264 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Laçın rayonunda inşa ediləcək aeroport ölkənin turizm potensialının artırılmasına təkan verəcək

01 Dekabr 2021

Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində ölkəmiz ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu bir güllə belə atmadan, itkisiz Azərbaycana təhvil verildi. Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən noyabrın 9-da işğaldan azad edilmişdi. Razılaşma əsasında Laçın, Kəlbəcər və Ağdam rayonlarının döyüş aparmadan və itki vermədən Azərbaycana təhvil verilməsi dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və müdrik siyasətinin nəticəsidir.

‘TELEJURNAL’ xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Şuşadan sonra Ermənistanın işğalına məruz qalan ikinci rayonumuz Laçın Azərbaycanın dilbər guşələrindən biridir. Özündə 125 kəndi birləşdirən Laçında işğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi fəaliyyət göstərib. Erməni barbarları işğal etdikləri digər ərazilər kimi Laçını da talan edib və dağıdıblar. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq erməni işğalçıları tərəfindən məhv edilib. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası bunların sırasındadır.

Laçın rayonunun 1992-ci il mayın 18-də işğal edildiyini xatırladan C.Məmmədov düşmən qüvvələrinin böyük hissəsinin əraziyə Laçın dəhlizi vasitəsilə daxil olduğunu bildirib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı.

Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər həyata keçirdi.

“Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa və quruculuq işlərinə başlanılıb. Həmin ərazilərdəki inşa edilən üç hava limanından biri məhz Laçın rayonundadır.

Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Böyük əhəmiyyətə malik olan və uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq”, – deyə C.Məmmədov qeyd edib.

Deputat vurğulayıb ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, turizm potensialının artırılmasına təkan verəcək.

Onun sözlərinə görə, son dərəcə mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

“Dövlətimizin uğurla həyata keçirdiyi Böyük Qayıdış proqramı əsasında Laçın rayonu tezliklə abad məkanlardan birinə çevriləcək. Bu yerlərin sakinləri o gözəl torpaqlarda yeni həyata başlayacaqlar, – deyə C.Məmmədov bildirib.

https://azertag.az/xeber/Deputat_Lachin_rayonunda_insa_edilecek_aeroport_olkenin_turizm_potensialinin_artirilmasina_tekan_verecek-1940298

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…