30 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olur

20 Aprel 2022

Hazırda dünyada gedən mürəkkəb ictimai-siyasi, iqtisadi böhran və hərbi gərginliklər fonunda beynəlxalq arenada ölkəmizin əhəmiyyəti daha da artır. Əlbəttə, Azərbaycan 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vurmaqla BMT Qətnamələrini özü icra etdi. Eyni zamanda, ölkəmizin suveren hüquqları və ərazi bütövlüyü bərpa edilmiş oldu. Müharibənin nəticələri əsasında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaranıb. Aprelin 12-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələni önə çəkərək bildirdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. Bu, beynəlxalq təşkilatlarla aparılan fəal əməkdaşlığın əsasında baş verib. Azərbaycan bir çox ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq edir, birgə layihələri reallaşdırır. Dövlətimizin başçısının apardığı balanslı xarici siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. Otuz illik müstəqillik tarixində Azərbaycan daim etibarlı dövlət kimi özünü tanıda bilib. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlətlərlə yanaşı, mühüm beynəlxalq təşkilatlar da dövlətimizə hörmətlə yanaşır.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova bildirib.
O qeyd edib ki, bu yaxınlarda mədəniyyət paytaxtımız olan Şuşa şəhərində BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi xüsusilə təqdirəlayiq idi. Bu konfrans bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu qurumun, onun Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kağız üzərində qalmışdır və Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən birtərəfli qaydada həll edilməsi Prezident İlham Əliyevin dediyi kimi BMT-nin üzərindən bu yükü götürmüş oldu. Xüsusilə də bu tədbirin Şuşa şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, bu hadisə Ermənistanda narazılıqla qarşılandı, bəyanatlar verildi. Ancaq qarşı tərəf artıq dərk etməlidir ki, biz öz torpaqlarımızı erməni işğalından azad etmişik və onların yersiz iddiaları yalnız onların əleyhinədir.
Deputat xüsusilə vurğulayıb ki, dövlətimizin başçısının çevik və uzaqgörən diplomatik bacarıqları nəticəsində Azərbaycan qoşulmama prinsipini əsas götürməklə, praqmatik siyasət həyata keçirir. Bu yanaşma dünyada gedən proseslər fonunda mühüm pozitiv nəticələrin əldə olunmasında vacib şərtlərdən biridir. Müşavirə zamanı Prezident İlham Əliyevin Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatındakı fəaliyyətini, eləcə də bu təşkilatın ölkəmizə verdiyi dəstəyi qiymətləndirərkən bildirib: “Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olduğunu nümayiş etdirdi”. Qoşulmama Hərəkatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan sədrlik dövründə bu qurumu yenidən canlandırdı. Gənclər və Parlamentlər şəbəkəsi təsis olundu. Ölkəmiz COVID-19-un yaratdığı fəsadların aradan qaldırılması və vaksin millətçiliyinin qarşısının alınması sahəsinə mühüm töhfələr verdi. Bu səbəbdən də bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi daha bir il uzadılmışdır. Bu, dövlətimizə, onun başçısı İlham Əliyevə göstərilən böyük etimadın, inamın təzahürüdür. Öz növbəsində Qoşulmama Hərəkatı da Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirdi.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın aktiv fəaliyyət göstərdiyinə diqqət çəkən Milli Məclisin komitə sədri deyib: “İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul edib. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda ölkəmizin mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul olunub.
Həmin müşavirədə Prezident İlham Əliyev ATƏT-lə bağlı münasibət bildirərkən təşkilatı və onun Minsk qrupunu fərqləndirməklə onların fəaliyyətinə qiymət verdi. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünü qeyd edən dövlətimizin başçısı bildirdi: “Görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”. Lakin ATƏT-in Minsk qrupuna gəldikdə isə qeyd etmək lazımdır ki, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Azərbaycan dövlətinin, ölkə Prezidentinin mövqeyi birmənalıdır. ATƏT-in Minsk qrupu 28 il fəaliyyətdə olub, ötən dövr ərzində həmsədr ölkələr həm Azərbaycana, həm də Ermənistana dəfələrlə səfər ediblər. Lakin heç bir nəticə əldə olunmamışdır. Nəhayət Azərbaycan hərbi-siyasi yolla özü bu münaqişəni həll etdi. Artıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bununla da Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər, çünki məsələ öz həllini tapıb”.
Hicran Hüseynova deyib ki, Vətən müharibəsindən sonra Avropa İttifaqı – Azərbaycan münasibətləri daha intensiv xarakter alıb. Bu təşkilat da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərdə diqqət çəkən ən önəmli məqamlardan biri odur ki, yekun sənədlərdə “Dağlıq Qarabağ” adı yoxdur. Azərbaycanın etirazı qəbul edilərək nə “Dağlıq Qarabağ”, nə “münaqişə”, nə də “ATƏT-in Minsk qrupu” ifadələri yoxdur. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və aprelin 6-da keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib. İki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün Azərbaycanın 5 prinsipdən ibarət təklifinə Ermənistan tərəfi də müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Otuz il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olub. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri özləri həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olacaqdır. Bunun üçün münbit imkanlar yaranıb.
“Bu gün regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Bu təşəbbüslərdən biri də “3+3” əməkdaşlıq formatıdır. Bu ideyanı ilk olaraq qardaş Türkiyə dövləti dəstəkləyib. Prezident İlham Əliyevin dediyi kimi: “Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir”.
Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqazın lider dövləti kimi qədəm qoyub. Ona görə də balanslı siyasət yürütmək vacibdir və bu gün Azərbaycanın həyata keçirdiyi bu müdrik siyasət dövlətimizin başçısının strateji uzaqgörənliyini bir daha təsdiqləyir”, – deyə deputat qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…