44 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Şuşa Bəyannaməsi milli, regional və qlobal əhəmiyyətə malikdir

02 Fevral 2022

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu sənədin əhəmiyyətini 3 qrupa bölmək olar. Birincisi, iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması, ikincisi, regional təhlükəsizliyin və əməkdaşlığın təminatındakı rolu, növbəti isə qlobal əməkdaşlığa töhfə verməsi və qlobal çağırışlarla birgə mübarizədir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
Deputat bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir. Bu müttəfiqlik bir çox müddəalarda öz əksini tapıb. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı görüləcək işlər sırasındadır. Həmçinin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclaslarının keçirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə fəaliyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini də qeyd edə bilərik.
“Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin qarantiyası rolunda çıxış edirlər. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, hər iki dövlətin suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. İki dost və qardaş ölkə indiyə kimi imzaladıqları bütün beynəlxalq sənədlərə, xüsusilə, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirlər. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsinin bizim üçün önəmi hələ də qalmaqdadır. Belə ki, Zəngəzur dəhlizinin açılmasına və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinə təminat verilir. Həmçinin Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti Türkiyəyə qarşı əsassız soyqırımı iddialarının qarşısının alınmasında faydalı ola bilər. Bu Bəyannamə, həmçinin qlobal əməkdaşlığa töhfə verməsi və bütün çağırışlarla birgə mübarizə istiqamətində də önəmlidir. Şuşa Bəyannaməsi sadəcə Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, böyük Türk birliyinin gələcək təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyi şübhəsizdir”, – deyə deputat bildirib.
A.Quliyev əlavə edib ki, Azərbaycan və Türkiyə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bütün platformalarda bir-birinə qarşılıqlı dəstək verəcəkdir. Həmçinin iki ölkə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin həlli istiqamətində birgə səylər nümayiş etdirəcəklər. Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu da artacaqdır. Şərq-Qərb orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan və Türkiyə vacib rola malik olacaqlar. Həmçinin iki ölkə beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəni də genişləndirəcək.

Şuşa Bəyannaməsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam uyğun olduğunu qeyd edən Milli Məclisin deputatı deyib: “Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini emosional yaxınlıq üzərində deyil, beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurublar. Beynəlxalq hüquqa uyğun olaraq iki qardaş ölkənin dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir. Ona görə də Şuşa Bəyannaməsinin hərbi-siyasi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlmir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…