan bütün qüvvələrlə Azərbaycan əməkdaşlıq etməyə hazırdır. Birgə Bəyanatda Fransa və Aİ “regionda gərginliyin azalması və etibarın möhkəmlənməsi istiqamətində səylərə dəstək” ifadə edəcəklərini bildirirlər. “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk qrupu” kimi ifadələrin olmadığı şəraitdə bu cümlənin postmünaqişə dövründə münasibətlərin normallaşdırmasını özündə ehtiva etdiyi bəlli olur. Beləliklə, görünən odur ki, Aİ və Fransa Azərbaycan tərəfindən yaradılan geosiyasi reallığı anlamağa və qəbul etməyə başlayıblar.

“Cari qlobal və regional proseslər kontekstində Azərbaycanın güclənmiş mövqeyini yaxşı anlayan dövlətimizin başçısı görüş zamanı ölkəmizin gündəliyini digər tərəflərə qəbul etdirmək yanaşmasını seçdi. Prezident İlham Əliyev çıxışı zamanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin dəqiqləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi kimi humanitar məsələlərlə yanaşı, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirdi. Burada aparıcı ifadə “nəqliyyat dəhlizi”dir. Biz isə bilirik ki, Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması kontekstində aktual olan yeganə nəqliyyat dəhlizi Zəngəzur dəhlizidir. Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinə istinad etməsi Azərbaycanın 10 noyabr Bəyanatındakı bütün müddəalar üzrə maraqlarını təmin etməyə çalışdığını nümayiş etdirir”, – deyə E. Məcidov diqqətə çatdırıb.
Onun sözlərinə görə, Ermənistan daxili auditoriyanı sakitləşdirmək üçün dezinformasiya yayaraq bildirir ki, guya Aİ nəqliyyat-kommunikasiya xətlərinin hər iki ölkənin suverenliyinin tam təmin olunması şərti ilə açılmasını vacib sayır. Ermənistanın əsassız iddialarına rəğmən, Fransa və Aİ-nin birgə Bəyanatında bu barədə heç bir cümlə və ya ifadə yoxdur. Ermənistanın dedikləri gerçəkliyə uyğun olsaydı, ənənəvi olaraq Ermənistanı dəstəkləyən və qarşıdan gələn prezident seçkiləri səbəbindən erməni diasporunun dəstəyinə ehtiyac duyan Fransa Prezidenti bu məsələni birgə Bəyanatda və ya ayrıca bəyanatda vurğulamalı idi. Bunun baş verməməsi isə Qərbin bu məsələdə Ermənistanı dəstəkləmədiyini təcəssüm etdirərək, Zəngəzur dəhlizinin yaxın və orta perspektivdə reallaşacağına daha bir arqument əlavə edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…