39 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə mövqeləri möhkəmlənib

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci il sentyabrın 25–27-də keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla əlaqədar “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən (“Gündəlik-2030”) irəli gələn vəzifələrin icrasına başlanılıb. Dünya birliyinin qəbul etdiyi, bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Gündəlik-2030” cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcıdır. “Heç kimin kənarda qalmaması” prinsipinə söykənən bu gündəliyin milli səviyyədə icrası Azərbaycanda da kompleks islahatların həyata keçirilməsinə zəmin yaradıb. Sözügedən gündəlikdə yer alan qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür. Prezident İlham Əliyev “…Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük” sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliymizin əsas prioritetlərini müəyyən edib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

O bildirib ki, Azərbaycan DİM-dən irəli gələn vəzifələrin reallaşdırılması istiqamətində məqsədyönlü və intensiv addımlar atır. Belə ki, “Gündəlik-2030”un icra mexanizmlərinin yaradılmasında mühüm addım olaraq 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Görülmüş işlər öz nəticələrini çox gözlətməyib. Ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlərin, o cümlədən 2021-ci ilin iyulunda Azərbaycan tərəfindən regionda ilk ölkə (dünyada 10 ölkədən biri) kimi DİM-in icrası istiqamətində atılmış addımların yekunu ilə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabat təqdim edilib. Habelə DİM-in həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulub, xüsusilə də 2021-ci ilin martında BMT-nin Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb. Eyni zamanda, DİM-in həyata keçirilməsi üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Bundan savayı, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsinin DİM-in məqsəd və hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə 2020-ci ilə nisbətən ümumi daxili məhsulun (ÜDM) real ifadədə 5,6 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb, ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallıq 2021-ci ildə bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanıb və onun DİM-in məqsəd və hədəflərinə inteqrasiyası təmin edilib. Eyni zamanda, 2022-ci il üzrə DİM-in maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planı hazırlanıb.

Elman Nəsirov qeyd edib ki, Azərbaycanın “Gündəlik-2030”dan irəli gələn vəzifələrin icrası istiqamətində gördüyü səmərəli işlər müvafiq beynəlxalq hesabatda da yüksək qiymətləndirilib. Belə ki, DİM İndeksi üzrə hesabatda (Sustainable Development Report 2022) Azərbaycan 2021-ci ilin nəticələri ilə müqayisədə 5 pillə mövqeyini möhkəmləndirib. Başqa sözlə, 73,5 bal ilə dünyada 50-ci yerdə qərarlaşmış ölkəmiz son illər ardıcıl şəkildə göstəricilərini artırıb. Müqayisə üçün müvafiq göstəricilər 2000-ci ildə 62,73, 2010-cu ildə isə 68,02 bal təşkil edib. Bütün bu artan dinamikanın nəticəsi olaraq, Azərbaycan Şimali Makedoniya, Qazaxıstan və Monteneqro kimi ölkələri geridə qoyub. Ölkəmiz müvafiq yüksək göstəricisi ilə həm Ermənistanı (66-cı yer), həm də Gürcüstanı (51-ci yer) üstələyib. Ən maraqlısı isə odur ki, müvafiq indeks üzrə hətta Türkiyə (71-ci yer) və Çin kimi (56-cı yer) nəhəng iqtisadi güc və potensialı olan ölkələr də Azərbaycandan geridə qalıb.

“Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması postmüharibə dövrünün prioritet məsələsi kimi müəyyən edilmiş və bu prosesdə DİM-ə müvafiq yer ayrılıb. Başqa sözlə, ekoloji tarazlığın qorunması (“yaşıl enerji” konsepsiyası), su ehtiyatlarından səmərəli istifadə, “ağıllı şəhər və kənd” konsepsiyaları, səhiyyə və təhsilə əlçatanlığın təmin edilməsi prioritet vəzifələr kimi icra edilməkdədir. Bu strateji vəzifələrin icrası üçün siyasi iradə, maliyyə-iqtisadi imkanlar, insani resurslar və beynəlxalq tərəfdaşların mövcudluğu zəruri şərtlərdir. Bütün bu imkan və potensialın sahibi olan Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində olduqca uğurlu fəaliyyəti ölkəmizə təkcə siyasi və iqtisadi dividentlər gətirmir, həm də onun beynəlxalq nüfuzunu daha da yüksəldir”, – deyə deputat vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…