28 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: Azərbaycan hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində müstəqil və hamının hesablaşdığı aktora çevrilib

10 Mart 2022

Hazırda bir çox aparıcı siyasi şərhçilər və analitiklər bəşəriyyətin dünya müharibəsi ərəfəsində olduğunu qeyd edirlər. Hətta bəzi nüfuzlu şərhçilər daha uzağa gedərək nüvə silahının istifadə olunması ehtimalını belə istisna etmirlər. Həqiqətən də soyuq müharibədən sonra böyük güclər arasındakı ziddiyyətlər heç vaxt bu həddə çatmayıb. Azərbaycan coğrafiyası tarixən böyük dövlətlərin qarşıdurması və qlobal təlatümlər zamanı həm mübarizə obyekti, həm də meydanı olub. Ölkəmizin coğrafiyası və təbii sərvətləri hər zaman böyük geosiyasi oyunçuların maraq obyektində olub. Supergüclərin qarşıdurmalarından tarixən Azərbaycan xalqı böyük əziyyətlər çəkib, misli görünməmiş faciələrlə və məhrumiyyətlərlə üzləşib. Demək olar tarixdə ilk dəfə Azərbaycan qlobal güclərin qarşıdurması fonunda beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi proseslərin obyekti kimi yox, subyekti kimi çıxış etməkdədir. Digər tərəfdən, dünya xəritəsində böyük-kiçik 200-ə yaxın dövlət olsa da, əsas güclərdən başqa heç də hər bir dövlətə beynəlxalq münasibətlərdə həqiqi müstəqil dövlət və subyekt demək olmaz. Azərbaycan dövləti həm özünün fiziki ölçüsünə görə, həm də yerləşdiyi ziddiyyətlərlə dolu mürəkkəb coğrafiyaya baxmayaraq, beynəlxalq münasibətlər sisteminin həqiqi subyekti və müstəqil dövlətinə çevrilib. Bu, ilk növbədə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, daha sonra uğurla davam və zamanın tələblərinə uyğun daha da təkmilləşdirilən xarici siyasət strategiyasının nəticələri və bəhrələridir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri  açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqov söyləyib.
Ekspert bildirib ki, Azərbaycan ötən 30 il ərzində müstəqil, prinsipial, ardıcıl, proqnozlaşdırıla bilən və milli maraqlarına əsasən yeritdiyi xarici siyasəti ilə beynəlxalq münasibətlər sistemində xüsusi strateji dəyər qazana bilib. Beynəlxalq münasibətlərin reallığı ondan ibarətdir ki, dünyanın güc mərkəzləri Azərbaycan miqyaslı heç də hər bir ölkənin müstəqil oyunçu kimi rolunu qəbul etmir və onunla hesablaşmır. Ona görə də Azərbaycanın xarici siyasətinin ötən müddət ərzində ən böyük uğurlarından biri özünün müstəqil oyunçu rolunu qəbul etdirə və hesablaşmağa vadar edə bilməsidir. Ötən müddət ərzində Prezident İlham Əliyev çıxışlarında regionumuzda Azərbaycanın milli maraqları nəzərə alınmayan və ya gözardı edilən heç bir layihənin mümkün olmayacağını dəfələrlə bəyan edib və bu mövqe əməli siyasətlə sübut olunub. Digər tərəfdən, dövlətimizin başçısı hələ sonuncu qlobal ziddiyyətlər, hətta 44 günlük Vətən müharibəsindən əvvəl öz çıxışlarında Azərbaycanın böyük güclərin mübarizə meydanına çevrilməsinə imkan verməyəcəyini vurğulayıb. Azərbaycan öz xarici siyasətində regionumuzu hətta dünyanın ən antaqonist güclərinin əməkdaşlıq meydanına çevirməyə çalışıb. Bu cür konseptual və prinsipial mövqeyin son proseslər fonunda bəhrəsini və nə qədər uzaqgörən yanaşma olduğunu yaşanan son proseslər fonunda daha yaxşı anlamaq olar.
“Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin hazırkı ziddiyyətli və gərgin dövründə Azərbaycan və Prezident İlham Əliyev qarşıda duran bütün tərəflərin etibar və etimad etdiyi nadir fiqurlardandır. Bu gərgin dövrdə Azərbaycan dünyanın demək olar bütün böyük dövlətlərinin rəhbərlərindən xüsusi diqqət görməkdədir. Bu diqqətin və marağın göstəricisi kimi son günlərdə Avropa liderlərinin Azərbaycana ünvanladıqları çoxsaylı məktublar, telefon zənglərini, nümayəndələrin səfərlərini və digər təmasları göstərmək olar. Bu ölkələr arasında Fransanı, Böyük Britaniyanı, İtaliyanı, Avstriyanı və digərlərinin adlarını sadalamaq olar. Cəmi 30 illik müstəqillik tarixi olan Azərbaycan torpaqlarının işğalı, hərbi təcavüz, ikili standartlar, digər çoxsaylı problemlər və maneələr ilə üzləşməsinə baxmayaraq, onları dəf etməyi bacardı. Azərbaycan hazırkı mürəkkəb, ziddiyyətli və təhlükəli beynəlxalq münasibətlər sistemində müstəqil və hamının hesablaşdığı aktora çevrilib”, – deyə Fuad Çıraqov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…