32 baxış
Bu yazını paylaşın
Siyasi

Dövlət-din və dövlət-media münasibətləri: Təhlükəsizliyin qarantı

21 İyun 2023

Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən, qədim tarixə malik olan çoxmillətli Azərbaycan tarixən müxtəlif dinlərdən olan insanların dinc, rahat şəkildə yaşaya bildiyi dövlət olub və bu ənənə bu gün də davam edir. Azərbaycanda 2500-ə qədər məscid, o cümlədən, 16 kilsə və 7 sinaqoq var. Bu dinlərə sitayiş edən insanlar təhlükəsiz şəraitdə dini ayinlərini icra edə bilirlər. Eyni zamanda, ötən il 1002 dini qurum dövlət qeydiyyatına alınıb ki, bunların da 958-i İslam, 37-si isə qeyri-islam təmayüllü dini qurumdur. Bütün bunlar Azərbaycandakı tolerant mühitdən xəbər verir.

Azərbaycanda din dövlətdən ayrıdır və dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və ölkə başçısının tapşırığı ilə ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların bərpa edilməsi və ya yenidən tikilməsi ölkəmizdə həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Ölkəmizdə son illər dövlət və din münasibətlərinin uğurlu inkişafı kimi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş özrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu institutun yaradılması ölkəmizdə İslami dəyərlərin kortəbii şəkildə öyrənilməməsi, dini radikalizmin, xurafatın qarşısının alınmasına böyük töhvə verib. Belə ki, həmin institutun məzunları ölkə ərazisində fəaliyyət göstərən məscidlərdə möminlərə dini olduğu kimi aşılayır.

Həmçinin son illər işğaldan azad edilən ərazilərdə böyük bərpa quruculuq işləri gedir. Həmin işlərlə eyni vaxtda məscidlərin və kilsələrin bərpası da aparılır.

Cari ilin 20 aprelində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 2021-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində XII əsrə aid Müqəddəs Məryəm Ana (Bulun) kilsəsinin Heydər Əliyev Fondu tərəfindən aparılmış təmir-bərpa işlərindən sonra təqdimatı olub və Müqəddəs Yelisey adına Cotari kilsəsinə baxış keçirilib. Bu addım Azərbaycanda bütün dinlərə qarşı tolerantlığın açıq aşkar növbəti təzahürüdür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsində qazandığımız qələbədən sonra işğal altında olan ərazilərimizdə aparılan monitorinqlərdə məlum oldu ki, 67 məsciddən 65-i dağıdılıb.

Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılmasına UNESCO-nun münasibəti ilə bağlı sualı cavablandırarkən deyib:

“Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır”.

Din həssas mövzudur. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, daima dini məsələlərdə diqqətli olmalıdır. Ancaq mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Azərbaycan istər regionun, istərsə də dünyanın ən sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkələrindən biridir. İndi din dünyada bir çox radikal qruplar tərəfindən siyasiləşdirilir və alətə çevrilir. Bu isə təkcə İslam yox, digər dinlərdə də özünü büruzə verir. Yaxın Şərq ölkələrində baş verən proseslər və dini radikalizmin yaratdığı problemlər göz qarşısındadır. Terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Dini radikalizmə qarşı mübarizə hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılır. Din və media mövzusu həmişə aktual olan məsələlərdəndir. İdeoloji sahədə yarananan problemlərin həllində, dini dəyərlərin təbliği, təşviqi, dinlə bağlı mövzuların ictimaiyyətə düzgün formada çatdırılması, dini radikalizmlə mübarizə, terrorizmə və ekstremizmə qarşı tənqid məsələlərində medianın üzərinə böyük vəzifə və məsuliyyət düşür. Dini mövzulara müraciət edən media nümayəndələri dini siyasiləşdirməyə cəhd, müxtəlif dini cərəyanların meydana gəlmə hallarını nəzərə alaraq diqqətli olmalıdır ki, arzuolunmaz hal yaşanmasın.

Ölkəmizdə media və din münasibətlərini şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədova istinaden ”Telejurnal.az” açıqlamasında bildirir  ki, mediada dinlə bağlı yazılara əlbəttə ki, yer verilməlidir. Amma din həm də təhlükəsizliklə bağlı məsələ olduğuna görə burada medianın üzərinə çox böyük vəzifələr düşür:

“Dinlə bağlı hər bir məsələ ciddi şəkildə araşdırılmalı, dəqiqləşdirilməlidir. Eyni zamanda, dini qurumlarla media arasında sıx əməkdaşlıq olmalıdır. Bu gün ölkəmizdə güclü dini maarifləndirmənin aparılmasına böyük ehtiyac var. Bu maariflənmənin aparılmasında da ən əsas qüvvə mediadır. Ona görə hesab edirəm ki, bu gün bu sahədə mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Eyni zamanda, bu istiqamətdə ixtisaslaşmış jurnalistikanın, mütəxəssislərin formalaşmasına, yetişdirilməsinə ehtiyac var. Ona görə də ən azından davamlı olaraq bu istiqamətdə seminarların və treninqlərin keçirilməsinə böyük ehtiyac var ki, burada kifayət qədər maarifləndirmə və bilgiləndirmə işləri aparıla bilsin. Bu zaman bu istiqamətdə müəyyən hədəf və məqsədlərimizə nail ola bilərik. Ümumilikdə hesab edirəm ki, bu gün Azərbaycan mediasında bu məsələlərə kifayət qədər yer verilir. Bu mövzulardan peşəkar yazan jurnalistlərimiz var. Bir də əgər hesab ediriksə ki, xurafatın qarşısını almaq lazımdır, bu mənada da bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə hesab edirəm ki, böyük ehtiyac var”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlie istinaden  ”Telejurnal.az”açıqlamasında deyib ki, bütün mövzularda olduğu kimi medianın dini məsələlərə yanaşmasında da şərtlər, prinsiplər, çərçivələr mövcuddur:

“Bu prinsip Azərbaycan jurnalistlərinin etik davranış kodeksində öz əksini tapıb. Etik davranış kodeksinin 3-cü, yəni şərəf və ləyaqətin qorunması prinsipində dini məsələlərə yanaşma öz əksini tapıb. Orada göstərilir ki, media insanların milli, irqi, dini və sosial vəziyyətinə görə diskriminasiyaya məruz qoymamalıdır və onlara fərqli münasibət bəsləməməlidir. Yəni medianın dinə münasibəti adi hadisələr kimi sadəcə faktlar üzrə işıqlandırılmalıdır. Məsələnin digər tərəfi odur ki, Azərbaycan multikultural ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri yaşayırlar. Baxmayaraq ki, böyük çoxluq İslam dininə aiddir, amma fərqli dinlərin nümayəndələri də rahat şəkildə yaşayır, öz dini inanclarını davam etdirirlər. O baxımdan Azərbaycan mediasının da xalqımız kimi dini məsələlərə münasibəti tolerantlıq prinsiplərinə əsaslanır və multikultural prinsiplərə əsasən həyata keçirilir. Amma başqa bir problem mövcuddur. Bu problem ondan ibarətdir ki, Azərbaycan müxtəlif dini çoxluqlara məxsus olan ölkələrlə sərhəddə yerləşir. Yəni bir tərəfimiz Rusiya ilə, bir tərəfimiz Gürcüstanla, bir tərəfimiz Türkiyə və İranla sərhəddir. Bu dövlətlərin hər birində müxtəlif dinlərə məxsus xalqlar məskunlaşıblar. Bu baxımdan Azərbaycanda müxtəlif dini ekspansiyaların olması halları ilə də rastlaşırıq. Bu halda Azərbaycan mediasının bu cür dini məsələlərə, dini proseslərə münasibətində də bu hallar nəzərə alınmalıdır. Təəssüf doğuran hal odur ki, bizimlə qonşuluqda yerləşən bir sıra dövlətlər beynəlxalq prinsipləri pozaraq bəzən dini siyasətlə qarışdırırlar. Məsələn, qonşu İranda dinlə siyasət qarışdırılır və din pərdəsi altında daha çox ölkənin siyasi maraqları ekspansiya ilə edilir. Bu ekspansiyaya məruz qalan ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycan mediasının məsələlərə daha aydın, doğru yanaşması lazımdır ki, burada hansısa siyasiləşmiş dini prosesləri tənqid edəndə insanların dini inanclarına toxunmasınlar. Təəssüf ki, biz bəzən bu məsələlərin qarışdığının şahidi oluruq. Tutaq ki, İranın siyasəti tənqid olunmaq üçün bəzən ölkənin şiə inanclı insanlarının inanclarının tənqidə məruz qaldığını görürük. Bu, həssas məsələlərdir. Media bu məsələlərdə fərqli davranmalıdır. Azərbaycanın taleyinə belə bir məsələ düşüb ki, dini siyasətlə qatan ölkələrlə qonşudur. Bu baxımdan Azərbaycan mediası bu cür prosesləri tənqid edərkən çalışmaq lazımdır ki, dini inanclı insanları bu məsələlərə qarışdırmasınlar. Azərbaycan mediası çalışır ki, bu prinsipləri nəzərə alsın, öz davranışlarında multikultural davransın. Böyük mənada götürəndə Azərbaycan mediasının dini məsələlərə yanaşması tolerantdır, multikultural prinsiplərə əsaslanır, eyni zamanda Azərbaycan jurnalistlərinin etik davranış kodeksinin 3-cü prinsiplərinə uyğundur”.

Bəzi radikal dini qruplar sosial şəbəkələr, internet vasitəsilə təbliğatlarını davam etdirməyə çalışırlar. Bu səbəbdən sosial mediada da diqqət edilməli məsələlər var.

BDU Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, media eksperti Vəfa İsgəndərov istinaden  Telejurnal.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan sekulyar dövlətdir. Buna baxmayaraq, Azərbaycanda bütün dinlərə tolerant yanaşma sərgilənir:

“Bu istənilən səviyyədə belədir – istər dövlət, istərsə də digər səviyyələrdə. Bu, özünü qəbul edilmiş qanunlarda da, etik normalarda da göstərir. Azərbaycanda “Dini etiqad azadlığı” haqqında Qanun var. Din-dövlət münasibətləri həqiqətən də kifayət qədər yüksək səviyyədə tənzimlənir. Amma təəssüflər olsun ki, bəzi radikal dini qrupların, ölkələrin ideoloji baxımdan dini təsirlərini, neqativ fəaliyyətini sosial mediada görmək mümkündür. Ənənəvi media subyektlərində yalnız İslam dininin deyil, digər dinlərə hörmət, onlara qarşı ayrı-seçkiliyin sərgilənməməsi özünü göstərir. Eyni zamanda, təqdirəlayiq haldır ki, ənənəvi media subyektlərində, mətbuatda maarifləndirici yazılar, proqramlar hazırlanır. Amma təəssüf ki, sosial mediaya daxil olan bəzi subyektlərdə, daha çox sosial şəbəkələrdə bəzi radikal dini qrupların neqativ fəaliyyəti ilə bağlı paylaşımlar görülür. İstərdim ki, sosial şəbəkələrdə neqativ məlumatlar, yad təsirlərə məruz qalan təbliğatlara yol verilməsin və sağlam mühit formalaşsın. Bu, media savadlılığının, rəqəmsal savadlılığın nəticəsində meydana gələ bilər. Bildiyimiz kimi, “Media haqqında” Qanunun 14-cü maddəsinin 14.1.4 bəndinə görə, media subyektlərində müxtəlif növ ayrı-seçkiliyə, eyni zamanda, dini ayrı-seçkiliyə yol verilmir. 14-cü maddənin növbəti bəndində isə dini ekstremizmin təbliğinə yol verilməməsinin vacibliyi göstərilir. Bu baxımdan istərdim ki, həqiqətən də yalnız ənənəvi media subyektlərində yox, eyni zamanda, sosial mediada dinin təbliği, yalnız İslam dininin deyil, digər dinlərin də təbliği ancaq maarifləndirmə ilə olmalıdır, nəinki radikal dini qrupların neqativ təsirləri ilə”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…