23 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir

24 Fevral 2022

Bu günün əsas müzakirə mövzusu ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasıdır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər ölkələr arasında münasibətlərin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd edildiyi kimi, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında müttəfiqlik Bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir.
43 maddədən ibarət olan sənəd iki ölkə arasında əlaqələrin hazırkı dövrə qədər keçdiyi yola baxış fonunda perspektivləri əks etdirir. Hər dövrün çağırışlarını uğurlu siyasəti ilə cavablandıran Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra yaranmış yeni reallıqların təsdiqi və qəbulu istiqamətində səylərini artıraraq buna yüksək səviyyədə nail olur. Bu gün dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəkləri də bunun bariz nümunəsidir. Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda sülh və əməkdaşlıq dövrünün başlandığını bəyan etməsi münaqişənin artıq tarixə qovuşduğunu, münasibətlərdə yeni səhifənin açıldığını təsdiqləyir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Postmünaqişə dövrünün reallıqlarına qısa baxış fonunda ölkəmizin atdığı hər addımında ədalətə və beynəlxalq hüquqa əsaslandığını, milli maraqlarımızın hər şeydən öndə dayandığını görərik. Moskva Bəyannaməsinin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixi köklərə malik olduğunu qeyd edən deputat deyib: “Moskva Bəyannaməsinin iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə təsadüf etməsi də rəmzi məna daşıyır. Rusiya Prezidenti Vladimir Putin bu sənədi Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi üçün “yol xəritəsi”, dövlət başçısı İlham Əliyev münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılmasını məsuliyyət və imtiyaz kimi dəyərləndirir. Bu nöqteyi-nəzərdən bildirilir ki, müttəfiqlik Bəyannaməsi təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır”.

Malik Həsənov 43 maddənin təhlili fonunda bu fikri də vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə, mədəni, humanitar əlaqələrin, xalqlarımızın maraqlarına uyğun hazırlanan sənəd regional, beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə, möhkəmləndirilməsinə töhfə verəcək: “Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi əsas amil kimi nəzərdə tutulur. Bəyannamədə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, eləcə də 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Ümumilikdə sənədin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi məharətli diplomatiya tələb edir. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində, həmçinin postmünaqişə dövrünün reallıqlarının qəbulunda Türkiyə və Rusiyanın göstərdikləri səylər daim Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan və Türkiyənin qardaşlığını, müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına Qarabağımızın tacı, mədəniyyət paytaxtımız Şuşa şahidlik etdi. Bu birliyin, qardaşlığın sarsılmazlığı bir daha dünyaya bəyan edildi”.
Şuşa Bəyannaməsi kimi Moskva Bəyannaməsinin də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verdiyini diqqətə çatdıran Malik Həsənov deyib: “Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə, ədalətə söykənən Azərbaycan növbəti diplomatik uğura imza atdı. Bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi istiqamətlərdəndir. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Uğurlarımızın təməlində düşünülmüş və məqsədyönlü, ən əsası müstəqil siyasətimiz dayanır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur və zaman keçdikcə imzalanan sənədlərin fonunda bu münasibətlər daha da yaxınlaşır. Azərbaycan-Rusiya münasibətləri deyilənlərə bariz nümunədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…