58 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan dövləti Şərqi Zəngəzurun hər bir bölgəsində olduğu kimi, Laçının da bərpasında ciddi iradə nümayiş etdirir.

24 Noyabr 2021

Prezident İlham Əliyev ötən il dekabrın 1-də xalqa müraciətində 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsinin böyük faciə, itki olduğunu, bununla da Ermənistan ilə Qarabağ arasında yol bağlantısı yarandığını, düşmənin bu dəhliz vasitəsilə əzəli ərazilərimizə silah-sursat, canlı qüvvə gətirdiyini, bir il sonra isə Kəlbəcərin də yağı tapdağına düşdüyünü xatırladıb: “Bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir”.

Bəli, bu, inkarolunmaz bir həqiqətdir ki, Laçını erməni silahlı birləşmələri himayədarlarının köməyi ilə işğal edib. O da gerçəklikdir ki, AXC-Müsavat cütlüyünün hakimiyyət ehtirasları, ekstremal şəraitdə dövləti bacarıqla idarə edən liderin olmaması və qəsbkarın, necə deyərlər, çırağına neft tökdü, Laçının süqutunu labüdləşdirdi. Tarixi qəhrəmanlıq ənənələri, mərdliyi, cəsarəti olan laçınlılar isə bu qeyri-bərabər döyüşlərdə şücaətlə vuruşdular, 267 nəfər şəhid oldu, 65 nəfər itkin düşdü. Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Laçından 5 nəfər Milli Qəhrəman adına layiq görüldü.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Ötən illər ərzində hər bir laçınlı Prezident İlham Əliyevdən misilsiz qayğı və diqqət görsə də, daim yurd həsrəti ilə yaşadı, tükənməz enerjisi, qətiyyəti, prinsipial və uzaqgörən siyasəti ilə bütün dünyanı heyran qoyan, Qarabağın bir qarış torpağını da güzəştə getməyəcəyini bəyan edən dövlətimizin başçısının hansı yolla olursa-olsun – istər sülh, istərsə də müharibə yolu ilə işğal altında olan torpaqlarımızın azadlığını gerçəkləşdirəcəyinə inandı. Nəhayət, o gün gəldi, Laçın qansız-qadasız yağı tapdağından xilas edildi.

Burada bir məqamı da xatırlatmaq istərdim. Belə ki, Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Silahlı Qüvvələrimiz Qarabağın ətrafında yerləşən 7 rayondan biri olan Laçının da Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Bununla da müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusi ilə Şuşa şəhəri, ardınca isə 70-dən artıq kəndin azad edilməsindən az sonra Ermənistan kapitulyasiyaya imza atdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi, Azərbaycana təhvil verməli oldu.

Beləliklə, noyabrın 10-da imzalanan birgə Bəyanata əsasən, müqəddəs Qarabağ torpaqları uğrunda apardığımız müharibə Azərbaycanın parlaq Qələbəsi ilə başa çatdı. Müzəffər Azərbaycan Ordusunun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bir güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də siyasi arenadakı mütləq qalibiyyətimizin göstəricisi kimi tarixə yazıldı. Eyni zamanda, tarixi yurd yerlərimizin– Kəlbəcərin, Ağdamın, Laçının düşməndən təmizlənməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsinin təcəssümünə çevrildi”.

Rəşad Mahmudov daha sonra bildirib ki, 1992-ci ildə rayonun işğalından sonra erməni əhalisi bu ərazidə qeyri-qanuni məskunlaşmışdı. Laçın düşməndən təmizlənəndən sonra onlar Ağdam və Kəlbəcərdə olduğu kimi, bu torpaqlardan da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürərək çıxdılar. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, meşələrə od vurub və suları çirkləndirməklə ekoloji fəlakət törətdilər. Amma 1992-ci ildə azərbaycanlılar doğma rayonlarından zorakılıqla qovuldular. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, meyitləri belə təhqir edildi. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verdi, onlarla dinc insan Laçında girov götürüldü. Bir sözlə, Laçın rayonundan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilmədi, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olundu. Bu, Azərbaycan və Ermənistan arasındakı insani fərqi müqayisə etmək üçün əyani nümunədir.

Bu gün Laçın rayonunda şəhər və kəndlərin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması ilə bağlı geniş miqyasda işlər görülür. Uzunluğu 72,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometrlik tunel və Laçın Beynəlxalq Hava Limanı ilə bağlı layihələr uğurla icra edilir. Bütün bu mühüm tədbirlərin gerçəkləşdirilməsi, eyni zamanda, dövlətimizin iradəsini, nəyə qadir olduğunu göstərir.

Prezident İlham Əliyevin Laçın rayonunun yenidən qurulmasına xüsusi diqqəti, burada bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin reallaşmasına mühüm önəm verməsi bölgənin inkişafının strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə reallaşdırılan tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir.

https://azertag.az/xeber/Deputat_Azerbaycan_dovleti_Serqi_Zengezurun_her_bir_bolgesinde_oldugu_kimi_Lachinin_da_berpasinda_ciddi_irade_numayis_etdirir-1933928

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…