38 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan geosiyasi və geoiqtisadi proseslərin dinamikliyinə uyğunlaşmaq üçün çevik davranış sərgiləyir

19 Mart 2022

Tarixən yol amili dövlətlərin xarici siyasətinə, manevr imkanlarına, ümumiyyətlə, milli maraqlarının təmin olunmasına birbaşa təsir edib. Multimodal nəqliyyat dəhlizlərinə effektiv çıxışı və onlardan sərbəst istifadə imkanları olan dövlət mütləq şəkildə siyasi və iqtisadi təsir imkanlarının genişlənməsinə, geosiyasi hədəflərinə daha rahat çatmasına nail olur. Həmçinin geniş, etibarlı və səmərəli nəqliyyat kommunikasiyası imkanları dövlətin müstəqilliyinin güclənməsinin vacib şərtlərindəndir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin nəqliyyat strategiyasını ayrıca xətt kimi müəyyənləşdirib və inkişaf etdirməkdədir. Ölkənin coğrafi mövqeyi, potensialı, dünyada cərəyan edən müxtəlif xarakterli proseslərin mümkün inkişaf ssenariləri dəqiqliklə hesablanaraq həyata keçirilən nəqliyyat strategiyası bütövlükdə Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın Asiya-Sakit Okean regionu ilə Avropanın əlaqələndirilməsi istiqamətində əsas iştirakçılardan birinə çevrilməsi məhz Prezident İlham Əliyevin strateji baxışlarının və strateji planlaşdırmasının real nəticəsidir. 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatında Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin də əksini tapması Azərbaycan cəmiyyəti üçün gözlənilməz oldu.
Həqiqətən də etiraf etmək lazımdır ki, bu məsələ ətrafında cəmiyyətdə müzakirələr getmirdi. Hər bir cəmiyyət üzvünün yeganə gözləntisi torpaqların işğaldan azad olunması ilə bağlı idi. Həm torpaqlarımızın işğaldan azad edilməsi, həm də Zəngəzur dəhlizi ideyasının imzalanmış sənəddə yer alması dövlətimizin, ölkə rəhbərinin nə dərəcədə böyük gücə, iradəyə və strateji düşüncə qabiliyyətinə malik olduğunu göstərdi. Zəngəzur dəhlizi ideyasının hələ, sadəcə olaraq, səsləndirilməsi artıq dünya üçün təsirli mesaj oldu. Belə ki, subliminal bir mesaj ötürmüş olduq ki, indiki Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanı da narahat edən əsas məqam məhz “Zəngəzur dəhlizi” ifadəsidir. Ötən il aprelin 20-də Prezident İlham Əliyev rəsmi İrəvanın mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılacağını bəyan etməsi Ermənistan tərəfindən Azərbaycandan gələn “yeni təhdid” kimi qiymətləndirildi. Müvafiq olaraq fikirlərində, mövqelərində daim sərt transformasiyalara yol verən Ermənistanın baş naziri N.Paşinyan da Zəngəzur dəhlizi ətrafında imitasiyalar etməklə məşğul oldu.

Azərbaycan isə həmişə geosiyasi və geoiqtisadi proseslərin dinamikliyinə və ruhuna uyğun addım atmaq üçün çevik davranış sərgiləyir. Meqanəqliyyat layihələrində mühüm yer tutmaq ölkəmizin milli inkişaf və təhlükəsizlik tələblərinin başlıca şərtlərindəndir. Azərbaycan artıq Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində əsas iştirakçılardan biridir. Zəngəzur dəhlizi isə Asiya və Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin mühüm seqmentlərindən birini təşkil etməlidir. Başlıca hədəf Asiyadan Avropa istiqamətində ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdan, müvafiq olaraq Avropa bazarlarına təsir imkanlarını formalaşdırmaqdan ibarətdir. Artıq yuxarıda qeyd edildiyi kimi, Zəngəzur dəhlizi hələ reallaşdırılmasa da, artıq siyasi-psixoloji təsirlərini göstərdi. Həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi, həm də dünyanın ən böyük bazarları istiqamətində strateji tranzit imkanlarının yaradılması üçün vaxtında çevik addımların atılması olduqca vacib idi. Bu baxımdan, ölkənin qərb torpaqları ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması bizim həm strateji, həm də taktiki qələbəmiz oldu. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı Azərbaycanla İranın imzaladığı sənəd bir çox istiqamətlərdə mühüm əhəmiyyət kəsb edir.
Birincisi, təbii ki, Naxçıvanın iqtisadi inkişafda yeni bir mərhələnin başlandığını müşahidə edəcəyik. Belə ki, Naxçıvan iqtisadiyyatının blokadadan çıxarılması və milli iqtisadiyyatımıza inteqrasiya etdirilməsi ən başlıca hədəflərdəndir. Naxçıvanla etibarlı nəqliyyat əlaqəsinin qurulması Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında həm mal dövriyyəsinin, həm də işçi qüvvəsinin yerdəyişmə imkanlarını genişləndirməklə ciddi sosial-iqtisadi töhfələr verəcək.
İkincisi, Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrini genişləndirəcək. Yəni, mahiyyət etibarilə İran ərazisindən əlaqə üçün qurulacaq yeni nəqliyyat bağlantısı Zəngəzur dəhlizinin yerinə yetirməli olduğu demək olar bütün funksiyaların öhdəsindən gələcək. Zəngəzur dəhlizi həm də Ermənistana beynəlxalq kommunikasiya arteriyalarına qoşulmaq, Rusiya ilə daha səmərəli nəqliyyat əlaqələri imkanları verəcəyi halda, İran ərazisindən nəqliyyat əlaqəsi onu bu imkanlardan kənarda qoyacaq. Yenə də İran ərazisindən Naxçıvana keçməklə Türkiyə ilə nəzərdə tutulan nəqliyyat bağlantıları yaradılacaq ki, bunun da mühüm siyasi və iqtisadi dividendlərini əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur.
Üçüncüsü, İran ərazisindən Naxçıvanla əlaqə üçün nəqliyyat bağlantısının yaradılması qardaş Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü olan yeni regional əməkdaşlıq platformasının qurulması istiqamətində ilk praktiki addım olacaq. Dövlətimizin başçısı Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan-İran dövlət sərhədini “dostluq sərhədi” adlandırıb. Həqiqətən, ərazilərimizin işğaldan azad olunması Azərbaycan-İran əlaqələrinin və müvafiq olaraq siyasi münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçməsi üçün real imkanlar açdı. Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması barədə Azərbaycan-İran anlaşması bunun bariz nümunəsidir.

Dördüncüsü, Ermənistan və onun dəstəkçiləri hər vasitə ilə Zəngəzur dəhlizini Azərbaycana qarşı siyasi şantaj alətinə çevirməyə cəhdlər edirdilər. Ermənistanda yanlış düşüncə ondan ibarət idi ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması müqabilində bəzi güzəştlərə gedə bilər. Ağır məğlubiyyət vəziyyətində sülh sazişi imzalamaqdan yayınan Ermənistan təbii ki, bu amildə şantaj vasitəsini görürdü. Hesab edirəm ki, alternativ nəqliyyat əlaqəsi bu istiqamətdə erməni düşüncəsini alt-üst etdi. Azərbaycan Prezidenti növbəti dəfə nümayiş etdirdi ki, həmişə səmərəli alternativlərə malikdir.
Beşincisi, İran ərazisindən Naxçıvanla bağlantı həm də Zəngəzur dəhlizinə aparan yoldur. Düşünmək olar ki, İran ərazisindən nəqliyyat əlaqəsi yaradıldıqdan sonra Zəngəzur dəhlizi ideyası Ermənistanın əlində şantaj aləti kimi əhəmiyyətini itirəcək. Müvafiq olaraq, dəhlizin açılmaması üçün edilən cəhdlər zəifləyəcək və aradan qalxacaq. Deməli, Azərbaycan məqsədlərinə çatmaq üçün çoxvektorlu taktiki gedişlər etmək imkanına hər zaman malikdir. İran ərazisindən Naxçıvanla əlaqənin yaradılması heç də Zəngəzur dəhlizinin arxa plana keçməsi anlamına gəlməməlidir. Gələcəkdə Zəngəzur dəhlizi də açılarsa, bunun kommunikasiya təhlükəsizliyi baxımından əhəmiyyəti daha böyük olacaq. Yəni, bir yoldan asılılıq aradan qalxacaq.
Bütün bunlar açıq şəkildə göstərir ki, Azərbaycanın milli maraqlarına uyğun bütün hədəflərinə asanlıqla çatması üçün tətbiq etdiyi strategiyanın zəngin komponentləri mövcuddur. Bir sözlə, Azərbaycan Prezidenti nəyi necə, nə vaxt etməyin lazım olduğunu yaxşı bilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…