350 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: 2022-ci ilin “Şuşa İli” elan edilməsi milli mədəni irsin qorunması prosesinin davamı olacaq

06 Yanvar 2022

Ötən illərdə olduğu kimi, bu ilin də uğurlu olması üçün güclü Azərbaycan dövləti qarşıya qoyulan hədəfləri yerinə yetirmək əzmindədir. 2022-ci ildə də qarşımızda siyasi, iqtisadi hədəflərə çatmaqla yanaşı, milli yaddaşın bərpası və geniş təbliği ilə bağlı mühüm vəzifələr dayanır.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın gələcək hədəflərə nail olmaq yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bununla bağlı imzaladığı Sərəncamda qeyd edildiyi kimi: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır”.
“Şuşa təkcə Azərbaycanın deyil, mədəniyyətimizin beşiyi, Qafqazın incisi, müasir sivilizasiyanın – bəşəriyyətin mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir. Bu tarixi Azərbaycan şəhərinin XX əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”, – deyə S.Fətəliyeva bildirib.
Deputat vurğulayıb ki, Şuşa 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalsa da, mənəvi ruhunu qoruyub saxlayıb. Ermənilərin Şuşanın mədəni-siyasi simasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Şuşanın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və tariximizin ən önəmli hadisələrindən biri kimi qürur və iftixar səhifəsidir. İşğaldan azad edildikdən sonra Şuşa öz əzəmətini – möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev muzeyinin açılışı, habelə oradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır.
“2022-ci ilin “Şuşa İli” elan edilməsi isə bu prosesin davamı olacaq. Azərbaycan Prezidenti 2022-ci ili “Şuşa İli” elan etməklə həm də milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir. Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtıdır. Heç şübhəsiz, sabah türk dünyasının və İslam aləminin də mədəniyyət mərkəzi olacaq. Çünki qeyd etdiyimiz kimi, bu şəhər bəşər sivilizasiyasının mədəni xəzinəsidir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi müstəsna tarixi, siyasi və mədəni hadisədir. Bu il çərçivəsində Şuşada quruculuq işləri daha geniş vüsət alacaq, şəhər bir çox tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar bizim üçün çox qürurvericidir”, – deyə Sevinc Fətəliyeva sözlərinə yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…