87 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycanda aparılan məqsədyönlü gənclər siyasəti və bu istiqamətdə verilən çevik qərarlar misilsiz uğurlarla nəticələnib

05 Fevral 2022

Azərbaycan müstəqilliyinin elə ilk illərində həyatının çox mürəkkəb və təhlükəli anlarını yaşayır, ciddi, fundamental çətinliklərlə üzləşirdi. Bir tərəfdən Qarabağ problemi, digər tərəfdən siyasi, sosial-iqtisadi böhran ölkəmizdə həyatın bütün sahələrini iflic vəziyyətinə salmışdı. Daxildə vəzifə uğrunda mübarizə getdikcə qızışır, xaricdə erməni lobbi təşkilatları respublikamızın əleyhinə həqiqəti əks etdirməyən informasiya müharibəsi aparır, dövlətimizin təməl prinsiplərinə zərbə vurmağa çalışırdılar. Faktiki olaraq ölkə bərbad vəziyyətə salınmışdı. Xalq çaşqınlıq içində yaşayırdı. Belə bir ağır gündə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycana sahib çıxdı, respublikada gündən-günə dərinləşən böhranın qarşısını aldı.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib: 1994-cü ildə nəhəng neft müqavilələrinin imzalanması, investorların Azərbaycana cəlb olunması ölkə həyatında tarixi hadisəyə çevrildi. Həyat tədricən axarına düşdü, qısa müddətdə iqtisadi tərəqqi nəzərə çarpmağa başladı, artıq şəhər və kəndlərimizin simasında da müasirləşmə nəzərə çarpdı. İnsanların rifahında müsbət dəyişiklik müşahidə olundu. Bütün bunlarla bərabər ulu öndərimiz gələcək inkişafın dinamik xarakter alması üçün gənclər siyasətini əsas prioritetlərdən biri kimi diqqət mərkəzində saxladı. Qısa müddətdən sonra dahi şəxsiyyətin bu uzaqgörən strategiyası sözün tam mənasında özünü doğrultdu və gənclər müasir müstəqil Azərbaycan həyatının ayrılmaz hissəsinə çevrildi.
Bu gün cəmiyyətimizdə gənclik mühüm rola malikdir. Gənclərin Vətənə bağlılıq, Vətənə sevgi ruhunda yetişmələrində, dövlət maraqlarını hər şeydən üstün tutmalarında, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin böyük diqqət və qayğısı unudulmazdır.
Hazırkı dövrümüzdə də gənclərin inkişafı üçün geniş imkanlar, əlverişli şərait var. Onların fəal olmaları həm dövlət üçün, həm də öz həyatlarını uğurlu şəkildə təmin etmək baxımdan vacibdir. Gənclərimiz istənilən dəyərlərə sahib çıxmalı, onu gələcəyə bir əmanət kimi daşımalıdırlar. Ölkənin rifahı, inkişafı üçün fəaliyyətlərində fəallıq nümayiş etdirməlidirlər.
Heydər Əliyev ideyalarını siyasi kursunun təməl prinsipləri seçən Prezident İlham Əliyevin gənclər siyasəti ötən 18 il ərzində parlaq şəkildə nəzərə çarpıb. Gənclər praqmatik şəkildə dövlət qayğısı ilə əhatələnib. Dövlətimizin başçısı Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr edilmiş Gənclər Forumundakı nitqində bunu bir daha ifadə edib: “İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”.

Prezident tam haqlıdır. Çünki ötən zaman ərzində bir xalqın, dövlətin gələcək həyatına töhfələr bəxş etmək üçün aparılan məqsədyönlü gənclər siyasəti və bu istiqamətdə verilən çevik qərarlar misilsiz uğurlarla nəticələnib.
İndi ölkə gəncliyinin qalibiyyət səsləri istər respublika daxilində, istərsə də dünyanın hər yerində eşidilməkdədir. Azərbaycan gəncliyinin Vətən müharibəsində möhtəşəm qələbəmizin əldə edilməsində göstərdiyi misilsiz qəhrəmanlığı Prezident İlham Əliyev çıxışlarında dönə-dönə dəyərləndirərək, bunu onların vətənpərvərlik ruhunda tərbiyəsi ilə əlaqələndirib. Dövlətimizin başçısı deyib: “Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu amillərin vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.
Bəli, 44 günlük savaşda gənclərin rolu həlledici xarakter daşıdı. Vətən müharibəsində düşmənlə mübarizədə Ordumuzun əksər hissəsini gənclər təşkil etdi. Milli ruh, torpaq, vətən sevgisi, ləyaqət onları qələbədən – qələbəyə, zəfərdən-zəfərə apardı. Həmrəylik dastanına çevrilən “Dəmir yumruq”la dövlətimizin başçısının Ali Baş Komandanlığı ilə Vətən şərəflə bütövləşdi.
Bu gün əlilliyi olan şəxslər və Vətən müharibəsində iştirak etmiş gənclər dövlətin himayəsindədir. Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqramlar icra edilir.
İndiyədək 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Qazilərin sağlamlığı diqqət mərkəzində saxlanılıb. Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılıb. Qeyd etmək yerinə düşər ki, bu protezlər yüksək texnologiya məhsuludur və son dərəcə səmərəlidir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri sürətlə davam etdirilir. Ölkədə ciddi islahatlar gerçəkləşdirilir. Yeri gəlmişkən, respublikamızda islahatlara meyillilik indeksinə görə, Azərbaycan dünyada birinci onluqdadır. Etiraf edək ki, illər öncə vətəndaşlarımız, xüsusilə gənclər xaricdə təhsil alıb orada qalmaq arzusunda idilərsə, indi, əksinə, Vətənə qayıtmaq arzusundadırlar. Statistik göstəricilərdə bunun şahidi oluruq. Gənclərimizə Vətəndə karyera qurmaq üçün yaradılan şəraitin və əlverişli, sağlam biznes mühitinin olması, onlara dövlət idarəçiliyində etimad göstərilməsi buna sübutdur.

Sonda Rəşad Mahmudov bildirib ki, Gənclər Forumunda qeyd olunan məsələlərdən biri də gənclərin bütün sahələrdə mütəşəkkil olmağa çalışmaları zəruriliyi ilə bağlı idi. Xüsusən də onların informasiya sahəsində fəallığının vacibliyi vurğulandı. Çünki bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana qarşı uzun illərdir ki, mübarizə aparılır, çamur atılır, respublikamızın demokratik imicinə zərbə vurmağa çalışılır. Ölkəmizə düşmən kəsilən bu təşkilatların müharibə və postmüharibə dövründə açıq-aydın Ermənistana dəstək göstərmələri də sirr deyil. Azərbaycanlı gəncliyi bu istiqamətdə səmərəli addımlar atmalı, haqq səsimizi, həqiqətləri çəkinmədən bəyan etməli, sivil mübarizə ilə bədxahlara sözünü deməlidir. Nicatımız milli birliyimizdir. Biz multikultural, sülhsevər Azərbaycan olaraq hər zaman haqqın və ədalətin zəfərinə, təntənəsinə inanmışıq. Zəfər isə həyat şüarımız, alın yazımızdır. Çünki biz düz yoldayıq!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…